Məhsuldarlıqda rol oynayan amillər…

İqtisadi artım və inkişaf mövzusunda öz sözünü demiş ekonomistlərdən biri Nobel ödüllü Robert Solow-dur ki, mən də irəli sürdüyü tezislərlə daha çox razılaşıram. Neo-klasik iqtisadi artım modelini irəli sürən ekonomist uzun illər 1950-ci ildən bu sahədə müxtəlif çalışmalarıyla meydandadır. 1987-ci ildə də elə iqtisadi artım mövzusundakı çalışmalarına görə Nobel mükafatı almışdır. Solow artım modelində, ən sadə dillə desək texnolojik inkişaf diqqətə alınır və iqtisadi artım sürətinin texnolojik inkişaf sürəti və əhali artım sürətinin birlikdə toplamına bərabər olması tezisi müdafiə olunur.

Hazırda yaşayan və MTI-də çalışan 90 yaşlı iqtisadçının iqtisadi artımın bugünü və gələcəyi, habelə biznes və iqtisadiyyatın buna bağlı olaraq hansı faktorları daha çox diqqətə alması haqqında McKinsey Global İnstitutu tərəfindən açıqlanan və özü ilə aparılan müsahibədə çox maraqlı və faydalı məsələlərə toxunulmuşdur. Aşağıda qısaca bu məsələlər barədə söz açacağam.
Məhsuldarlıqda rol oynayan amillər:
1) İqtisadçının fikriylə məhsuldarlıqda rol oynayan amillərdən biri və özünün də tezisində müdafiə etdiyi kimi ölkələrin, şirkətlərin texnolojini əldə etmə istək və bacarığı, texnolojidən (texnolojik dəyişiklikdən) nə ölçüdə yararlanması amili olsa da, müxtəlif ölkələrdə eyni sektoru incələdikləri zaman məhsuldarlığın sadəcə texnoloji amildən asılı olması deyil, məhsuldarlığa və buna bağlı faktorlara idarəetmənin baxış mövqeyi, idarəetmə qərarlarının verilməsindəki peşəkarlıq səviyyəsindən daha çox asılı olduğu izlənmişdir.
2) Digər araşdırılan amil investisiya həcmi və ağırlığı olmuşdur. Burada da yüksək investisiya imkanlarının olmasına baxmayaraq eyni sektorda məhsuldarlıq artımı sadəcə investisiyaya bağlı olmadığı görülmüşdür. Məsələn Fransa avtomobil sektoru, Amerika avtomobil sektoruna müqayisəli olaraq daha çox investisiya ağırlığına sahib olsa da, iki sektordakı məhsuldarlıq investisiya ağırlığına paralel inkişaf göstərmir. Burada isə ortaya çıxan əsas amil yenə organizasiya əksikliyi ilə bərabər idarəetmə qəararlarının effektsizliyi və səhvlərdir.

3) McKinseylə birlikdə aparılan araşdırmada incələnən digər bir sahə isə xidmət sahəsində məhsuldarlıq subyekti olmuşdur. Araşdırma nəticəsində bu sektorda işgücünün 70%-nin  (Avropa və Amerika) cəmləşdiyinə baxmayaraq məhsuldarlıq digər sektorlara nisbətən gözlənilənin əksinə aşağı səviyyədə olmasıdır. Xüsusilə distribusiya və pərakəndə sektorunda məhsuldarlıq dərəcələri çox aşağı səviyyədə olduğu müşahidə edilmişdir.

Xidmət sektorunda məhsuldarlıq təyinedicilərinin və təsir göstərən faktorların nələr olduğu üzərində daha əhatəli çalışmalara ehtiyac yaranmışdır. Məsələn əvvəllər xidmət sahəsi, istehsal sahəsinə nisbətən daha az kapital tələb etdiyi fikri hakim idisə, indi bu fikir öz aktuallığını itirmək üzrədir.  Bu sektorda məhsuldarlıq amili kimi, yenə idarəetmə və qərarvermə çevikliyi ilə birlikdə texnolojinin səmərəli istifadəsi irəli sürülür. Xüsusilə pərakəndə sektorunda texnolojik yeniliklərin istifadəsi məhsuldarlıq göstəricilərinə müsbət təsir edəcəyi fikri hakimdir.

Robert Solow-un iqtisadi artım, məhsuldarlıq təyinediciləri və məhsuldarlıqda artım sürəti haqqındakı yuxarıdakı fikirlərə əsaslanaraq deyə bilərik ki, sırf ekonomik və texnolojik faktorlarla yanaşı idarəetmədə peşəkarlıq, qərarvermə bacarığı  və s kimi bəşəri idarəetmə faktorları da məhsuldarlıqda önəmli təsir subyektləridir və bu xüsusilə önümüzdəki dövrdə əsas fərqyaradıcı amil kimi davam edəcəkdir…

Alman qənaətcilliyi…amma nədə?

Almaniyadakı biznes tur çərçivəsində xüsusilə pərakəndə sektoru iştirakçılarının fəaliyyət sistemləri haqqında məlumat almaq və fərqli, üstün tərəflərini gözləmləmək imkanı əldə etmişdim.

Alman qənaətcilliyi deyə həmişə üstünə basa basa qeyd edilən bir xüsusiyyətin də əslində nədən ibarət olduğunu da müşahidə etmək, öyrənmək imkanı qazandım.
European Retail Academy prezidenti Prof. Hallierə bu imkanları yaratdığına görə təşəkkür edirəm.
Alman qənaətcilliyinin, xüsusilə pərakəndə sektor baxımından nədən ibarət olduğu barədə yazmaq istəyirəm.
İlk qeyd edəcəyim budur ki, Almanyada Discount(Endirim) bazarı çox böyükdür. Buna sübut xüsusilə son 15-20 ildə dəfələrlə böyüyən bazar həcmi, iştirakçı və açılan marketlər sayıdır.
Discount bazar Hard discount və Soft discount olaraq iki əsas yerə də ayrılmaqdadır. Hard discount pərakəndəci olaraq Aldi (Aldi Nord və Aldi Süd), Lidl ən bariz nümunələrdir. Soft discount pərakəndəçilər olaraq isə Edeka, REWE nümunə götürülə bilər.
Hər iki seqmentdə ilbəil artımlar yaşanmaqdadır. Bu faktor Almanların qənaətcilliyini göstərən önəmli bir göstəricidir…
Məntiqli və ağıllı seçim davranışı bu qənaətcilliyi atəşləyən faktorlardır.
Bəs discount bazar iştirakçıları nədə qənaət edirlər?
Satışda deyil, Satınalmada…
Xidmətin keyfiyyətində deyil, Xidmətin maliyyətində
Marketinqdə deyil, Əməliyyatda
Reklamda deyil, Merçendayzinqdə (Daha effektiv ancaq qənaətcil olması)
Keyfiyyətdə deyil, keyfiyyətli məhsulu ucuz əldə etmədə…
Bəlkə də inandırıcı gəlməyəcək… Sanki ortak sloqanları budur: “Alıcılar keyfiyyətli məhsulu ən ucuz bizdə tapmalıdır… “
İş burasındadır ki, bu yuxarıda saydıqlarım sadəcə lafda deyil, real olaraq və rəqəmlərlə göstəriləcək şəkildə ölçülən faktlardır.
Faydalı qənaətcilliyə misal üçün qida marketlərində açıq soyuduculara rast gəlmədik. Bütün soyuducu sistemlər qənaətcil enerji təchizinə malikdir və ya yenidən enerji yaratmaq şəklində donadılmışdır. Hətta məsələn Almaniya Avropa ölkəsi olduğu halda (təsəvvürümüzdə soyuq, azgünəşli ölkə) Tengelmann Klimamarkt kimi pərakəndəci Günəş bataryalarından istifadə etməklə elektrik xərcindən azad olmuşdur.
Digər bir misal adi merçendayzinq nümunəsi: Pərakəndə şəbəkələrin vitrinində 70-80% məhsullar blok və qutular halında sərgilənmişdir ki, verdikləri informasiyaya görə bu həm sərgilənmədə, həm rotasiyada vaxt, işçi qənaətinə gətirib çıxarmışdır və il ərzində bu qənaət milyon euro rəqəmiylə ölçülməkdədir.
Digər bir qənaət nümunəsi: İstifadə olunan və yararsız hala gələn karton kağızlar qurulan texniki aparat vasitəsilə doğranaraq geridönüşümə satılmaqdadır.
Digər bir nümunə… Plastik pet şüşə və kartonların geri dönüşüm aparatı bütün marketlərdə quraşdırılıb, istehlakçı təhvil verir aparata və əvəzində aldığı çek dəyərində endirim əldə edir…
Bütün bunlarla yanaşı alman pərakəndəciliyində xidmətdə, IT-dən istifadədə, outdoor və indoor reklamda, satış və marketinqdə, xidmətdə, keyfiyyətdə, alıcıların informasiya ilə təminində effektiv olması şərtiylə qənaət edilməməsi önəm verilən əsas məsələləridir.
Pərakəndəçilik mövzusunda yazılarımız davam edəcəkdir…
Mövzu ilə əlaqədar digər yazılar:
Alıcılar dəyişir bəs satıcılar…?

İctimai insiativlik və nümunəsi.

Demokratik dəyərləri, prinsipləri həmişə ya okeanın o tayında ya da qərbi Avropada axtarırıq. Ancaq nə qədər uzaq olsaq da bizimlə müəyyən dövr eyni şərtlərdə, sistemdə yaşamış, ancaq bu sistemdən yaxalarını qurtaran kimi,  digər sovet cümhuriyyətlərindən fərqli olaraq şüurda və əməldə demokratik prinsipləri mənimsəmiş baltikyanı dövlətləri heç izləmirik.

İctimai insiativlik (təşəbbüskarlıq) cəmiyyətlərin inkişafında və demokratikləşmə istiqamətində önəmli   fəaliyyət və özveridir. İctimai təşəbbüskarlığı cəmiyyətin mənafeyinə yönəlik dəyişiklik və yeniliklərə nail olmaq üçün həmin cəmiyyətin müsbət rəyini və dəstəyini qazanaraq aparılan  fəaliyyət kimi adlandıra bilərik.

Dünya futurulogiya birliyinin səhifəsində maraqlı bir məlumata rast gəldim. Cəmiyyətlərin insiativliyi haqqında olan bir yazıda bunun parlaq nümunəsi olaraq Latviya göstərilmişdir. Niyə məhz Latvia, hansı ictimai insiativlik (təşəbbüskarlıq) nəticəsində? Qısa olaraq bu haqqında yazmaq istədim.

Latviyada ictimai insiativlik (təşəbbüskarlıq) saytı fəaliyyət göstərməkdədir: http://manabalss.lv/.  İctimai insiativlik olaraq sayt hansı işi görür? Sayta 16 yaşını doldurmuş hər bir Latviya vətəndaşı qanun təklifi və dəyişikliyi haqqında təklif irəli sürə bilər. Saytda irəli sürülən təəkliflər 10000-dən artıq səs toplayarsa, bu əlaqədar qurumlarda (parlamentdə) müzakirə olunur. Bunun nəticəsində artıq iki qanun qəbul edilmişdir.

Gördüyümüz kimi, bəzi ölkələrdə sosial şəbəkələrdəki ictimai təşəbbüskarlığın, aktivliyin qarşısı alınmaq istənir,  əngəllənir və s., bəzi ölkələrdə isə bu təşəbbüskarlıq üçün lazımi imkan və şərait yaradılır. Hansı daha mütərəqqi və inkişafa yönəlikdir…?