Dəyişimin dörd otağı modeli ilə mövcud vəziyyətimiz…

yenilemeBalaca bir mövcud vəziyyət analizi eləmək istədim… Amma model olaraq bilinən mövcud vəziyyət analizi modellərindən birini yox, çox da səs salmayan amma fikrimcə faydalı olan bir modeli istifadə edərək əslində bilinən bir vəziyyəti göstərmək istəyirəm. Bu modeli cəmiyyətin bütün vahidlərində, dövlət, ekonomi idarəetməsində, biznes sahəsində, şirkət idarə etməsində və şəxsi inkişafda dərs kimi götürmək olar…

Deməli belə,  gəlin əvvəlcə niyə “dəyişim” kəliməsini istifadə etdiyimi açıqlayım… doğrusu, nədənsə dilimizdəki “dəyişiklik” sözünü uyğun görmürəm, səbəbi “dəyişiklik”-in daha çox xarici (external) faktorlara aid olduğunu, “dəyişimin” isə bu xarici faktorların təsiri ilə başlasada özündə baş verən iç yeniləməni ifadə etdiyidir… Nə isə məncə bu o qədər də önəmli deyil… 🙂

Gələk əsas məsələyə “Dəyişimin dörd otağı” modelinə görə baş verən dəyişim prosesi dörd mərhələdən ibarətdir…

yenileme

1-ci otağımız halımızdan məmnuniyyət otağıdır… Bəli, bəli düz tapdınız “AZTV” otağımız… Hər şey gözəl, bizdən xoşbəxti yoxdur… Qazandığımız pulun 4-5 qatını kredit almaqla xərcləyirik, qara qızılımız zağ olsun… “bəy yeyər, qırağından nökərə də düşər” misali hamı kefdədir… sürətlə inkişaf edirdik… (Razı deyilsiniz? – görüntü eləydi…)

Bir də gördük ki, kontrol edə bilmədiyimiz, kontrol etmək üçün gücümüz çatmadığı xarici mühitdə dəyişiklikər baş verməyə başladı… Bizi də qıdıqlamağa başlayır… amma biz sanki qəflət yuxusundayıq ya da heç vecimizə də deyil… biz varlı ölkəyik… fomdumuz var… hə keçmişik 2-ci otağımıza… Baş verən dəyişiklikləri inkar etməyə çalışırıq, onda bunda olan xarab yerləri görsədirik özümüzün isə “uğurlarımızı”… Özünüsansür başlayr… və s…

Amma dedim axı baş verən dəyişikliklər özümüzün kontrol edə bilmədiyimiz mühit faktorları olduğu üçün dəyişim sürətləndikçə və artdıqca qınımıza, 3-cü otağımıza çəkilirik… Şaşqın şaşqın baxırıq bir-birimizə… “nələr oluyor böylə… bizə nələr oluyooo” deyirmişcəsinə özümüzdə fikir ayrılıqları yaranır… Bəs belə etsəydik belə olardı, ay bunu niyə belə etmədik, ay vaxtında tədbir zad… Keçmişlə oynamağa, keçmişə fokuslanmağa başlayırıq… Halbuki day keçib eeey onu da dəyişdirəmmərik… Və beləcə güvənsizlik, etibarsızlıq, inamsızlıq, hər tərəfdə hal-i pərişanlarımız… Amma belə nə vaxtacan?

Qaldı 4-cü otağmız buna da ad verək “bəy hamamımız”… İndi bu bəy hamamına girməyə də cəsarət lazım… Girsək yenilənib, təmizlənib, yeni nəfəslə çıxacağıq… amma girəndə bəy hamamına toplu girmək lazım…yoxsa xeyri olmaz… Beləcə yeni işıqlar, yeni sıçrayışlar, yeni ümidlər doğar… Yeni imkanlar yaradıb, yeni qaynaqlar aşikar edib, yeni yollarla pərçimli halda getməliyik… Və bu bir müddət sonra birinci otağa keçməmiz üçün fürsətdir… Amma buna  “tavada biş, ağzıma düş” deməklə nail ola bilmərik, “səndən hərəkət, məndən bərəkətlə” nail olarıq…

Yenilənmə diləyi ilə…

 

Dəyişim üçün beyinlərdə dəyişim vacib… və ya bir zavodun açılmama səbəbi…

BeyniniKullananAdam Yeni ildir doğrudur, mən də keçmişə çox qayıtmağı istəməsəm də, yeni ilin ilk yazısını müsbət əhval ruhiyyədə başlatmaq istəyində olsam da…  bugünümüzün səbəblərindən biri haqqında yadıma düşmüşkən yazmaq istədim… Amma düşünürəm elə gələcəyimiz üçün də keçmişdən dərs almağın vacib  olduğunu nəzərə alsaq yerində yazıdır…

İl 1998… Türkiyədə, İstanbulda MBA oxuduğum vaxtlar pazarlama hocamın dəstəyi ilə özünün də consultant olduğu bir şirkətdə part-time işləyirdim. Şirkət qaynaq elektrodları istehsal edən və öz məhsullarını əsasən eksport edən şirkətdir. Şirkət o zamankı neft kəmərlərinin çəkiləcəyini də nəzərə alaraq Azərbaycanda qaynaq elektrodları və telləri istehsal etmək niyyətində idi… və bunun üçün real finans və müstakbel ortaqlar axtarışı və seçimi mərhələsini də keçməkdə idi… Bəhs etdiyim şirkət, Türk Eximbank və EBRD-nin də bu investisiyada bu vəya digər şəkildə iştirakı razılığını əldə etmişdi…

Bu məqsədlə o vaxt şirkət rəhbərliyi və sayın hocamla birlikdə Bakıya səfər etdik. O zaman üzdə olan bir neçə yerli şirkətlə də görüşlər keçirdikdən sonra  istehsal yeri olaraq B.Sərdarov adına maşınqayırma zavodunda olduq və bu investisya üçün yararlı olduğu qənaətinə varıldı. Sonrakı mərhələ layihəyə dəstək verən finans qurumların bu investisiya üçün politik risk olaraq dövlət zəmanəti və dəstəyinin vacibliyinin şərt olduğunu istəmişdilər… Bu istiqamətdə də görüşlər keçirildi ancaq görüşlərdən sonra heç də az olmayan müəyyən məbləğ tələb olundu!!! bu zəmanət üçün… Bax beləcə ölkədə bir istehsal sahəsi, 250-300 nəfər işlədəcək bir zavodun açılması gerçəkləşmədi…  Həmin zavodda istehsal olunacaq məhsullar illərlə idxal olundu və olunur… Zavod olsaydı bu idxal əvəz olunardı və hətta ixracı da olardı… O dövrdən vəzifədə olanlar indi də vəzifədədirlər çoxları…

Yəni dəyişim üçün ilköncə insanların və beyinlərin, məqsədlərin dəyişməsi lazım…

2015 in review

WordPress.com istatistik yardımcı maymunları bu blog için bir 2015 yıllık raporu hazırladılar.

İşte bir alıntı:

Bir New York metrosu 1.200 kişi kapasitelidir. Bu blog, 2015 içinde yaklaşık 7.400 kez görüntülendi. Eğer bu bir NYC metro treni olsaydı, bu kadar çok insanı taşımak için yaklaşık 6 tur atacaktı.

Raporun tamamını görmek için buraya tıklayın.

Öncə insan, hər zaman insan…!!!

what-is-hr-featureXoş gördük… Bu yazını oxumamışdan əvvəl çox xahiş edərdim ki, 3 il əvvəl -2012-ci ilin məhz bu günlərinə təsadüf edən günlərdə yazmış olduğum “Azərbaycan şirkətlərində HR-İnsan Resursları probleminə subyektiv?! baxış” başlıqlı yazımı oxuyasınız. Bəli əgər oxudunuzsa bu sahədə 3 il əvvələ qədər müşahidə etdiklərimi və bu sahənin inkişafı və “inkişafsızlığı” haqqında “subyektiv?!” fikirlərimi bilmiş oldunuz. İndi isə o günlərdən 3 il keçibdir. Nə dəyişib? və ya düşüncələrimdə hansı dəyişikliklər baş vermişdir istərdim bu haqqında yazım. Qeyd etdiyim yazı sosial şəbəkələrdə geniş müzakirə olunmuşdur. Və təbii ki mənimlə razılaşanlar və razılaşmayanlar, fikir müxtəlifliyi olmuşdur. Ancaq ümumilikdə qeyd etdiyim problemlərin məhz “subyektiv” deyil, real problemlər olduğunu dilə gətirənlər daha çox idi. Həmişə çalışmışam pozitivliyi itirməyim və yazılarım insanları əl-qollarını yana sallayıb “heç nə mümkün deyildir”, “heç nə düzəlməz” kimi fikirlərindən bir balaca da olsa uzaqlaşdırsın. Məhz o yazıda da bu sahədə müəyyən işartıların olduğunu qeyd etmişdim. Bu yazını da yazmaqda səbəb məhz həmin işartıların reallaşması istiqamətində bu sahənin inkişafına imza atan və atmaq istəyən dostlarımızın çalışmalarıdır.

Bəli çox sevindirici haldır ki, içində yer aldığım Marketinq sahəsində arxa-arxaya keçirilən Milli Marketinq Forumundan sonra artıq bu il İnsan Resursları istiqamətində də belə forumların keçirilməsi təşəbbüsü ilə çıxış edən və reallaşmasına çalışan insanlar, qruplar meydana çıxmışdır. Öncə insan, hər zaman insan…!!! Hər hansı bir sahənin inkişafında onu əhatə edən insanların məsləki solidarizmi böyük rol oynayır. Bu barədə daha geniş olaraq “Məslək-i solidarizm… ” adlı yazımda oxuya bilərsiniz. Həmin yazıda da Durkheim ve Ziya Gökalpın da qeyd etdikləri kimi cəmiyyətin inkişafı sinfi təbəqələşmə ilə deyil, məsləki təbəqələşmə, məsləki solidarizmlə, məsləki birliklə mümkündür. İnsan resursları sahəsində məsləki birlik, məsləki solidarizm qığılcımlarını görmək sevindirir. Çünki ən dəyərli varlıq olan “İnsan” və biznes dünyasında ona verilən dəyər  və ya dəyərin formalaşması buradan keçir… Çox maraqlıdır ki, bu il bu sahədə bir deyil iki forumun keçirilməsi planlaşdırılır. Bu forumları keçirmək istəyən hər iki qrupdan bu sahənin ağrı və acılarını yaşayan və  həqiqətən illərdir bu sahə ilə iç içə olan tanıdıqlarım vardır. Adların hamısını qeyd edə bilməyəcəm. Noyabrda keçiriləcək İnsan Resursları Forumu Bakı 2015 təşəbbüskarları və təşkilatçılarından dostlarım Tural Məmmədov , Zaur Məmmədov, Elgül xanım Hacıyevanı və eləcə də Nilufər xanım Məsimovanı və Fidan xanım Abdullayevanı təqdir edir və Forumun keçirilməsində uğurlar arzulayıram! Dekabrda keçiriləcək Milli İnsan Resursları Forumu 2015 təşəbbüskarları və təşkilatçılarından olan dostlarım Cabir Süleymanlı və Murad Maliki də bu təşəbbüskarlığa görə təqdir edir onalara da faydalı Forum keçirmələrində uğurlar diləyirəm! Bəli artıq işartılar müəyyən dərəcədə işığını artırmaya başlayıb və bu sahədə kəmiyyətcə çox sayda təlimlərin keçirilməsini də qeyd etmək mümkündür… Keyfiyyətin də  kəmiyyətlə bərabər getdikcə artacağı sözsüzdür və bunu arzulayıram.

Beləliklə şirkətlərimizdə “Öncə insan, hər zaman insan…” məfkurəsinin yayılması istiqamətində atılan bütün fəaliyyətləri yüksək qiymətləndirir və dəstəkləyirəm!

Hər iki Foruma – təşkilatçı və iştirakçılarına uğurlar diləyirəm!

Ali təhsildəki problemlərin bir neçəsi…

Artıq 6 ildir ki ölacademic freedomkəmizin aparıcı universitetlərində birində dərs verməkdəyəm. İlk illərdə bakalavr pilləsində dərs götürmüşdüm. Daha sonra gün içi dərslərin daimi işimə çox mane olmasın deyə bakalavr pilləsində dərs götürmədim. Magistr və MBA kurslarında dərs verməyə başladım. Həm də bu pillədə tədris keçən müəllim heyətində PhD dərəcəsinin olmasının bu sahədəki icra orqanının tələblərindən biri kimi qarşılıqlı olaraq faydalı olmaqdadır.

Təbii ki hazırda işlədiyim qurumdan öncə bir semestr adını qeyd etmək istəmədiyim başqa bir təhsil qurumumuzda “Türkiyə İqtisadiyyatı” dərsini tədris etmişdim və bu dərs aşağı kursun dərsi olmasına baxmayaraq bu dərsdən buraxılış imtahanı suallarını məndən istəndiyində can-i könüldən hazırlayıb vermişdim. Bu tədris qurumundan ayrılmama səbən növbəti semestr üçün mənə “Türkiyə Coğrafiyası” dərsini yazmaları olmuşdur ki… mən idarəetmə və iqtisadiyyat ixtisaslarına sahib biri kimi coğrafiyadan dərs keçməyimi dərs alan tələbələrə zərərli olduğunu söylədim və buna görə bu tədris ocağından ayrıldım. Hətta 1 semestrə düşən kiçik məbləği belə götürmədim.

Bu illər içində başqa bir tədris ocağından təklif gəldi və razılaşaraq 1 il orada “Dünya İqtisadiyyatı” və “Beynəlxalq iqtisadiyyat” dərslərini tədris etmişəm.  Bir il əvvəl çox hörmətli bir müəllim dostumun məsləhəti və dəvəti ilə başqa bir özəl üniversitetdən də dərs demək  təklifi almışdım, hətta 1 həftə dərsə də başlamışdım. Ancaq bu qurumun təhsilə və tədrisə münasibəti və indi bəhs edəcəyim mənim üçün mənasız bəzi tələbləri xoşuma gəlmədi və davam etməmək qərarını verdim.

Bu yazını yazmaqda əsas məqsədim ali təhsil sahəsində icra orqanının universitətlərin və ya ümumiyyətlə ali təhsildəki akademik azadlıq prinsipinin arxa planda tutulması və bu prinsipə zidd olan mənasız tələbləri irəli sürməsidir. Öncə akademik azadlıq nə olduğunu paylaşaq…

Akademik azadlıq:

Bir akademik sistemdə, mühitdə yer alan şəxslərin fərdi və ya ümumi səylə bir bilgini, informasiyanı, elmi araşdırma, analiz, müzakirə, sənədləşdirmə, fikir ideya ortaya qoyma, yaradıcılıq, öyrətmək, izah etmək və yazmaq yoluyla əldə etdiklərində, təkmilləşdirmə işlərində və gənc nəslə ötürmə fəaliyyətlərindəki azadlıqlarıdır.

Bəli bu azadlıqlar əngəllənməməlidir. Akademik həyatda əngəllər inkişafın qarşısını alan faktorlardır.

Bu anlamsız manelərdən biri nədir? Tədris olunan dərsə aid Syllabuslar tələb edilir. Ancaq əgər bir tədris ocağında eyni dərsi fərqli iki müəllim tədris etməsinə baxmayaraq Syllabuslarin bənzər və eyni olması tələb edilir. Bu akademik azadlığa tərs olan bir anlayışdır. Hər bir akademik ünvana sahib olan müəllimin tədris proqramı və ya tədris edəcəyi mövzular fərqli ola bilər və hatta olmalıdır. Mən iş həyatı ilə əlaqədar olduğum üçün daha çox iş həyatı ilə əlaqədar mövzulara üstünlük verirəm, daha çox araşdırma tələb edən və daha güncəl mövzuları əhatə etməyə çalışıram. Ancaq tələb 2 və ya 3 müəllimin hazırladığı syllabuslar eyni olmalıdır. Bu  yuxarıda qeyd elədiyim akademik azadlıq prinsipinə ziddir.

Başqa mənasız bir tələb universitetlərin müəyyən şəxslərin kitablarını qaynaq kimi mütləq istifadə tələbi irəli sürməsi və hətta imtahan suallarının həmin kitablar əsasında hazırlanamsı tələbidir. Elə yuxarıda qeyd etdiyim universitetlərin birindən ayrılma səbəblərindən biri də bu idi. Bu da akademik azadlıq prinsipinə ziddir. Bütün bunların səbəbi, təbii ki təhsil-tədris sisteminin düzgün qurulmadığı və inkişaf istiqamətli olmamasıdır.

Akademik həyatda əngəllər inkişafın qarşısını alan faktorlardır.

“Sayılan yerdə olmalısan…”

positive_thougthsBu yazının səbəbkarı Fidan İlham xanımdır… Elə isə səbəbkarın istəyi ilə hansı yazısına cavab yazdığımı bilmək üçün buyuraq oxuyaq:  “20-li yaşlarda edilməli 14 şey “

Salam Fidan xanım. Gec də olsa yəqin ki cavab yazmamaqdan daha yaxşıdır… “Sayılan yerdə olmalısan”!

1. Qismən razıyam… Belə ki erkən yaşlardan (bu 18-dən etibarən) işləmək öz ayağı üstündə durmağın “dadını çıxarmaq”dır… Daha kiçik yaşların öz tələbləri var… O yaşdakılar himayədələr və sadəcə bunun 18 yaşına qədər davam edə biləcəyini qəbul etməlidirlər… Bunu izah etmək olar… Keçmişi yaşamısınız, geri gəlməyəcəyi kimi qəbul edib bunu başqasına yaşatmamaq da lazım. bu sizin həyatınız olub… öz istədiyiniz həyatı uşaqlarınıza yaşatmağa çalışmayın… Hər insan özəldir…

2. Bəli! Amma səyahət etdiyin yerlərin, gördüklərinin, rastladıqlarının fərqində olmaqla, yaşamaqla! bu bəndin şiddət dərəcəsi çox yüksəkdir, mənim üçün də…

3.Şərtlər və şanslar insan həyatına hakimdirsə burda riskdən və azadlıqdan söz etmək əbəsdir… İnsanların şərtlər üzərində hakim olması, şərtləri yaratması və buna görə riskə getməsi onu o edən addımdır. Şərtlərin içində boğulmayıb ona yuxarıdan baxarsaq, edilən risklərin səhv nəticəsindən tez qurtulub başqa bir yola addım qoya bilərik… Çünki bir başqa addımda başqa şərtlər ola bilər…

4. Cəsur olmaq, qəhramanlıq etmək gözəldir… ancaq davamlılığı olarsa… “Qəhrəmanlar” bir anda parlayıb yerində sayanlardır… Parlayıb və bu parlaqlığı artırmaq, bunu daimi qılmaq isə onları liderə çevirər…

5. Burada da yenə insanın özünün və etdiklərinin fərqində olmağı məsləhət görərdim… Bunun fərqinə vararsa yaxşı vərdişlərə doğru yol alacaqdır… Eşitmisiz “tüməvarım” və “tümdən varım”… Vərdişlər sizi əks etdirir və “tüməvarım”a çıxaran yollardır…Kamilləşmə sürəcində diqqətə alınacaq şeylərdir…

6. Bununla da qismən razıyam… Böyük şirkət atmosferinin qazandıracağı şeylər var təbii ki, müəyyən fürsətləri dəyərləndirilə bilər… Amma öyrədən daha çox “kiçiyi böyütməkdir…”

7. ÖYRƏNMƏK – davamlı və məqsədli… Yolu bilmədiyini bilməməkdən başlayıb, bildiyini bilməməyin və bilmədiyini bilməyin fərqində olmaq və bildiyini bilməklə və təkmilləşdirməklə davam edər!

8. “Give and Take”… “Sevgi və Bilgi” paylaşdıqca artan iki dəyər…

9. Sahiblik duyğusu məsuliyyət və bağlılıq yaradır… Bu baxımdan bəli… Amma sahib olduqlarına bağlı qalmaq bizi və onları müsbət yöndə dəyişməyə mane olmamalı…

10. Hobbin olsun amma səni anlatsın…

11. Etiraf: əksiyim və istəyim! Təəssüfki sadəcə istəkdə qalır! Amma dərd eləməyə də dəyməz… Əvəzedicilərini yarada bilərik…

12. Rəqslərə münasibətim müsbətdir… Görənlər təsdiq edər!:)

13. Pul qazanmaq müəyyən dövr üçün məqsəd…ondan sonra isə vasitədir… Əvvəl insan vaxtını, sağlamlığını pul qazanmaq üçün xərcləyir… daha sonra pulunu bunlar üçün… Zəngin olduqdan sonra biznes klasda uçmaq insana vaxtdan səmərəli istifadə təmin edirsə… pulu bunun üçün xərcləməyə dəyər… İşlərin deleqasiya edilməsi… və s. Ona görə daimi məqsəddən çıxır…

14. Özün olmaq üçün öz potansialını görmək, fərqində olmaq və istifadə etmək…lazım… Potansial enerjini kinetik enerjiyə çevirmək lazım… Potansial sabitlikdir…əlavə dəyər hərəkətlə qazanılar… Vicdan prinsipi ilə öz yolunu tutmaq, özün olmaq lazımdır… 8-ci maddəyi untmamaqla…

Uğurlar diləyi ilə..

2015-2016-cı il üçün Qlobal Rəqabətqabiliyyətlilik sıralamasında yerimiz və təsir edən əsas faktorlar

imagesTəqribən 1 il əvvəl bloqumuzda  Dünya İqtisadi Forumu (World Economic Forum) tərəfindən yayınlanmış Qlobal Rəqabətqabiliyyətlilik indeksi, sıralaması və bu sıralamada ölkəmizin yerini bir əvvəlki ilin hesabatı ilə müqayisə edərək geniş şəkildə yazmışdım. Keçiddən istifadə edərək baxa bilərsiniz. Dünya İqtisadi Forumu 2015-2016-cı il üçün ölkələrin yeni Qlobal Rəqabətqabiliyyətlilik hesabatını yayınlamışdır. Bu yazımda hesabatın xarakteristikasına və hansı əsaslarla hazırlandığını yazmaq istəmirəm. Çünki yuxarıda bəhs etdiyim keçən ilki yazımda bu barədə ətraflı yazmışdım. Qısa və öz olsun deyə bu yazımda bir neçə önəmli gördüyüm faktorların üzərində maddələrlə dayanmaq istəyirəm.

  1. Ölkəmiz Rəqabətqabiliyyətlilik sıralamasında keçən ildə mövqeləndiyi 38-ci pillədən 40-cı pilləyə geriləmişdir. 2 pillə geriləməyə baxmayaraq 140 ölkə arasında dəyərləndirildiyi  üçün məncə  uğurlu mövqedir. Əlavə etməyə gərək duyuram ki bir sıra inkişaf etmiş və ya qonşu ölkələr daha geri sıralardadırlar… Misal üçün Rusiya 45, İtaliya , Bolqarıstan 54, Türkiyə 51, Gürcüstan 66, Ukrayna 79, Ermənistan 82… və s.
  2. Köhnə sovetlər ölkələrindən bizdən öndə ancaq Estonia-30 və Litva-36 yer alıbdır.
  3. Sıralama ölkələrin müxtəlif rəqabətqabiliyyətlilik faktorlarına görə topladığı və 1-ilə 7 arasında dəyərləndirilən xallara görə aparılır. 40-cı sarada olan ölkəmizin xalı 4.50-dir. İlk sıralarda yer alan  İsveçrə, Sinqapur, ABŞ, Almaniya, Hollandiya, Yaponiya kimi ölkələrin xalları 5.50-5.76-dır… Bu müsbət təsbitlərdən sonra keçək reallıqların yer aldığı digər təsbitlərə…
  4. Ölkəmiz 2 pillə geriləmiş, bizi təqib edən yaxın qonşumuz Qazaxstan təqribən bizimlə eyni xala malik olmaqla 50-ci sıradan 42-ci sıraya yüksəlmişdir. Eyni şəkildə Rusiya, Gürcüstanda da irəliləmə qeydə alınmışdır.
  5. Ölkəmizin rəqabətqabiliyyətlilik göstəricisinin yüksək olmasına təsir edən ən böyük faktor makroiqtisadi mühitdir… ki bu ildən sonra əgər böhranlı vəziyyətdə bu faktor baxımından geriləmə yaşasaq sıralamada mövqeyimizi itirə bilərik. Hazırda sadəcə bu faktora görə 10-cu sıradayıq. Amma digər əsas-basic faktorlar olan institutlaşma 64, infrastruktur-65, Sağlıq və ilk təhsilin keyfiyyəti yönündən 102-ci sıradayıq. Bu qrupda makroiqtisadi mühit amili bizi yuxarıya çəkməkdədir.
  6. Digər faktorlara görə isə sıralama belədir:
    Global Competitiveness Index
    GCI 2015–2016… 40 sıra  ….. 4.5xal
    GCI 2014–2015 (out of 144) 38 sıra……4.5xal
    GCI 2013–2014 (out of 148).. 39 ……4.5
    GCI 2012–2013 (out of 144)… 46 ……4.4
    Basic requirements (55.9%)43 ……4.9
    1st pillar: Institutions. 64 ……3.9
    2nd pillar: Infrastructure. 65 ……4.1
    3rd pillar: Macroeconomic environment. 10 ……6.4
    4th pillar: Health and primary education 102 ……5.2
    Effektivlik artırıcı faktorlar -Efficiency enhancers (38.1%).69 ……4.0
    5th pillar: Higher education and training 89 ……3.9
    6th pillar: Goods market efficiency. 66 ……4.3
    7th pillar: Labor market efficiency. 30 ……4.6
    8th pillar: Financial market development. 114 ……3.3
    9th pillar: Technological readiness. 57 ……4.3
    10th pillar: Market size. 67 ……3.9
    İnnovasiya və Biznes inkişaf faktorları :
    Innovation and sophistication factors (6.0%).66 3.6
    11th pillar: Business sophistication.73 ……3.9
    12th pillar: Innovation 61 ……3.3
  7.  Gördüyünüz kimi 3 ana qrup və 12 alt subfaktorların çoxunda sıralamamız çox da yüksək deyil. Bu subfaktorların özləri də çox sayda faktorlardan ibarətdir ki mən bu yazıda çox önəmli gördüyüm bəzi faktorlardan və bu faktorlar baxımından mövqeyimizi göstərmək istəyirəm.
  8. Mənim üçün inkişafa və rəqabətqabiliyyətliliyə təsir edən faktorlar bunlardır: Şəffaflıq (Korrupsiya və rüşvətin olmaması və ya azaldılması), Təhsilin keyfiyyəti, Antimonopoliya siyasəti və effektivliyi,  Rəqabət mühiti, Elm və Tədqiqat və Təkmilləşdirmə faktoru (Universitet və sənaye əməkdaşlığı), Elmi araşdırma institutlarının keyfiyyəti kimi faktorlardır ki təəsüf ki bu faktorlar üzrə ölkəmiz heç də ürəkaçan göstəricilərə malik deyil. Belə ki… Korrupsiya biznesin inkişafına təsir göstərən ən birinci mənfi faktor kimi göstərilir.
  •  Antikorrupsiya siyasətinin effektivliyi göstəricisinə görə yerimiz 113-cü sıra,
  • Rəqabət (lokal) mühiti və intensivliyi üzrə 120-ci,
  • Elmi araşdırma institutlarının keyfiyyəti üzrə 89-cu sırada,
  • Tədqiqat və Təkmilləşmə istiqamətli (R&D) Universitet və Sənaye əməkdaşlığına görə 103-cü sıra,
  • Təhsil sisteminin keyfiyyətinə görə 107-ci,
  • İbtidai təhsilin keyfiyyəti üzrə 106-cı sırada,
  • Menecment məktəblərinin(varmı ki?) keyfiyyətinə görə 120-ci sıradayıq.

Bu mənim inkişaf istiqamətində vacib saydığım faktorlardan ən əsaslarıdır. Təbii ki digər önəmli faktorlar da vardır… Ancaq sadəcə bir faktor üzrə yüksək pillədə mövqelənməyimiz ölkə iqtisadiyyatının məlum bir faktora görə şəkillənməsinə bənzəməkdədir ki… bu faktor öz effektini itirdiyi zaman geriləmə yaşamağımız labüddür… Ona görə də digər və daha önəmli faktorlar üzrə ilbəil irəliləmə qeyd etməyimiz şərtdir!!! Bunu görməmiz və yaşamağımız diləyi ilə…

“Startup”lar və Çıxış nöqtəsi : Texnologiya yoxsa problem?

indexƏvvəlcə ondan başlayım ki, hər cür faydalı yenilikləri alqışlayır, kəmiyyət və keyfiyyətcə artmasının tərəfdarıyam. O cümlədən də “startup” sahəsində atılan hər addımı dəstəkləyirəm. Sadəcə günümüzün və gələcəyimizin qeyri-müəyyənlik və iqtisadi çətinlik içində daha çox cərəyan etməsini nəzərə alaraq bütün sahələrdə görülən və görüləcək fəaliyyətlərin bu qeyri-müəyyənlik burulğanından sıyrılmalarını və iqtisadi çətinlikdə real nəticələrlə çəkiclərini vurmalarının daha doğru olacağını düşünürəm. Bu sahədə indi və gələcəkdə günişığına çıxacaq hər bir işi və sahibini alqışlayır və uğurlar diləyirəm.

Bu sahə ilə əlaqədar faydalı olacağı ümidiylə bəzi fikirlərimi qısaca bölüşmək istəyirəm. Belə ki Satartup-ların yaradılmasına iki yanaşma ilə baxmaq olar: Birinci yanaşma Texnologiyadan problemə, ikinci yanaşma isə Problemdən texnologiyaya… Startup-ların yaranmasında yeni texnologiyaların istifadəsi ilə mövcud və ya gözlənilən problemlərin həll edilməsi məsələsi əsas prioritetlərdən biridir. Məhz bu səbəbdən bu iki yanaşmanın hər ikisi tərcih  edilə bilər.  Bizdə daha çox birinci yanaşmanın (nə qədər səmərəli və faydalı olması başqa) ağırlığının olduğunu görürəm.  Ancaq yuxarıda da qeyd etdiyim kimi günümüz şərtləri qeyri-müəyyənlik burulğanı və iqtisadi çətinliklər içində cərəyan edir və bu şərtlərdə ünvanı hara olur olsun real nəticəyönümlü çözümlərlə çıxış etmək vacibdir… Yuxarıda qeyd etdiyim yanaşmalardan  birincisi  öncə hər hansı bir texnolojik yenilik, məhsulun ortaya çıxışını və daha sonra tədbiq sahəsinin arayışını əhatə edir. İkincisi isə öncə hər hansı sahədə nə kimi cari və gələcək problemlərin olduğunu araşdırıb öyrənərək bu istiqamətdə çözüm təklifləriylə çıxış etməyi, problemlərin həllinə yardımcı ola biləcək “texnologiya”ların, məhsulların, proses və proektlərin arayışı və ortaya çıxarılmasını əhatə edir.

Fikrimcə ikinci yanaşma daha real nəticəyönümlü olmasıyla birlikdə daha asan  stimullaşdırıcı maliyyə resursu da cəlb edə bilər. Ən əhəmiyyətlisi isə qurulan startuplar yerli biznesin mövcud və gələcəkyönlü problemlərinin həlli istiqamətində həcmindən asılı olmayaraq real dəyişimlər keçirməsində  bir paya sahib olarlar. Bu yanaşmada Problemlərin hansı faktorlarla ələ alınıb necə incələnəcəyi də əsas məsələlərdən biridir. Eyni zamanda  biznes dünyası ilə startup ideya müəlliflərinin bu istiqamətdə əməkdaşlıq fürsətlərinin necə təşkil olunması və hansı proseslərdən keçməsi də bir digər vacib məsələdən biridir. Bu istiqamətdə yaradılan müxtəlif texnoparkların işi təqdirəlayiq olsa da daha da aktivləşməsinə və məqsədli fəaliyyətlərinə ehtiyac görürəm. Ümumiyyətlə bu mövzuda iş dünyası və yenilikçilərin bir arada olduğu kiçik  bir seminar keçirmək məqsədimi də bildirmək istəyirəm… Nə deyirsiniz? Ehtiyac varmı?

Uğurlar diləyi ilə…

“Heç olmasa”… İqtisadi düşüncələr…-3

downloadQaldıq “HEÇ OLMASA”nın əlində…

Ölkədə bu il fevral ayında yaşanan devalvasiyadan 4 gün əvvəl aşağıdakı yazını yazmışdım bloqumda…

“Yarıaçıq və ya yarı bağlı iqtisadiyyat ola bilməz… Ya həp, ya heç…”

“Real sektoru güclü olmayan ölkələr öz ölkəsinin olmasa da (öz ölkəsində önəmli bir inkişaf səviyyəsində olmasa da) digər ölkə, ölkələr toplusu və ya beynəlxalq mali sektordan mütləq surətdə təsirlənəcəkdir…

Sənayedə- real sektorda diversifikasiya olmalıdır… ya həp, ya heç… Birtərəfli, təksektorlu, təkbölgəli iqtisadi inkişaf yoxdur… ya həp, ya heç…

1960-70-ci illərin İdxal əvəzləyici sənayeləşmə strategiyası iqtisadi inkişafa tam deyil, yarımçıq və keçici dəstək olur… İdxal əvəzləyici sənayeləşmə kiçik ölkələr üçün səciyyəvi və təsirli deyil… ya həp, ya heç…

İxracyönümlü məhsulların istehsalı münbit xammal qaynağı tələb edir… Qeyri neft sektorlarının xammal qaynağının nə qədəri iç piyasadan təmin olunur ki…? Bu nəyi tələb edir idxalda- gömrükdə şəffaflaşmanı… ya həp, ya heç…

İxracyönümlü sənayeləşmə strategiyası ixrac prosedurlarından tutmuş, xarici bazar araşdırması, xarici dil bilgisindən tutmuş internetdən bu istiqamətdə maksimum istifadə bacarığına qədər, xarici ölkə sərgilərində iştiraka dövlət təşviqi və dəstəyindən tutmuş, bu sərgilərdə iştirak etmək istəyi, təşəbbüsü və buna hazırlıq səviyyəsinədək, keyfiyyətdən tutmuş paketləməyə, beynəlxalq sertfikatlaşmadan tutmuş brendləşməyə qədər, encoterms bilgilərindən tutmuş akreditif əməliyyatlarına qədər, regional və sektorial istehsal və ixrac assosasiyaların yaradılmasından tutmuş onların real fəaliyyətinə qədər və s. və s. tələb edir… YA HƏP, YA HEÇ…

Ölkə valyutasının digər xüsusilə ixrac qarşılığı ödəmə valyutalarına qarşı dəyər itirməsi ixraca müsbət təsir göstərir … nə vaxt? İxrac ediləcək rəqabətqabiliyyətli məhsullar olanda… Yoxsa,qeyri-neft məhsullarının ixracda payı təkrəqəmli isə hansı müsbət təsir göstərəcək…? Ya həp, ya heç…

Çox qazanan çox vergi ödəməlidir…Dünyada aktual iqtisadi mövzu olan Ədalətsiz gəlir dağılımı və buna qarşı tədbiqi iləri sürülən artan nisbətli vergi siyasəti olmalıdır… Amma gəlirlər şəffaf göstərilirsə  faydası olacaq… Yoxsa çifayda… Ya həp, ya heç…”

 Bu yazıdan biraz sonra aprel ayının əvvəlində isə bu sərlövhədə bunları yazmışdım:

İqtisadi artım olmazsa…İqtisadi düşüncələr…2

İqtisadi artımın iki əsas qaynağı var: 1) Məhsuldarlıq (Əməyin məhsuldarlığının) artımı, 2) İş yerləri sayının artımı…

İkincidən başlayaq… İş yerlərini yaradan dövlət və özəl sektor subyektləridir… İqtisadi çalxantılar və  krizlər vaxtı dövlət sektoru strukturlarının genişlənmək deyil, daralmaq siyasəti  tamamilə normaldır. Buna görə də bu istiqamətdə hər hansı artımdan danışmaq əbəsdir… Əlavə olaraq qeyd etdiyimiz daralma istiqamətində bu sektorda ixtisarlar labüddür…

Özəl sektora isə böyük şirkətlər və kiçik şirkətlər və start-uplar, yeni təşəbbüslər olaraq ikiyə ayırmaq lazımdır. İqtisadi qeyr-müəyyənlik və kriz vaxtı böyük şirkətlərin də yeni iş yerləri açmağı, işçi almağı azalmaqdadır və hətta ixtisarlara gedilməkdədir. Şəffaf, antimonopol və kiçik biznes təşəbbüskarlığını təşviq və dəstək siyasəti ilə bu dönəmlərdə yeni iş yerlərinin açılması məhz daha çox bu subyektlər tərəfindən reallaşdırılmaqdadır. Yeni iş yerlərinin yaradılmasında məhz kiçik təşəbbüskarların, müxtəlif sektorda start-upların  keyfiyyət prinsipi də gözardı edilmədən kəmiyyəti ən önəmli faktor olaraq qarşıya çıxır. Bu istiqamətdə sistemli və effektiv tədbirlər planı reallaşdırılmalıdır.

İqtisadi artımın birinci qaynağına təsir edən faktorlar isə daxili və xarici faktorlar olaraq ikiyə ayırmaqla yanaşmaq lazımdır. Daxili faktorlar idarəetmə professionallığından tutmuş, personal və performans dəyərləndirməsi, motivasiya və nəticəyönlü karyera planlama sistemi və s. daxildir. Xarici faktor olaraq isə sürətli texnolojik yeniliklərdən nə qədər təsirlənməsi və ən əsası bundan nə qədər məqsədyönlü, nəticəyönlü istifadə məsələsidir.  Əlavə dəyər yaratma yollarından istifadə məhsuldarlığın artırılması istiqamətində digər önəmli yoldur…

Yuxarıdakı sadalananlarla əlaqədar tədbirlər görülməsə və kütləvi  ixtisarlar nəticəsində iqtisadi durğunluq (stagflation) özünü biruzə verməlidir…”

İndi isə təəssüflə, yuxarıda sadaladıqlarım barədə real hansısa tədbir(lər)in görülmədiyini qeyd etmək istəyirəm… və bu yazını ürəklə yazmasam da “Heç olmasa…” başlığı ilə yazmağa qərar verdim… Belə görünür ki… Hazırda “iqtisadi fəaliyyətlər”, “biznes” və “kapital”ın  cəmləşdiyi əl və mərkəzlərdən kənara çıxmayacağını, yəni yuxarıda yazılanların qaynağı olacaq azad rəqabətin olmayacağını nəzərə alsaq, HEÇ OLMASA bu dairələrin məqsədyönlü istiqamətləndirilməsi, güclü mərkəzi nəzarətlə rəqabətqabiliyyətli sektor və məhsulların istehsalı və ixracını prioritetləndirərək mövcud kapitalı, biznesi dəyərləndirmək, əlavə dəyər yaradacaq sektorlarda fəaliyyətinin tələb edilməsi və nəzarəti, sözdə və statistika deyil, əməldə və realda qeyri-neft sektoru açılımının başladılması vacibdir… Təbii ki başqa iqtisadi tədbirlər də görülə bilər… Məsələn…, Şərt qoyaraq istehsal və istehsal sonrası hazır məhsul kimi ixrac məqsədilə idxal olunan xammal və aramalların gömrük şəffaflandırılması və güzəştlər…. Yəni ki qaynaq kimdəysə onlarda olan qaynaqlar dəyərsiz fəaliyyətlərdən: işlədilməyən fabrik və zavodlardan, rantçı fəaliyyətlərdən, səmərəsiz və qeyri-məhsuldar bizneslərdən uzaqlaşdırıb HEÇ OLMASA qeyd edilən istiqamətlərə yönləndirilməsi lazımdır… Başqa çarə görmürəm…

Eşidilməm diləyi ilə….

AŞKAR MÜQAYISƏLI ÜSTÜNLÜKLƏR (AMÜ) İNDEKSINƏ GÖRƏ AZƏRBAYCANIN KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ ANALIZI

imagesBu yazını doktorantura tezisimdən götürərək yayınlayıram… Oxuduğunuzda görəcəksiniz ki hələ 2004-2005-də kənd təsərrüfatı sahəsində aşkar müqayisəli üstünlüyə malik məhsullar vardı… Ancaq illər getdikçə bu üstünlüklər azalmağa doğru getməyə başladı… Son statistikalarda bu özünü göstərir… Demək ki vaxtında effektiv tədbirlərlə aşkar müqayisəli üstünlüyə malik məhsulların istehsalı və ixracının inkişaf etdirilməsi yönündə tədbirlər görülməli idi… 

Ölkələrin müəyyən iqtisadi sektora aid olan məhsullarının beynəlxalq miqyasda rəqabət gücü ən əhəmiyyətli üstünlüklərdən biri hesab edilir. Beynəlxalq rəqabət gücünün  hesablanmasının ənənəvi üsullarından biri Macar ekonomist Bela Balassanın (1928-1991) aşkar Müqayisəli Üstünlüklər (AMÜ) (Revealed Comperative Advantage-RCA) indeksidir. Eyni zamanda bu indeks bir ölkənin bir malın istehsalı və ixracındakı ixtisaslaşmayı ölçən bir indeks olaraq da qəbul edilir. Bu indeks Bela Balassanın adı ilə ifadə edilərək Balassa İndeksi kimi də adlandırılmaqdadır.  Müqayisəli ixrac performansını ölçmək üçün istifadə olunan Balassa indeksini (AMÜ) aşağıdakı şəkildə ifadə edilir[1]:Davamını oxu »