İqtisadi kriz növləri və ya əlamətləri……

economic-crisis-istockBilənlər əlbət bilir, bilməyənlər üçün içində bulunduğumuz gedişatların fərqində olmamız üçün bu bloq yazımda çox qısa olaraq iqtisadi kriz növləri və ya əlamətlərindən qısaca bəhs etmək istəyirəm:

İnflyasiya (Inflation): Bu hamının bildiyi kimi, qiymətlər səviyyəsinin daim yüksəlməsi deməkdir… Bir dəfəlik artımlar inflyasiyaya aid edilmir, davamlı olarsa artıq inflyasiyaya aid edilir. Eyni zamanda bir və ya bir neçə malın da qiymət artımı inflyasiya deyil… Ümumi istehlak mallarının qiymət artımı inflyasiya sayılır…  İki cür meydana çıxır: Tələb və Maliyyət inflyasiyası. Tələb inflyasiyası yüksək tələbin mövcudluğu və daim artması halında təklifin bu tələbi qarşılya bilməməsi durumunda ortaya çıxır. Maliyyət inflyasiyası isə, istehsal olunacaq malların xammal və istehsal üçün lazımi digər mal və materialların qiymətlərindəki davamlı yüksəlmə ilə yaranır. İnflyasiya ilə mübarizə haqqında yazmıram çünki məncə aşağıda olandan daha çox bilinən bir mövzudur…

Deflasiya (Deflation) : Deflasiya qiymətlər ümumi səviyyəsinin geriləməsi, düşməsidir. İnflyasiyada olduğu kimi burada da bir və ya bir neçə məhsulun qiymətindəki düşmə deyil, ümumi olaraq qiymətlərdəki düşmə önəmlidir. Eyni zamanda bu düşmə sadəcə 1 dəfə deyil, davamlı düşmə göstərməsidir. Əslində ilk baxışdan müsbət təsəvvür yaratsa da bu əlamət inflyasiyadan daha təhlükəlidir. Belə ki, qiymətlərin daimi düşməsi istahsal vahidlərinin fəaliyyətlərinə mənfi təsir edir, istahsaldan çəkindirir, istahsal azaldığı zaman isə ölkədə ÜDM azalma göstərir, şirkətlər qazanmadığı təqdirdə ixtisarlar da başlayır…  Eyni zamanda qiymətlərdəki davamlı düşmə pulun-milli valyutanın satınalma dəyərini artırır. Effektiv istehsal politikaları olmadığı təqdirdə ekonomini canlandırmaq üçün sadəcə istehlakçı kreditləri ilə tələbin artırılması isə daha çox istehlak cəmiyyətinin ortaya çıxmasına səbəb olur.  İstehlakın isə yerli istehsalın yetərli olmadığını nəzərə alsaq daha çox idxal ilə qarşılanması durumlarını ortaya çıxarır. Real ekonomik dəyərlər yaradılmır… Yəqin ki bu durum hər kəsə tanış gəlir…

Resessiya (Recession): Resessiya ekonominin kiçilməsi əlamətidir. Ekonominin artımı və azalması ÜDM ilə ölçüldüyü üçün real vəziyyət ÜDM-nin azalması ilə izah olunur. 2013-cü ildə ÜDM-də artım 5.8%, 2014-cü ildə 2.8% olduğu, 2015-ci il isə ÜDM-dəki artımın art1q 1% olduğu yəni gerilədiyi söylənir.  Resessiya əlaməti bir maliyyə ilində iki rübün nəticələrində geriləmə olması ilə təyin edilir.  Bu qısa dönəmi əhatə edir, və ədatən “V” ilə göstərilir… Qısa dönəmli azalış və artımlar sirkulyasiyası isə “W” ilə nişanələnir…  Ancaq artıq gördüyünüz kimi 2013-dən indiyəcən ÜDM artımındakı azalışlar uzunmüddətli resessiya içində olduğumuzun göstərgəsidir. Bu cür resessiya “U” ilə göstərilir…“U” nun isə nə qədər enli və ensiz olduğu yani resessiyanın uzunluğu-daimiliyi ilə əlaqədardır…

Stagflasiya (Stagflation): Gəlirik indi daha çətin iqtisadi kriz növlərinə… Stagflasiya iqtisadiyyatda inflyasiya ilə bərabər iqtisadi durğunluğun yaşanması əlamətidir… Yəni qiymətlər ümumi olaraq artır, ÜDM-də isə artımın olmadığı haldır… Buna durğunluq halında inflyasiya adı da verilir… Zənnimcə artıq bunun əlamətlərini hiss edirik… Bu iqtisadi krizlərin ən çətin növlərindən biridir. Əgər heç olmasa ekonomidə ciddi artım olsaydı inflyasiyanın azaldılması tədbirləri işə yarayardı və beləcə krizdən daha asan çıxılardı… Stagflasiya zamanı ya iqtisadi canlanma əsas tədbir kimi ələ alınmalı ki bu yanında inflyasiya gətirir… ya da inflyasiya ilə mücadələ aparıldığı zaman isə iqtisadi canlanma arxa plana çəkilir,  durğunluq davam edir…

Depressiya (Depression): Bu əlamət də ekonominin -iqtisadi fəaliyyətlərin resessiyadan daha uzun müddətdə geriləməsini ifadə edir… Resessiya yuxarıda dediyimiz kimi bir neçə rübü və ya 1-2 illik nəticə ilə xarakterize olunursa, depressiya bir neçə illik, vəya 5-10 illik  uzun müddətliliyi ilə resessiyadan fərqləndirilir...(Allah qorusun)

Slumpflasiya (Slumpflation): Bunu da Allah göstərməsin…  Slumpflasiya əslində resessiyanı və stagflasiyanı özündə birləşdirən və ekonomik krizlərin ən qorxulusu olanıdır… Slumplasiyada eyni zamanda həm iqtisadi geriləmə yaşanır getdikçə ÜDM-nin artımının deyil ha özünün davamlı azalması- artımın olmaması, işsizlik  və eyni zamanda inflyasiyanın meydan oxuduğu durumdur… İnflyasiya içində ekonominin kiçilməsini, geriləməsini durdurmaq sonra isə artıma keçirmək çox çətin məsələ olduğu üçün slumpflasiyaya getmədən heç olmasa stagflasyondan bu geriləməni durdurmaq lazımdır…  Hazırda resessiya və inflyasiya yaşandığı üçün mən ancaq stagflasiya (1%lik artım yaşansa da) kimi xarakterizə edə bilərəm durumumuzu…

Slumpflasiyaya keçmədən ekonomik tədbirlər görülməli… struktural dəyişikliklər edilərək, məqsədli istehsal və ixracyönümlü iqtisadi fəaliyyətlərə yönləndirmələr və  canlandırma fəaliyyətləri aparılmalıdır… (Tədbirlər haqqında daha geniş başqa yazıda…) və bu da ancaq BEYİNLƏRİN DƏYİŞMƏSİ ilə olar…!!!

Dəyişim üçün beyinlərdə dəyişim vacib… və ya bir zavodun açılmama səbəbi…

BeyniniKullananAdam Yeni ildir doğrudur, mən də keçmişə çox qayıtmağı istəməsəm də, yeni ilin ilk yazısını müsbət əhval ruhiyyədə başlatmaq istəyində olsam da…  bugünümüzün səbəblərindən biri haqqında yadıma düşmüşkən yazmaq istədim… Amma düşünürəm elə gələcəyimiz üçün də keçmişdən dərs almağın vacib  olduğunu nəzərə alsaq yerində yazıdır…

İl 1998… Türkiyədə, İstanbulda MBA oxuduğum vaxtlar pazarlama hocamın dəstəyi ilə özünün də consultant olduğu bir şirkətdə part-time işləyirdim. Şirkət qaynaq elektrodları istehsal edən və öz məhsullarını əsasən eksport edən şirkətdir. Şirkət o zamankı neft kəmərlərinin çəkiləcəyini də nəzərə alaraq Azərbaycanda qaynaq elektrodları və telləri istehsal etmək niyyətində idi… və bunun üçün real finans və müstakbel ortaqlar axtarışı və seçimi mərhələsini də keçməkdə idi… Bəhs etdiyim şirkət, Türk Eximbank və EBRD-nin də bu investisiyada bu vəya digər şəkildə iştirakı razılığını əldə etmişdi…

Bu məqsədlə o vaxt şirkət rəhbərliyi və sayın hocamla birlikdə Bakıya səfər etdik. O zaman üzdə olan bir neçə yerli şirkətlə də görüşlər keçirdikdən sonra  istehsal yeri olaraq B.Sərdarov adına maşınqayırma zavodunda olduq və bu investisya üçün yararlı olduğu qənaətinə varıldı. Sonrakı mərhələ layihəyə dəstək verən finans qurumların bu investisiya üçün politik risk olaraq dövlət zəmanəti və dəstəyinin vacibliyinin şərt olduğunu istəmişdilər… Bu istiqamətdə də görüşlər keçirildi ancaq görüşlərdən sonra heç də az olmayan müəyyən məbləğ tələb olundu!!! bu zəmanət üçün… Bax beləcə ölkədə bir istehsal sahəsi, 250-300 nəfər işlədəcək bir zavodun açılması gerçəkləşmədi…  Həmin zavodda istehsal olunacaq məhsullar illərlə idxal olundu və olunur… Zavod olsaydı bu idxal əvəz olunardı və hətta ixracı da olardı… O dövrdən vəzifədə olanlar indi də vəzifədədirlər çoxları…

Yəni dəyişim üçün ilköncə insanların və beyinlərin, məqsədlərin dəyişməsi lazım…

2015-2016-cı il üçün Qlobal Rəqabətqabiliyyətlilik sıralamasında yerimiz və təsir edən əsas faktorlar

imagesTəqribən 1 il əvvəl bloqumuzda  Dünya İqtisadi Forumu (World Economic Forum) tərəfindən yayınlanmış Qlobal Rəqabətqabiliyyətlilik indeksi, sıralaması və bu sıralamada ölkəmizin yerini bir əvvəlki ilin hesabatı ilə müqayisə edərək geniş şəkildə yazmışdım. Keçiddən istifadə edərək baxa bilərsiniz. Dünya İqtisadi Forumu 2015-2016-cı il üçün ölkələrin yeni Qlobal Rəqabətqabiliyyətlilik hesabatını yayınlamışdır. Bu yazımda hesabatın xarakteristikasına və hansı əsaslarla hazırlandığını yazmaq istəmirəm. Çünki yuxarıda bəhs etdiyim keçən ilki yazımda bu barədə ətraflı yazmışdım. Qısa və öz olsun deyə bu yazımda bir neçə önəmli gördüyüm faktorların üzərində maddələrlə dayanmaq istəyirəm.

  1. Ölkəmiz Rəqabətqabiliyyətlilik sıralamasında keçən ildə mövqeləndiyi 38-ci pillədən 40-cı pilləyə geriləmişdir. 2 pillə geriləməyə baxmayaraq 140 ölkə arasında dəyərləndirildiyi  üçün məncə  uğurlu mövqedir. Əlavə etməyə gərək duyuram ki bir sıra inkişaf etmiş və ya qonşu ölkələr daha geri sıralardadırlar… Misal üçün Rusiya 45, İtaliya , Bolqarıstan 54, Türkiyə 51, Gürcüstan 66, Ukrayna 79, Ermənistan 82… və s.
  2. Köhnə sovetlər ölkələrindən bizdən öndə ancaq Estonia-30 və Litva-36 yer alıbdır.
  3. Sıralama ölkələrin müxtəlif rəqabətqabiliyyətlilik faktorlarına görə topladığı və 1-ilə 7 arasında dəyərləndirilən xallara görə aparılır. 40-cı sarada olan ölkəmizin xalı 4.50-dir. İlk sıralarda yer alan  İsveçrə, Sinqapur, ABŞ, Almaniya, Hollandiya, Yaponiya kimi ölkələrin xalları 5.50-5.76-dır… Bu müsbət təsbitlərdən sonra keçək reallıqların yer aldığı digər təsbitlərə…
  4. Ölkəmiz 2 pillə geriləmiş, bizi təqib edən yaxın qonşumuz Qazaxstan təqribən bizimlə eyni xala malik olmaqla 50-ci sıradan 42-ci sıraya yüksəlmişdir. Eyni şəkildə Rusiya, Gürcüstanda da irəliləmə qeydə alınmışdır.
  5. Ölkəmizin rəqabətqabiliyyətlilik göstəricisinin yüksək olmasına təsir edən ən böyük faktor makroiqtisadi mühitdir… ki bu ildən sonra əgər böhranlı vəziyyətdə bu faktor baxımından geriləmə yaşasaq sıralamada mövqeyimizi itirə bilərik. Hazırda sadəcə bu faktora görə 10-cu sıradayıq. Amma digər əsas-basic faktorlar olan institutlaşma 64, infrastruktur-65, Sağlıq və ilk təhsilin keyfiyyəti yönündən 102-ci sıradayıq. Bu qrupda makroiqtisadi mühit amili bizi yuxarıya çəkməkdədir.
  6. Digər faktorlara görə isə sıralama belədir:
    Global Competitiveness Index
    GCI 2015–2016… 40 sıra  ….. 4.5xal
    GCI 2014–2015 (out of 144) 38 sıra……4.5xal
    GCI 2013–2014 (out of 148).. 39 ……4.5
    GCI 2012–2013 (out of 144)… 46 ……4.4
    Basic requirements (55.9%)43 ……4.9
    1st pillar: Institutions. 64 ……3.9
    2nd pillar: Infrastructure. 65 ……4.1
    3rd pillar: Macroeconomic environment. 10 ……6.4
    4th pillar: Health and primary education 102 ……5.2
    Effektivlik artırıcı faktorlar -Efficiency enhancers (38.1%).69 ……4.0
    5th pillar: Higher education and training 89 ……3.9
    6th pillar: Goods market efficiency. 66 ……4.3
    7th pillar: Labor market efficiency. 30 ……4.6
    8th pillar: Financial market development. 114 ……3.3
    9th pillar: Technological readiness. 57 ……4.3
    10th pillar: Market size. 67 ……3.9
    İnnovasiya və Biznes inkişaf faktorları :
    Innovation and sophistication factors (6.0%).66 3.6
    11th pillar: Business sophistication.73 ……3.9
    12th pillar: Innovation 61 ……3.3
  7.  Gördüyünüz kimi 3 ana qrup və 12 alt subfaktorların çoxunda sıralamamız çox da yüksək deyil. Bu subfaktorların özləri də çox sayda faktorlardan ibarətdir ki mən bu yazıda çox önəmli gördüyüm bəzi faktorlardan və bu faktorlar baxımından mövqeyimizi göstərmək istəyirəm.
  8. Mənim üçün inkişafa və rəqabətqabiliyyətliliyə təsir edən faktorlar bunlardır: Şəffaflıq (Korrupsiya və rüşvətin olmaması və ya azaldılması), Təhsilin keyfiyyəti, Antimonopoliya siyasəti və effektivliyi,  Rəqabət mühiti, Elm və Tədqiqat və Təkmilləşdirmə faktoru (Universitet və sənaye əməkdaşlığı), Elmi araşdırma institutlarının keyfiyyəti kimi faktorlardır ki təəsüf ki bu faktorlar üzrə ölkəmiz heç də ürəkaçan göstəricilərə malik deyil. Belə ki… Korrupsiya biznesin inkişafına təsir göstərən ən birinci mənfi faktor kimi göstərilir.
  •  Antikorrupsiya siyasətinin effektivliyi göstəricisinə görə yerimiz 113-cü sıra,
  • Rəqabət (lokal) mühiti və intensivliyi üzrə 120-ci,
  • Elmi araşdırma institutlarının keyfiyyəti üzrə 89-cu sırada,
  • Tədqiqat və Təkmilləşmə istiqamətli (R&D) Universitet və Sənaye əməkdaşlığına görə 103-cü sıra,
  • Təhsil sisteminin keyfiyyətinə görə 107-ci,
  • İbtidai təhsilin keyfiyyəti üzrə 106-cı sırada,
  • Menecment məktəblərinin(varmı ki?) keyfiyyətinə görə 120-ci sıradayıq.

Bu mənim inkişaf istiqamətində vacib saydığım faktorlardan ən əsaslarıdır. Təbii ki digər önəmli faktorlar da vardır… Ancaq sadəcə bir faktor üzrə yüksək pillədə mövqelənməyimiz ölkə iqtisadiyyatının məlum bir faktora görə şəkillənməsinə bənzəməkdədir ki… bu faktor öz effektini itirdiyi zaman geriləmə yaşamağımız labüddür… Ona görə də digər və daha önəmli faktorlar üzrə ilbəil irəliləmə qeyd etməyimiz şərtdir!!! Bunu görməmiz və yaşamağımız diləyi ilə…

“Startup”lar və Çıxış nöqtəsi : Texnologiya yoxsa problem?

indexƏvvəlcə ondan başlayım ki, hər cür faydalı yenilikləri alqışlayır, kəmiyyət və keyfiyyətcə artmasının tərəfdarıyam. O cümlədən də “startup” sahəsində atılan hər addımı dəstəkləyirəm. Sadəcə günümüzün və gələcəyimizin qeyri-müəyyənlik və iqtisadi çətinlik içində daha çox cərəyan etməsini nəzərə alaraq bütün sahələrdə görülən və görüləcək fəaliyyətlərin bu qeyri-müəyyənlik burulğanından sıyrılmalarını və iqtisadi çətinlikdə real nəticələrlə çəkiclərini vurmalarının daha doğru olacağını düşünürəm. Bu sahədə indi və gələcəkdə günişığına çıxacaq hər bir işi və sahibini alqışlayır və uğurlar diləyirəm.

Bu sahə ilə əlaqədar faydalı olacağı ümidiylə bəzi fikirlərimi qısaca bölüşmək istəyirəm. Belə ki Satartup-ların yaradılmasına iki yanaşma ilə baxmaq olar: Birinci yanaşma Texnologiyadan problemə, ikinci yanaşma isə Problemdən texnologiyaya… Startup-ların yaranmasında yeni texnologiyaların istifadəsi ilə mövcud və ya gözlənilən problemlərin həll edilməsi məsələsi əsas prioritetlərdən biridir. Məhz bu səbəbdən bu iki yanaşmanın hər ikisi tərcih  edilə bilər.  Bizdə daha çox birinci yanaşmanın (nə qədər səmərəli və faydalı olması başqa) ağırlığının olduğunu görürəm.  Ancaq yuxarıda da qeyd etdiyim kimi günümüz şərtləri qeyri-müəyyənlik burulğanı və iqtisadi çətinliklər içində cərəyan edir və bu şərtlərdə ünvanı hara olur olsun real nəticəyönümlü çözümlərlə çıxış etmək vacibdir… Yuxarıda qeyd etdiyim yanaşmalardan  birincisi  öncə hər hansı bir texnolojik yenilik, məhsulun ortaya çıxışını və daha sonra tədbiq sahəsinin arayışını əhatə edir. İkincisi isə öncə hər hansı sahədə nə kimi cari və gələcək problemlərin olduğunu araşdırıb öyrənərək bu istiqamətdə çözüm təklifləriylə çıxış etməyi, problemlərin həllinə yardımcı ola biləcək “texnologiya”ların, məhsulların, proses və proektlərin arayışı və ortaya çıxarılmasını əhatə edir.

Fikrimcə ikinci yanaşma daha real nəticəyönümlü olmasıyla birlikdə daha asan  stimullaşdırıcı maliyyə resursu da cəlb edə bilər. Ən əhəmiyyətlisi isə qurulan startuplar yerli biznesin mövcud və gələcəkyönlü problemlərinin həlli istiqamətində həcmindən asılı olmayaraq real dəyişimlər keçirməsində  bir paya sahib olarlar. Bu yanaşmada Problemlərin hansı faktorlarla ələ alınıb necə incələnəcəyi də əsas məsələlərdən biridir. Eyni zamanda  biznes dünyası ilə startup ideya müəlliflərinin bu istiqamətdə əməkdaşlıq fürsətlərinin necə təşkil olunması və hansı proseslərdən keçməsi də bir digər vacib məsələdən biridir. Bu istiqamətdə yaradılan müxtəlif texnoparkların işi təqdirəlayiq olsa da daha da aktivləşməsinə və məqsədli fəaliyyətlərinə ehtiyac görürəm. Ümumiyyətlə bu mövzuda iş dünyası və yenilikçilərin bir arada olduğu kiçik  bir seminar keçirmək məqsədimi də bildirmək istəyirəm… Nə deyirsiniz? Ehtiyac varmı?

Uğurlar diləyi ilə…

Vətəndaş elmi nədir və biznesdə yeri…

İnformasiya cəmiyyətinin yaratdığı çox sayda anlayışlar mövcuddur. Bunlardan biri də yeni anlayış kimi qəbul edilən “Vətəndaş elmi”-“Citizen Science”dir. Bu anlayış 2014-cü ildə lüğətlərə girmiş, ancaq praktik olaraq həmişə mövcud bir anlayışdır. Bəzən bu anlayış “civic science”, “crowd science”, “networked science”  olaraq, “mülki elm”, “kütlə (camaat, grup, topluluq) elmi”, “şəbəkə elmi” və s. kimi də işlədilir.
Bu anlayış, ənənəvi elm-in müəyyən bir teorik çərçivələndirmə tələbindən çıxaraq, hər hansı bir sahənin elm adamlarının, professionallarının araşdırma və yanaşmasından ziyadə, kütlənin içindən peşəkar olmayan, həvəskar və könüllü araşdırmaçıların  bu istiqamətdəki fəaliyyətlərini əhatə edir.

Əslində normal araşdırma mərhələlərini əhatə edən bir fəaliyyətin həvəskar, könüllü və ya fərdi qaydada aparılmasıdır. Bəzən isə müəyyən mərhələdə aid olduğu sahənin peşəkar və ya elm mənsubları tərəfindən nəzarət və istiqamətləndirməsi şəklində də həyata keçirilir.

 Başda da qeyd etdiyim kimi, bu anlayışın da digər bir çox anlayış kimi meydana çıxmasına və ya qəbul görməsinə səbəb əslində informasiya dövrü, informasiyya cəmiyyəti olmuşdur. İnformasiya paylaşımı, informasiya əldə etmə asanlığı və azadlığı, internet resursları kimi araşdırma mənbələrinin çoxalması buna meydan açan səbəblərdir. Bu anlayışın müxtəlif ictimai layihələrdə uğurla istifadəsi artıq özünü göstərmişdir. Əsasən ictimai fəallıq nöqteyi-nəzərindən önəmli faydaları mövcuddur. Mən bu yazımda bu anlayışın biznes sahəsindəki yerinə bir balaca toxunmaq istəyirəm…
Müşahidə etdiyimiz kimi, əvvəlki dövrlərdən daha çox indi istənilən sahənin professionalları, elm mənsubları ilə yanaşı və hətta onlardan dəfələrlə çox hər bir sahədə amator-həvəskar, könüllü fərdi və ya qrup fəaliyyətlərinə rast gəlirik. Bu təbii proses olaraq belə də davam edəcəkdir… Və bu hər bir sahədə olduğu kimi bunun biznes mühitinə də təsiri mövcuddur…
Məsələn hər hansı bir sahədə, HR, Satış, Marketinq, İdarəetmənin müxtəlif sahələrində olan treyninq və seminarların, konsultasiyaların heç də akademik “background”u olmayanlar və hətta bəzən bu sahədə praktik təcrübəyə də malik olmadan, sadəcə öz fərdi təşəbbüskarlığı ilə araşdırmalar edən,  informasiyalar əldə edən, sistemləşdirən və bunu daha sonra paylaşma istək və həvəsində bulunan “həvəskar alim”lər vəya “vətəndaş alim”lər var və olacaqdır… Buna informasiya dövrünün yaratdığı imkanlar da geniş vüsət verməkdədir. Təbii ki bunun fayda və zərərləri də bununla birgə həmişə müzakirə obyekti kimi var olacaqdır… Hər bir istiqamətdə olduğu kimi hər hansı bir yeniliyin mənimsənməsi üçün onun müsbət və mənfi yönləri ilə birlikdə ələ alınması lazımdır… Yeniliyə qapalılıq mənfi təsirlərdən qorunmaqla yanaşı, fayda və fürsətlərdən istifadəyə də mane olmaqdadır… və ya əksinə yenilikdən kor-təbii istifadə faydaları ilə bərabər mənfi nəticələr də doğurmaqdadır…

E-vətəndaşlıq…bəs harda?

İndicə oxuduğum məlumata görə Estoniya artıq “E-stonia” olmaq yolunda bir ilkə daha imza atmışdır… Vaxtilə “Yeni zamanın hökumətləri…” haqqında bir yazımda Estoniada səhiyyədə e-hökumətin real tədbiqi barədə qısaca bəhs etmişdim.
 İndi isə buyurun daha bir ilk… Estoniyada   elektron vətəndaşlıq (e-vətəndaşlıq) haqqında qanun qəbul edilmişdir…

Bəli Estoniya ilə bağlılıq yaratmaq istəyən, iş qurmaq istəyən hər bir kəs e-vətəndaşlıq kartını əldə edə bilər… Və bu yolla istənilən işini “e-hökumət” asanlığı ilə həll edə bilər, biznes aça bilər və s. Sadəcə 1 dəfə barmaq izi alınmasıyla bu vətəndaşlıq həll olur və daha sonra istənilən yerdə bundan rahat istifadə edilə bilər… Bu xidməti xarici ölkə səfirliklərində də reallaşdıracaqlarını söyləyirlər… Artıq Estoniyanın bu uğurunu Finlandiya da öyrənərək Estoniyanın “e-hökumət” konseptini qəbul etmişdir… Estoniya isə Avropanın  bu e-vətəndaşlıq qanunu çıxarmasını arzulayır…

-Estoniya ilk dövlət olaraq 2005-ci ildə elektron səsvermə haqqında qanun qəbul edib, tədbiq edir.
-Estoniya səhiyyə sisteminin elektronlaşmasını həyata keçirən ilk dövlətlərdən biridir.
-Estoniyada vergi bəyannəmələrinin  95 faizi internet vasitəsiylə həyata keçirilmişdir.
-Estonyada 85% əhali online-bankçılıqdan istifadə edir…
-Hər il büdcədən 1% informasiya cəmiyyətinin yaradılması və inkişafı üçün ayrılır
-Elektron ID kart istifadə olunur.
– Doing Business göstəricilərindən biri olan şirkət qurma müddəti 20 dəqiqədə reallaşır…
Bunlar əsas nə üçün önəmlidir? Şəffaflıq üçün…
Yaxşıdan yaxşı öyrənə bilmərik???

Qlobal Korporativ Davamlılıq Prinsipləri…

(ECOLIFE dərgisində yayınlanmış məqaləm)
“Davamlılıq” anlayışı son XX əsrin sonlarından başlayaraq müxtəlif sahələrdə ən önəmli və aktual anlayışlardan biri olmuş və çağımızda da öz aktuallığını qorumaqdadır. Davamlılıq mövzusu makro və mikro səviyyədə müxtəlif  quruluş və araşdırmaçılar tərəfindən fərqli apektlərdən daimi incələnən bir mövzudur.  Mövzunun aktuallığını nəzərə alaraq bu yazımızda “Birləşmiş Millətlər Qlobal Anlaşma”da yer alan Qlobal korporativ davamlılılq prinsiplərindən bəhs etmək istəyirəm.
Ən son 2013-cü ildə qəbul edilən və yayınlanan “Unated Nations Global Compact”, müxtəlif  biznes dairələrinin, müxtəlif qurum və quruluşların, biznes sferasındakı cəmiyyətlərin öz fəaliyyətləri və yaxın və uzaq ətraf mühitlə əlaqələrində 10 əsas prinsipi qəbul etməsi və bu prinsipləri qorumasından ibarətdir.
Bu anlaşmada ön görülən 10 prinsip dörd ana istiqaməti əhatə edir: 1. İnsan haqqları, 2.Əmək münasibətləri, 3. Ətraf mühit, 4. Korrupsiyaya qarşı mübarizə. Bu dörd ana istiqamətdə yer alan 10 prinsip isə aşağıdakılardır:

İnsan haqqları:
1. Biznes dairələri (qurum və quruluşlar) insan haqqlarını müdafiə edən beynəlxalq səviyyədə qəbul edilmiş prinsiplərə hörmət göstərməli və dəstəkləməlidirlər;
2. Biznes dairələri (qurum və quruluşlar) insan haqqlarına zidd fəaliyyətlərdə iştirak etməməlidirlər və ya iştirak etmədiklərinə əmin olmalıdırlar.
Əmək münasibətləri:
3. Biznes dairələri kollektiv anlaşmalarda ortaya çıxan birləşmə-bir araya gəlmə azadlığına dəstək verməlidirlər;
4. Biznes dairələri məcburi və icbari əməyin bütün formalarının ləğv edilməsinə çalışmalıdırlar;
5. Biznes dairələri uşaq əməyindən istifadənin bütünlüklə ləğvinə çalışmalıdırlar;
6. Biznes dairələri əmək və məşğulluq sferasında hər növ diskriminasiyanın aradan qaldırılmasına çalışmalıdırlar.
Ətraf mühit:
7. Biznes dairələri ətraf mühit dəyişmələrinə ehtiyatla yanaşmanı dəstəkləməlidirlər;
8. Ətraf mühitlə əlaqədar məsuliyyətləri üstlənərək bu istiqamətdə insiativ göstərməlidirlər;
9. Biznes dairələri ekolojik təhlükəsiz , ətraf mühit dostu texnologiyaların geniş yayılması və inkişafı istiqamətində birlikdə hərəkət etməlidirlər.  
Korrupsiyaya qarşı mübarizə:
10. Biznes dairələri mənimsəmə və rüşvət də daxil olmaqla  bütün növ korrupsiya hallarına qarşı olmalıdırlar.
Birləşmiş Millətlərin bu istiqamətdəki 2013 hesabatında davamlılıq və şirkətlərin bu istiqamətdə effektivliyi ilə əlaqədar açağıdakı nəticələrə də yer verilmişdir. Belə ki təhsil, artım/məşğulluq, iqlim dəyişikliyi, sağlamlıq, korrupsiya və enerji kimi çox önəmli olan davamlılıq faktorlarında biznes dairələrinin daha da effektiv ola biləcəyi qənaətinə gəlinmişdir. Bu istiqamətlərdə biznes dairələrinin potensialından istifadə edilməlidir. Yoxsulluğun azaldılması, ərzaq təhlükəsizliyi, Su və kanalizasiya problemləri, təhlükəsizlik və sülh kimi digər əsas davamlılıq problemlərində də müəyyən mənada biznes dairələrinin potensial gücünün olduğu qeyd edilmişdir.
Sonda elə həmin hesabatda da deyildiyi kimi qeyd etmək istərdim ki,  biznes dairələri də “ daha yaxşı dünya” üçün çalışmalıdırlar, çünki bu hamının xeyrinədir, həmçinin biznes dairələrinin özlərinin…! Məhz yuxarıda qeyd edilən 10 prinsip də “daha yaxşı dünya” üçündür…!!!

İnformasiya iqtisadiyyatı və “big data” haqqında…

ECOLIFE jurnalında yayınlanmış məqaləm…

Bilgi texnologiyalarının inkişafı ilə birlikdə iqtisadiyyat elminə və tarixinə yeni anlayışlar girməyə başladı ki bunlar: informasiya cəmiyyəti, bilgi(bilik) iqtisadiyyatı, yeni iqtisadiyyat, şəbəkə iqtisadiyyatı (information society, knowledge economy, new economy, network economy) kimi anlayışlardır.

Doktorantura təhsilim zamanı bu mövzular bizim dərslərdə çox müzakirə olunan mövzulardı… Və o zaman yeni iqtisadiyyatın klassik iqtisadiyyatla fərqlərini araşdırarkən Kevin Kelly və Nordhaus-un bu barədə irəli sürdükləri çox maraqlı bir tezisin olduğunu görmüşdük. Bu tezis yeni iqtisadiyyat deyə adlandırılan informasiya iqtisadiyyatında tələb və təklif əyrilərinin yerdəyişməsi idi. Bu dəyişmə nəyi açıqlayır?

Klassik iqtisadiyyatda qiymət aşağı olarkən təklifin az olması və ya düşdüyü, qiymət qalxdıqca isə təklifin artması baş verirdi. Ancaq yeni iqtisadiyyatda əksinə qiymət düşsə belə təklif artır. Yeni bir texnoloji alət, məsələn, cib telefonu bazara yüksək qiymətlə girir, təklif az olur, amma qiymətin düşdüyünə baxmayaraq təklif artır. Bunun səbəbi isə klassik iqtisadiyyatda qıt qaynaqlar və insanların arzu və istəkləri idisə, yeni iqtisadiyyatda bu əyrilər bir faktora-texnologiyaya bağlı olmaqdadır. Texnologiyanın qaynağı isə insan beyninin məhsulu bilikdir. Bilik və onun məhsulu texnologiya qıt qaynaq deyil, daim yenilənən və tükənməyən qaynaqdır. İnformasiya iqtisadiyyatında tələb və təklif əyrilərinin bu cür yer dəyişməsinin əsasını müəyyən ölçüdə network texnologiyalarının əsasını təşkil edən INTEL qurucusu Gordon Moore-un 1965-ci ildə “Moore qanunu” deyə adlandırılan tezisi olmuşdur.

Moore qanunu (özü bunu ifadə etməsə də) çiplərin-tranzistorların gücü artdıqca daha çox işləm görəcəyi, daha çox funksiya yerinə yetirəcəyi, ancaq istehsal maliyyətlərinin-qiymətlərin buna görə eyni qalacağını və hətta düşəcəyini göstərməkdəydi. Moore əvvəlcə bir dövrəyə sığan çip sayının 18 aydan bir iki dəfə artacağını daha sonra isə bu zamanı iki ilə uzadaraq iki ildən bir tranzistor sayının 2 dəfə artacağını irəli sürmüşdür. Bu çiplərin kiçilməsi ilə baş verir. Çiplərin kiçilməsi isə bunu istifadə edən mobil telefon və kompyuterlərin kiçilməsini təmin edir. Necə ki bu indiyəcən davam edir. 45 ilə yaxın bu tezis öz keçərliyini qorumuşdur. Mooreun özü bu prosesin sona qədər belə davam etməyəcəyini, bu qanunun bir müddət sonra keçərsiz olacağını ifadə etmişdir. Necə ki, 2010-cu illərdə artıq bəzi akademik dairələrdə bu qanunun keçərsiz olduğu irəli sürülməyə başladı. Qanunun davam etməsi üçün çiplərin kiçilməsi davam etməlidir ki, bunun sonsuza qədər davam edə bilməyəcəyi tezisi artıq qəbul görməkdədir. Çiplerin yerini yeni texnologiyaların alacağı, hibrid çip və dövrələrin ola biləcəyi fikirləri səslənməkdədir.

Məlumatların getdikçə artan sürəti, həcmi, müxtəlifliyi bunu mütləq surətdə tələb edir. İnformasiya iqtisadiyyatının məshulları olan sosial şəbəkələrin də yuxarıda qeyd etdiyimiz təklifin tələblə birgə geniş yayıldığı məlumdur. Ancaq hazırda ən öndə olan sosial şəbəkələrin belə özlərini daimi yeniləməyəcəkləri təqdirdə bir müddət sonra yeniləri ilə əvəzlənə biləcəyi irəli sürülür.

Bilginin, informasiyanın və bunun məhsulu olan texnologiyanın qıt qaynaq deyil, daim yenilənən, artan və dəyişən qaynaq olması bu prosesin başlıca səbəbidir ki bunun da yaratdığı problemlər vardır. Artıq dünya futuroloqları tərəfindən də məhz “big data” adı altındakı mövzuların gələcək həyatımıza təsiri ilə əlaqədar mövzuların ön planda tutulduğunu qeyd etməliyik.

“Big data”- “böyük data” və ya “böyük məlumat” kimi ifadə olunmaqla, sadə şəkildə müəyyən zaman aralığında toplanan faydalı və idtifadə edilə bilən məlumatlar toplusudur. İnternetin və buna paralel olaraq internet məhsulları olan sosial şəbəkələrin geniş şəkildə yayılmasıyla məlumat bazalarının müxtəlifliyi, qarmaşıqlığı dataların məqsədyönlü istifadəsini də çətinləşdirmişdir. Artıq bu dünyada ən önəmli problemlərdən biri kimi qəbul edilir. Yəni əslində məlumatlılıq, informasiya və bilgi güc olsa da bu güc ancaq istifadə edildiyi təqdirdə güc, istifadə edilmədiyi təqdirdə isə problem ola biləcəkdir. Şirkətlərin özündə də toplanan araşdırma nəticələrinin, rəqəmlərin və s. analiz edilməsi, dataların informasiyaya və informasiyanın da bilgiyə, biliyə çevrilməsi önəmini artırmışdır. İstifadə olunmayan məlumat güc deyil problem olmaqdadır ki, bunu da “məlumat zibilliyi” adlandırırlar.

“Big data”-nı daha aydın izah etmək üçün onu əmələ gətirən beş önəmli faktordan da bəhs etmək istərdim ki, bunlar “5V” adlandırılır: Variety-çeşidlilik vəya müxtəliflilik, Velocity-sürət, Volume- məlumat həcmi, Verification-yoxlama və Value-dəyərdir.

Variety-çeşidlilk və ya müxtəliflilik: toplanan məlumatların müxtəlif xüsusiyyətdə, müxtəlif qaynaqlardan əldə edilməsi, müxtəlif məqsədlər üçün toplanması, müxtəlif sistemlərdə toplanmasını əsas alaraq müxtəlifliliyini göstərir. Bu müxtəliflik təbii ki çətinlik yaradan amildir ki, “big data”- böyük məlumatlar bu xüsusiyyətlərə malikdir.

Volume-həcm: Toplanan məlumatların öz növbəsində həcm etibariylə də böyük olması adından da göründüyü kimi “big data”-nın digər bir xüsusiyyətidir.

Velocity- sürət: Sosial şəbəkələr, bloqlar, məlumatların istehsal edildiyi mobil telefon tədbiqatları kimi vasitələrin artmasıyla məlumatların həcmcə çox olmasıyla bərabər sürətini də artırmaqdadır. Bu sürəti idarə etmək də günümüzün və gələcəyin problemlərindən biri olaraq qəbul edilir.

Verification- yoxlama: Toplanan məlumatların dəqiqliyi də önəmli faktorlardan biri olduğu üçün məlumatların yoxlanılması və təhlükəsizliyi də önəm kəsb edir.

Value- dəyər: Ən önəmli faktor məhz “big data”nın dəyər yaratması xüsusiyyətinin olub olmamasıdır. Yuxarıdakı digər dörd faktorun düzgün tədbiqi məhz dəyər yaratmada vacib amillərdən biridir. “Big data” əlavə dəyər yaratmırsa yuxarıda deyildiyi kimi “məlumat zibilliyi” xüsusiyyətinə keçəcəkdir. Məhz “big data”-nın xüsusilə şirkətlər tərəfindən idarə olunmasının vacibliyi əlavə dəyər yaratma xüsusiyyətinə görədir.

Yekun olaraq informasiya iqtisadiyyatının təməli olan data-informasiya-bilik kimi mövzular bizim üçün də maraqlı və əhəmiyyətli olmalı, bir bloq yazımda qeyd etdiyim kimi cansız rəqəmləri və ya məlumatları canlı bilgiyə çevirməyi bacaqrmağımız lazımdır. Buna görə analiz qabiliyyətli mütəxəssislərin sayı və keyfiyyəti şirkətlərimiz tərəfindən ön planda tutulmalıdır.

İctimai insiativlik və nümunəsi.

Demokratik dəyərləri, prinsipləri həmişə ya okeanın o tayında ya da qərbi Avropada axtarırıq. Ancaq nə qədər uzaq olsaq da bizimlə müəyyən dövr eyni şərtlərdə, sistemdə yaşamış, ancaq bu sistemdən yaxalarını qurtaran kimi,  digər sovet cümhuriyyətlərindən fərqli olaraq şüurda və əməldə demokratik prinsipləri mənimsəmiş baltikyanı dövlətləri heç izləmirik.

İctimai insiativlik (təşəbbüskarlıq) cəmiyyətlərin inkişafında və demokratikləşmə istiqamətində önəmli   fəaliyyət və özveridir. İctimai təşəbbüskarlığı cəmiyyətin mənafeyinə yönəlik dəyişiklik və yeniliklərə nail olmaq üçün həmin cəmiyyətin müsbət rəyini və dəstəyini qazanaraq aparılan  fəaliyyət kimi adlandıra bilərik.

Dünya futurulogiya birliyinin səhifəsində maraqlı bir məlumata rast gəldim. Cəmiyyətlərin insiativliyi haqqında olan bir yazıda bunun parlaq nümunəsi olaraq Latviya göstərilmişdir. Niyə məhz Latvia, hansı ictimai insiativlik (təşəbbüskarlıq) nəticəsində? Qısa olaraq bu haqqında yazmaq istədim.

Latviyada ictimai insiativlik (təşəbbüskarlıq) saytı fəaliyyət göstərməkdədir: http://manabalss.lv/.  İctimai insiativlik olaraq sayt hansı işi görür? Sayta 16 yaşını doldurmuş hər bir Latviya vətəndaşı qanun təklifi və dəyişikliyi haqqında təklif irəli sürə bilər. Saytda irəli sürülən təəkliflər 10000-dən artıq səs toplayarsa, bu əlaqədar qurumlarda (parlamentdə) müzakirə olunur. Bunun nəticəsində artıq iki qanun qəbul edilmişdir.

Gördüyümüz kimi, bəzi ölkələrdə sosial şəbəkələrdəki ictimai təşəbbüskarlığın, aktivliyin qarşısı alınmaq istənir,  əngəllənir və s., bəzi ölkələrdə isə bu təşəbbüskarlıq üçün lazımi imkan və şərait yaradılır. Hansı daha mütərəqqi və inkişafa yönəlikdir…?

Sosial medya və online etiket qaydaları…

Günümüzdə sosial medya vasitələri ilə şəxsi və biznes əlaqələrinin qurulması geniş vüsət aldığına görə, hər bir sahədə olduğu kimi burada da effektli nəticələr əldə etmək üçün online etiket və sosial medya tələb və qaydalarını bilmək və uyğun hərəkət etmək vacibdir.
 Hər hansı bir görüş və ya kütləvi tədbirlərdə təbii ki əlaqə qurmaq və davam etdirmək üçün vizitkartlar dəyişdirilir. Artıq vizitkartların çoxunda ənənəvi əlaqə yollarından (telefon, fax, e-mail) əlavə kart sahibinin Facebook, Linkedin, Twitter, şəxsi səhifə və ya bloq, Rusya, Qazaxstan, Ukrayna kimi ölkələrdə VKontakte ünvanları da göstərilir.

Ancaq təbii ki  müxtəlif şəxslərin qeyd olunan ənənəvi və sosial medya  vasitələrindən istifadəsi eyni səviyyədə deyildir. Kimi daha çox Linkedin istifadə edir, kimi Facebook və ya Twitter. Ya da e-mail və ya telefona digər vasitələrdən daha öncəlik tanıyırlar. Belə olduğu təqdirdə hansı bir vasitə ilə əlaqə saxlayacağımızı düşünəcəyik:
-Facebookda dostluq dəvəti
-Twitterdə izləmək
-Linkedindən təklif
-E-mail vasitəsilə əlaqə yaratmaq
-Zəng etmək və s.?
Sosial medya vasitələri nə qədər geniş yayılsa da qeyd etdiyim kimi hər bir şəxsin bundan istifadə dərəcəsi fərqlidir. Sosial medya və online etiket qaydaları da məhz elə ilk növbədə hansı əlaqə vəsaitindən istifadə ediləcəyindən başlayır və əlaqələrin necə davam etdirilməsi qaydaların əhatə edir.
Buna görə də bu qaydalara əməl etmək məsləhətdir:
-Vizitkart dəyişdirildiyi zaman və ya kimdənsə vizitkart alınan zaman onunla hansı vasitə ilə əlaqə saxlaya biləcəyinizi soruşmaqdan çəkinməyin;
Həm “On” həm də “Off-line” olaraq sosiallığı inkişaf etdirin:
Hansı sahədə olursa olsun hər bir şəxsin on-line fəaliyyəti ilə off-line fəaliyyətləri bir birinə əks olmamalı, bir birini tamamlamalı və ya üst-üstə düşməlidir. Bu həmin şəxsə güvən yaradır. On-line fəaliyyət və ya on-line fikir və ifadələrlə off-line hərəkət, fikir və ifadələr bir birinə zidd olarsa və ya fəaliyyət sadəcə on-line olaraq aparılarsa bu həmin şəxsə etibar qazandırmayacaqdır. Ona görə də hər hansı sosial şəbəkə vasitəsində kontakt sayısı ilə bərabər bu kontaktlarla on-line və off-line əlaqə davamlılığı da çox əhəmiyyətlidir.
Məsələn, Linkedin-də ixtisaslara yönəlik qruplara üzvsünuzsə sadəcə oxumaqla, kənardan izləməklə kifayətlənməməli, hansısa göndərilən yazı və ya məsaj haqqında fikir bildirmək, fikrinizə və ya məsajınıza olan rəyləri cavablandırmaq kimi on-line etiket qaydalarından istifadə etmək əlbəttə sağlam əlaqələr üçün daha effektlidir.
Faydalı əlaqələr qurmağa çalışın:
Sosial şəbəkələrin əsas qaydası budur: “Nə isə verin və nə isə alın” və ya “paylaşın və qəbul edin”.
Əgər sosial şəbəkədə aktivliyinizi artırmaq və qarşılıqlı rəğbət və qəbul olunmaq istəyirsinizsə edilən paylaşımlara münasibət bildirmək, bəyənmək və paylaşmaq çox vacibdir. Təbii ki kiminsə tweetini, statusunu, yazısını bəyənmək və ya paylaşmaqla siz onun fikirlərini və bilgisini qəbul etdiyinizi göstərirsiniz. Şəbəkə effekti sizə geri dönüşümü təmin edəcəkdir.
Hər hansı sahədə (təbii ki öz sahənizdə) ekspert olmağa çalışın:
Sosial medya qaydalarından biri “un-market”-dir. Sosial şəbəkələrdə nəyisə satmağa çalışmayın. Sosial şəbəkədəki məhsulunuz sizin bilginiz olmalıdır. Ancaq bu bilgi ekspert bilgisi səviyyəsinə çatmalıdır. Yəni nəyisə bir başa satmağa çalışmamaq, satacağınız məhsul ilə əlaqədar bilgilər vermək, fikir və müzakirələr aparmaq daha uyğundur.
Hər kəsə  hər iki “on-line” və “off-line” istiqamətdə uğurlu əlaqələr diləyirəm…