Pərakəndə sektorunda yeni trendlər…

futurice-retail-trends-2020-5-638Bir neçə il əvvəl Almaniyada Düsseldorf-da 2 ildən bir düzənlənən Euroshop sərgisindən qayıtdığım zaman Almaniyanın kiçik, orta və böyük pərakəndəcilərinin yanaşma tərzlərindən və gələcəkdə pərakəndə sektorunda gözlənən yeniliklərdən yazmışdım. İki il sonra Almaniyaya təkrar gedişdə qeyd etdiyim yeniliklərin artıq tədbiq edildiyinin şahidi olmuşdum belə… Marketinq forumlarının birində pərakəndə paneli spikerlərinə pərakəndədə hansı yenilikləri edəcəksiniz? Texnolojik yeniliklərdən nələr gözlənir? deyə sual ünvanlayıb pərakəndədə sürət və nəzarətin gücünü hansı real texnolojik tədbiqlərlə həyata keçirə biləcəklərinə misallar gətirmişdim… Ancaq cavabardan aydın oldu ki ya xəbərdar deyillər, ya da işlərinə gəlmir tədbiq etmək… 🙂 Ümumiyyətlə pərakəndə sektorunda vaxtaşırı baş verən və gözlənən yeniliklərlə maraqlandığım üçün bu yazıda oxuduğum maraqlı bir neçə araşdırmanın irəli sürdüyü bəzi yeniliklərə qısaca toxunmaq istədim…Davamını oxu »

Koreyanın Qlobal Şirkətlərinin ortaq özəllikləri…

download  Müxtəlif zamanlarda Cənubi Koreyanın həm iqtisadi inkişafı ilə, həm də uğurlu qlobal şirkətlərinin idarəetmə tərzləri haqqında kitab (xüsusilə “How Asia Works”) araşdırma və yazılar oxumuşdum. Və daha da çox araşdırma yazılarında, xüsusilə BCG-nin Cənubi Koreya direktorunun yazı və çıxışlarında Korea şirkətlərinin uğurlu olmasının 3 əsas səbəbi üzərində durulur…

Əvvəlcə  qısa məlumat verim ki, 1980-cı  ildən 2017-yə adambaşına düşən ÜDM 2300usd-dən 25000 usd-yə seyr izləyib… Təqribən 35-40 illik bir dövrdə Koreya dövləti, xalqı və şirkətləri bu inkişafı başqalarından copy paste-la deyil, öz dəst xəttləriylə yaşayıb əldə etmişlər… (Qeyd: Yaponiya, Tailand, Koreanın inkişaf yolları  How Asia Works kitabında da qeyd edilən kimi çox bənzər yanı var… Yaponiya yolu )

Şirkətlərin ortaq xüsusiyyətlərindən (Uğurlu olan qlobal şirkətlərdən gedir) birincisi və ən əsası Yerli talantların idarəetməsinə üstünlük vermələridir. Samsung, Hyundai, LG kimi qlobal şirkətlərin CEO və əsas idarəetməsi məhz ancaq və ancaq Koreyalılardan ibarət olduğu qeyd edilir… Bunun üstünlüyü eyni mədəniyyət, eyni dil, eyni ekosistemi yaşamış olmaları və bununla yerli idarəedicilərin loyallıq dərəcəsinin koreyalı olmayan idarəedicilərdən dəfələrlə çox olduğudur… İkinci ortaq özəllik Ölkələrdəki head office rəhbərlərinin “Koreanize”-laşdırılmasıdır. Baş ofislə güclü inteqrasiya halında fəaliyyətlərin tələb edilməsidir. Üçüncü ortaq özəllik isə müxtəlif ölkə istehlakçıları ilə empatinin yaradılması, inkişaf etdirilməsi və qorunmasıdır…

Yuxarıda qeyd edilən kimi 40-50 yaşlı bir koreyalı ölkənin inkişafına şahid olan birbaşa yaşamış, bu mədəniyyəti içinə çəkmiş və dövlətin, şirkətlərin məqsədləri ilə öz məqsədlərini bütünləşdirmiş insanlardır ki, onlar da loyallıq yoluyla məqsədə nail olmağı üstün tuturlar…

Yerli talantlarımızın olması, artması və istifadə edilməsi diləyi ilə…

İqtisadi kriz növləri və ya əlamətləri……

economic-crisis-istockBilənlər əlbət bilir, bilməyənlər üçün içində bulunduğumuz gedişatların fərqində olmamız üçün bu bloq yazımda çox qısa olaraq iqtisadi kriz növləri və ya əlamətlərindən qısaca bəhs etmək istəyirəm:

İnflyasiya (Inflation): Bu hamının bildiyi kimi, qiymətlər səviyyəsinin daim yüksəlməsi deməkdir… Bir dəfəlik artımlar inflyasiyaya aid edilmir, davamlı olarsa artıq inflyasiyaya aid edilir. Eyni zamanda bir və ya bir neçə malın da qiymət artımı inflyasiya deyil… Ümumi istehlak mallarının qiymət artımı inflyasiya sayılır…  İki cür meydana çıxır: Tələb və Maliyyət inflyasiyası. Tələb inflyasiyası yüksək tələbin mövcudluğu və daim artması halında təklifin bu tələbi qarşılya bilməməsi durumunda ortaya çıxır. Maliyyət inflyasiyası isə, istehsal olunacaq malların xammal və istehsal üçün lazımi digər mal və materialların qiymətlərindəki davamlı yüksəlmə ilə yaranır. İnflyasiya ilə mübarizə haqqında yazmıram çünki məncə aşağıda olandan daha çox bilinən bir mövzudur…

Deflasiya (Deflation) : Deflasiya qiymətlər ümumi səviyyəsinin geriləməsi, düşməsidir. İnflyasiyada olduğu kimi burada da bir və ya bir neçə məhsulun qiymətindəki düşmə deyil, ümumi olaraq qiymətlərdəki düşmə önəmlidir. Eyni zamanda bu düşmə sadəcə 1 dəfə deyil, davamlı düşmə göstərməsidir. Əslində ilk baxışdan müsbət təsəvvür yaratsa da bu əlamət inflyasiyadan daha təhlükəlidir. Belə ki, qiymətlərin daimi düşməsi istahsal vahidlərinin fəaliyyətlərinə mənfi təsir edir, istahsaldan çəkindirir, istahsal azaldığı zaman isə ölkədə ÜDM azalma göstərir, şirkətlər qazanmadığı təqdirdə ixtisarlar da başlayır…  Eyni zamanda qiymətlərdəki davamlı düşmə pulun-milli valyutanın satınalma dəyərini artırır. Effektiv istehsal politikaları olmadığı təqdirdə ekonomini canlandırmaq üçün sadəcə istehlakçı kreditləri ilə tələbin artırılması isə daha çox istehlak cəmiyyətinin ortaya çıxmasına səbəb olur.  İstehlakın isə yerli istehsalın yetərli olmadığını nəzərə alsaq daha çox idxal ilə qarşılanması durumlarını ortaya çıxarır. Real ekonomik dəyərlər yaradılmır… Yəqin ki bu durum hər kəsə tanış gəlir…

Resessiya (Recession): Resessiya ekonominin kiçilməsi əlamətidir. Ekonominin artımı və azalması ÜDM ilə ölçüldüyü üçün real vəziyyət ÜDM-nin azalması ilə izah olunur. 2013-cü ildə ÜDM-də artım 5.8%, 2014-cü ildə 2.8% olduğu, 2015-ci il isə ÜDM-dəki artımın art1q 1% olduğu yəni gerilədiyi söylənir.  Resessiya əlaməti bir maliyyə ilində iki rübün nəticələrində geriləmə olması ilə təyin edilir.  Bu qısa dönəmi əhatə edir, və ədatən “V” ilə göstərilir… Qısa dönəmli azalış və artımlar sirkulyasiyası isə “W” ilə nişanələnir…  Ancaq artıq gördüyünüz kimi 2013-dən indiyəcən ÜDM artımındakı azalışlar uzunmüddətli resessiya içində olduğumuzun göstərgəsidir. Bu cür resessiya “U” ilə göstərilir…“U” nun isə nə qədər enli və ensiz olduğu yani resessiyanın uzunluğu-daimiliyi ilə əlaqədardır…

Stagflasiya (Stagflation): Gəlirik indi daha çətin iqtisadi kriz növlərinə… Stagflasiya iqtisadiyyatda inflyasiya ilə bərabər iqtisadi durğunluğun yaşanması əlamətidir… Yəni qiymətlər ümumi olaraq artır, ÜDM-də isə artımın olmadığı haldır… Buna durğunluq halında inflyasiya adı da verilir… Zənnimcə artıq bunun əlamətlərini hiss edirik… Bu iqtisadi krizlərin ən çətin növlərindən biridir. Əgər heç olmasa ekonomidə ciddi artım olsaydı inflyasiyanın azaldılması tədbirləri işə yarayardı və beləcə krizdən daha asan çıxılardı… Stagflasiya zamanı ya iqtisadi canlanma əsas tədbir kimi ələ alınmalı ki bu yanında inflyasiya gətirir… ya da inflyasiya ilə mücadələ aparıldığı zaman isə iqtisadi canlanma arxa plana çəkilir,  durğunluq davam edir…

Depressiya (Depression): Bu əlamət də ekonominin -iqtisadi fəaliyyətlərin resessiyadan daha uzun müddətdə geriləməsini ifadə edir… Resessiya yuxarıda dediyimiz kimi bir neçə rübü və ya 1-2 illik nəticə ilə xarakterize olunursa, depressiya bir neçə illik, vəya 5-10 illik  uzun müddətliliyi ilə resessiyadan fərqləndirilir...(Allah qorusun)

Slumpflasiya (Slumpflation): Bunu da Allah göstərməsin…  Slumpflasiya əslində resessiyanı və stagflasiyanı özündə birləşdirən və ekonomik krizlərin ən qorxulusu olanıdır… Slumplasiyada eyni zamanda həm iqtisadi geriləmə yaşanır getdikçə ÜDM-nin artımının deyil ha özünün davamlı azalması- artımın olmaması, işsizlik  və eyni zamanda inflyasiyanın meydan oxuduğu durumdur… İnflyasiya içində ekonominin kiçilməsini, geriləməsini durdurmaq sonra isə artıma keçirmək çox çətin məsələ olduğu üçün slumpflasiyaya getmədən heç olmasa stagflasyondan bu geriləməni durdurmaq lazımdır…  Hazırda resessiya və inflyasiya yaşandığı üçün mən ancaq stagflasiya (1%lik artım yaşansa da) kimi xarakterizə edə bilərəm durumumuzu…

Slumpflasiyaya keçmədən ekonomik tədbirlər görülməli… struktural dəyişikliklər edilərək, məqsədli istehsal və ixracyönümlü iqtisadi fəaliyyətlərə yönləndirmələr və  canlandırma fəaliyyətləri aparılmalıdır… (Tədbirlər haqqında daha geniş başqa yazıda…) və bu da ancaq BEYİNLƏRİN DƏYİŞMƏSİ ilə olar…!!!

Dəyişimin dörd otağı modeli ilə mövcud vəziyyətimiz…

yenilemeBalaca bir mövcud vəziyyət analizi eləmək istədim… Amma model olaraq bilinən mövcud vəziyyət analizi modellərindən birini yox, çox da səs salmayan amma fikrimcə faydalı olan bir modeli istifadə edərək əslində bilinən bir vəziyyəti göstərmək istəyirəm. Bu modeli cəmiyyətin bütün vahidlərində, dövlət, ekonomi idarəetməsində, biznes sahəsində, şirkət idarə etməsində və şəxsi inkişafda dərs kimi götürmək olar…

Deməli belə,  gəlin əvvəlcə niyə “dəyişim” kəliməsini istifadə etdiyimi açıqlayım… doğrusu, nədənsə dilimizdəki “dəyişiklik” sözünü uyğun görmürəm, səbəbi “dəyişiklik”-in daha çox xarici (external) faktorlara aid olduğunu, “dəyişimin” isə bu xarici faktorların təsiri ilə başlasada özündə baş verən iç yeniləməni ifadə etdiyidir… Nə isə məncə bu o qədər də önəmli deyil… 🙂

Gələk əsas məsələyə “Dəyişimin dörd otağı” modelinə görə baş verən dəyişim prosesi dörd mərhələdən ibarətdir…

yenileme

1-ci otağımız halımızdan məmnuniyyət otağıdır… Bəli, bəli düz tapdınız “AZTV” otağımız… Hər şey gözəl, bizdən xoşbəxti yoxdur… Qazandığımız pulun 4-5 qatını kredit almaqla xərcləyirik, qara qızılımız zağ olsun… “bəy yeyər, qırağından nökərə də düşər” misali hamı kefdədir… sürətlə inkişaf edirdik… (Razı deyilsiniz? – görüntü eləydi…)

Bir də gördük ki, kontrol edə bilmədiyimiz, kontrol etmək üçün gücümüz çatmadığı xarici mühitdə dəyişiklikər baş verməyə başladı… Bizi də qıdıqlamağa başlayır… amma biz sanki qəflət yuxusundayıq ya da heç vecimizə də deyil… biz varlı ölkəyik… fomdumuz var… hə keçmişik 2-ci otağımıza… Baş verən dəyişiklikləri inkar etməyə çalışırıq, onda bunda olan xarab yerləri görsədirik özümüzün isə “uğurlarımızı”… Özünüsansür başlayr… və s…

Amma dedim axı baş verən dəyişikliklər özümüzün kontrol edə bilmədiyimiz mühit faktorları olduğu üçün dəyişim sürətləndikçə və artdıqca qınımıza, 3-cü otağımıza çəkilirik… Şaşqın şaşqın baxırıq bir-birimizə… “nələr oluyor böylə… bizə nələr oluyooo” deyirmişcəsinə özümüzdə fikir ayrılıqları yaranır… Bəs belə etsəydik belə olardı, ay bunu niyə belə etmədik, ay vaxtında tədbir zad… Keçmişlə oynamağa, keçmişə fokuslanmağa başlayırıq… Halbuki day keçib eeey onu da dəyişdirəmmərik… Və beləcə güvənsizlik, etibarsızlıq, inamsızlıq, hər tərəfdə hal-i pərişanlarımız… Amma belə nə vaxtacan?

Qaldı 4-cü otağmız buna da ad verək “bəy hamamımız”… İndi bu bəy hamamına girməyə də cəsarət lazım… Girsək yenilənib, təmizlənib, yeni nəfəslə çıxacağıq… amma girəndə bəy hamamına toplu girmək lazım…yoxsa xeyri olmaz… Beləcə yeni işıqlar, yeni sıçrayışlar, yeni ümidlər doğar… Yeni imkanlar yaradıb, yeni qaynaqlar aşikar edib, yeni yollarla pərçimli halda getməliyik… Və bu bir müddət sonra birinci otağa keçməmiz üçün fürsətdir… Amma buna  “tavada biş, ağzıma düş” deməklə nail ola bilmərik, “səndən hərəkət, məndən bərəkətlə” nail olarıq…

Yenilənmə diləyi ilə…

 

Dəyişim üçün beyinlərdə dəyişim vacib… və ya bir zavodun açılmama səbəbi…

BeyniniKullananAdam Yeni ildir doğrudur, mən də keçmişə çox qayıtmağı istəməsəm də, yeni ilin ilk yazısını müsbət əhval ruhiyyədə başlatmaq istəyində olsam da…  bugünümüzün səbəblərindən biri haqqında yadıma düşmüşkən yazmaq istədim… Amma düşünürəm elə gələcəyimiz üçün də keçmişdən dərs almağın vacib  olduğunu nəzərə alsaq yerində yazıdır…

İl 1998… Türkiyədə, İstanbulda MBA oxuduğum vaxtlar pazarlama hocamın dəstəyi ilə özünün də consultant olduğu bir şirkətdə part-time işləyirdim. Şirkət qaynaq elektrodları istehsal edən və öz məhsullarını əsasən eksport edən şirkətdir. Şirkət o zamankı neft kəmərlərinin çəkiləcəyini də nəzərə alaraq Azərbaycanda qaynaq elektrodları və telləri istehsal etmək niyyətində idi… və bunun üçün real finans və müstakbel ortaqlar axtarışı və seçimi mərhələsini də keçməkdə idi… Bəhs etdiyim şirkət, Türk Eximbank və EBRD-nin də bu investisiyada bu vəya digər şəkildə iştirakı razılığını əldə etmişdi…

Bu məqsədlə o vaxt şirkət rəhbərliyi və sayın hocamla birlikdə Bakıya səfər etdik. O zaman üzdə olan bir neçə yerli şirkətlə də görüşlər keçirdikdən sonra  istehsal yeri olaraq B.Sərdarov adına maşınqayırma zavodunda olduq və bu investisya üçün yararlı olduğu qənaətinə varıldı. Sonrakı mərhələ layihəyə dəstək verən finans qurumların bu investisiya üçün politik risk olaraq dövlət zəmanəti və dəstəyinin vacibliyinin şərt olduğunu istəmişdilər… Bu istiqamətdə də görüşlər keçirildi ancaq görüşlərdən sonra heç də az olmayan müəyyən məbləğ tələb olundu!!! bu zəmanət üçün… Bax beləcə ölkədə bir istehsal sahəsi, 250-300 nəfər işlədəcək bir zavodun açılması gerçəkləşmədi…  Həmin zavodda istehsal olunacaq məhsullar illərlə idxal olundu və olunur… Zavod olsaydı bu idxal əvəz olunardı və hətta ixracı da olardı… O dövrdən vəzifədə olanlar indi də vəzifədədirlər çoxları…

Yəni dəyişim üçün ilköncə insanların və beyinlərin, məqsədlərin dəyişməsi lazım…

Öncə insan, hər zaman insan…!!!

what-is-hr-featureXoş gördük… Bu yazını oxumamışdan əvvəl çox xahiş edərdim ki, 3 il əvvəl -2012-ci ilin məhz bu günlərinə təsadüf edən günlərdə yazmış olduğum “Azərbaycan şirkətlərində HR-İnsan Resursları probleminə subyektiv?! baxış” başlıqlı yazımı oxuyasınız. Bəli əgər oxudunuzsa bu sahədə 3 il əvvələ qədər müşahidə etdiklərimi və bu sahənin inkişafı və “inkişafsızlığı” haqqında “subyektiv?!” fikirlərimi bilmiş oldunuz. İndi isə o günlərdən 3 il keçibdir. Nə dəyişib? və ya düşüncələrimdə hansı dəyişikliklər baş vermişdir istərdim bu haqqında yazım. Qeyd etdiyim yazı sosial şəbəkələrdə geniş müzakirə olunmuşdur. Və təbii ki mənimlə razılaşanlar və razılaşmayanlar, fikir müxtəlifliyi olmuşdur. Ancaq ümumilikdə qeyd etdiyim problemlərin məhz “subyektiv” deyil, real problemlər olduğunu dilə gətirənlər daha çox idi. Həmişə çalışmışam pozitivliyi itirməyim və yazılarım insanları əl-qollarını yana sallayıb “heç nə mümkün deyildir”, “heç nə düzəlməz” kimi fikirlərindən bir balaca da olsa uzaqlaşdırsın. Məhz o yazıda da bu sahədə müəyyən işartıların olduğunu qeyd etmişdim. Bu yazını da yazmaqda səbəb məhz həmin işartıların reallaşması istiqamətində bu sahənin inkişafına imza atan və atmaq istəyən dostlarımızın çalışmalarıdır.

Bəli çox sevindirici haldır ki, içində yer aldığım Marketinq sahəsində arxa-arxaya keçirilən Milli Marketinq Forumundan sonra artıq bu il İnsan Resursları istiqamətində də belə forumların keçirilməsi təşəbbüsü ilə çıxış edən və reallaşmasına çalışan insanlar, qruplar meydana çıxmışdır. Öncə insan, hər zaman insan…!!! Hər hansı bir sahənin inkişafında onu əhatə edən insanların məsləki solidarizmi böyük rol oynayır. Bu barədə daha geniş olaraq “Məslək-i solidarizm… ” adlı yazımda oxuya bilərsiniz. Həmin yazıda da Durkheim ve Ziya Gökalpın da qeyd etdikləri kimi cəmiyyətin inkişafı sinfi təbəqələşmə ilə deyil, məsləki təbəqələşmə, məsləki solidarizmlə, məsləki birliklə mümkündür. İnsan resursları sahəsində məsləki birlik, məsləki solidarizm qığılcımlarını görmək sevindirir. Çünki ən dəyərli varlıq olan “İnsan” və biznes dünyasında ona verilən dəyər  və ya dəyərin formalaşması buradan keçir… Çox maraqlıdır ki, bu il bu sahədə bir deyil iki forumun keçirilməsi planlaşdırılır. Bu forumları keçirmək istəyən hər iki qrupdan bu sahənin ağrı və acılarını yaşayan və  həqiqətən illərdir bu sahə ilə iç içə olan tanıdıqlarım vardır. Adların hamısını qeyd edə bilməyəcəm. Noyabrda keçiriləcək İnsan Resursları Forumu Bakı 2015 təşəbbüskarları və təşkilatçılarından dostlarım Tural Məmmədov , Zaur Məmmədov, Elgül xanım Hacıyevanı və eləcə də Nilufər xanım Məsimovanı və Fidan xanım Abdullayevanı təqdir edir və Forumun keçirilməsində uğurlar arzulayıram! Dekabrda keçiriləcək Milli İnsan Resursları Forumu 2015 təşəbbüskarları və təşkilatçılarından olan dostlarım Cabir Süleymanlı və Murad Maliki də bu təşəbbüskarlığa görə təqdir edir onalara da faydalı Forum keçirmələrində uğurlar diləyirəm! Bəli artıq işartılar müəyyən dərəcədə işığını artırmaya başlayıb və bu sahədə kəmiyyətcə çox sayda təlimlərin keçirilməsini də qeyd etmək mümkündür… Keyfiyyətin də  kəmiyyətlə bərabər getdikcə artacağı sözsüzdür və bunu arzulayıram.

Beləliklə şirkətlərimizdə “Öncə insan, hər zaman insan…” məfkurəsinin yayılması istiqamətində atılan bütün fəaliyyətləri yüksək qiymətləndirir və dəstəkləyirəm!

Hər iki Foruma – təşkilatçı və iştirakçılarına uğurlar diləyirəm!

“Heç olmasa”… İqtisadi düşüncələr…-3

downloadQaldıq “HEÇ OLMASA”nın əlində…

Ölkədə bu il fevral ayında yaşanan devalvasiyadan 4 gün əvvəl aşağıdakı yazını yazmışdım bloqumda…

“Yarıaçıq və ya yarı bağlı iqtisadiyyat ola bilməz… Ya həp, ya heç…”

“Real sektoru güclü olmayan ölkələr öz ölkəsinin olmasa da (öz ölkəsində önəmli bir inkişaf səviyyəsində olmasa da) digər ölkə, ölkələr toplusu və ya beynəlxalq mali sektordan mütləq surətdə təsirlənəcəkdir…

Sənayedə- real sektorda diversifikasiya olmalıdır… ya həp, ya heç… Birtərəfli, təksektorlu, təkbölgəli iqtisadi inkişaf yoxdur… ya həp, ya heç…

1960-70-ci illərin İdxal əvəzləyici sənayeləşmə strategiyası iqtisadi inkişafa tam deyil, yarımçıq və keçici dəstək olur… İdxal əvəzləyici sənayeləşmə kiçik ölkələr üçün səciyyəvi və təsirli deyil… ya həp, ya heç…

İxracyönümlü məhsulların istehsalı münbit xammal qaynağı tələb edir… Qeyri neft sektorlarının xammal qaynağının nə qədəri iç piyasadan təmin olunur ki…? Bu nəyi tələb edir idxalda- gömrükdə şəffaflaşmanı… ya həp, ya heç…

İxracyönümlü sənayeləşmə strategiyası ixrac prosedurlarından tutmuş, xarici bazar araşdırması, xarici dil bilgisindən tutmuş internetdən bu istiqamətdə maksimum istifadə bacarığına qədər, xarici ölkə sərgilərində iştiraka dövlət təşviqi və dəstəyindən tutmuş, bu sərgilərdə iştirak etmək istəyi, təşəbbüsü və buna hazırlıq səviyyəsinədək, keyfiyyətdən tutmuş paketləməyə, beynəlxalq sertfikatlaşmadan tutmuş brendləşməyə qədər, encoterms bilgilərindən tutmuş akreditif əməliyyatlarına qədər, regional və sektorial istehsal və ixrac assosasiyaların yaradılmasından tutmuş onların real fəaliyyətinə qədər və s. və s. tələb edir… YA HƏP, YA HEÇ…

Ölkə valyutasının digər xüsusilə ixrac qarşılığı ödəmə valyutalarına qarşı dəyər itirməsi ixraca müsbət təsir göstərir … nə vaxt? İxrac ediləcək rəqabətqabiliyyətli məhsullar olanda… Yoxsa,qeyri-neft məhsullarının ixracda payı təkrəqəmli isə hansı müsbət təsir göstərəcək…? Ya həp, ya heç…

Çox qazanan çox vergi ödəməlidir…Dünyada aktual iqtisadi mövzu olan Ədalətsiz gəlir dağılımı və buna qarşı tədbiqi iləri sürülən artan nisbətli vergi siyasəti olmalıdır… Amma gəlirlər şəffaf göstərilirsə  faydası olacaq… Yoxsa çifayda… Ya həp, ya heç…”

 Bu yazıdan biraz sonra aprel ayının əvvəlində isə bu sərlövhədə bunları yazmışdım:

İqtisadi artım olmazsa…İqtisadi düşüncələr…2

İqtisadi artımın iki əsas qaynağı var: 1) Məhsuldarlıq (Əməyin məhsuldarlığının) artımı, 2) İş yerləri sayının artımı…

İkincidən başlayaq… İş yerlərini yaradan dövlət və özəl sektor subyektləridir… İqtisadi çalxantılar və  krizlər vaxtı dövlət sektoru strukturlarının genişlənmək deyil, daralmaq siyasəti  tamamilə normaldır. Buna görə də bu istiqamətdə hər hansı artımdan danışmaq əbəsdir… Əlavə olaraq qeyd etdiyimiz daralma istiqamətində bu sektorda ixtisarlar labüddür…

Özəl sektora isə böyük şirkətlər və kiçik şirkətlər və start-uplar, yeni təşəbbüslər olaraq ikiyə ayırmaq lazımdır. İqtisadi qeyr-müəyyənlik və kriz vaxtı böyük şirkətlərin də yeni iş yerləri açmağı, işçi almağı azalmaqdadır və hətta ixtisarlara gedilməkdədir. Şəffaf, antimonopol və kiçik biznes təşəbbüskarlığını təşviq və dəstək siyasəti ilə bu dönəmlərdə yeni iş yerlərinin açılması məhz daha çox bu subyektlər tərəfindən reallaşdırılmaqdadır. Yeni iş yerlərinin yaradılmasında məhz kiçik təşəbbüskarların, müxtəlif sektorda start-upların  keyfiyyət prinsipi də gözardı edilmədən kəmiyyəti ən önəmli faktor olaraq qarşıya çıxır. Bu istiqamətdə sistemli və effektiv tədbirlər planı reallaşdırılmalıdır.

İqtisadi artımın birinci qaynağına təsir edən faktorlar isə daxili və xarici faktorlar olaraq ikiyə ayırmaqla yanaşmaq lazımdır. Daxili faktorlar idarəetmə professionallığından tutmuş, personal və performans dəyərləndirməsi, motivasiya və nəticəyönlü karyera planlama sistemi və s. daxildir. Xarici faktor olaraq isə sürətli texnolojik yeniliklərdən nə qədər təsirlənməsi və ən əsası bundan nə qədər məqsədyönlü, nəticəyönlü istifadə məsələsidir.  Əlavə dəyər yaratma yollarından istifadə məhsuldarlığın artırılması istiqamətində digər önəmli yoldur…

Yuxarıdakı sadalananlarla əlaqədar tədbirlər görülməsə və kütləvi  ixtisarlar nəticəsində iqtisadi durğunluq (stagflation) özünü biruzə verməlidir…”

İndi isə təəssüflə, yuxarıda sadaladıqlarım barədə real hansısa tədbir(lər)in görülmədiyini qeyd etmək istəyirəm… və bu yazını ürəklə yazmasam da “Heç olmasa…” başlığı ilə yazmağa qərar verdim… Belə görünür ki… Hazırda “iqtisadi fəaliyyətlər”, “biznes” və “kapital”ın  cəmləşdiyi əl və mərkəzlərdən kənara çıxmayacağını, yəni yuxarıda yazılanların qaynağı olacaq azad rəqabətin olmayacağını nəzərə alsaq, HEÇ OLMASA bu dairələrin məqsədyönlü istiqamətləndirilməsi, güclü mərkəzi nəzarətlə rəqabətqabiliyyətli sektor və məhsulların istehsalı və ixracını prioritetləndirərək mövcud kapitalı, biznesi dəyərləndirmək, əlavə dəyər yaradacaq sektorlarda fəaliyyətinin tələb edilməsi və nəzarəti, sözdə və statistika deyil, əməldə və realda qeyri-neft sektoru açılımının başladılması vacibdir… Təbii ki başqa iqtisadi tədbirlər də görülə bilər… Məsələn…, Şərt qoyaraq istehsal və istehsal sonrası hazır məhsul kimi ixrac məqsədilə idxal olunan xammal və aramalların gömrük şəffaflandırılması və güzəştlər…. Yəni ki qaynaq kimdəysə onlarda olan qaynaqlar dəyərsiz fəaliyyətlərdən: işlədilməyən fabrik və zavodlardan, rantçı fəaliyyətlərdən, səmərəsiz və qeyri-məhsuldar bizneslərdən uzaqlaşdırıb HEÇ OLMASA qeyd edilən istiqamətlərə yönləndirilməsi lazımdır… Başqa çarə görmürəm…

Eşidilməm diləyi ilə….

2015-ci ilin Top 10 Menecment texnikalarında hansı dəyişikliklər baş verib?

http://www.dreamstime.com/royalty-free-stock-images-time-management-techniques-concept-little-d-man-holding-banner-one-hand-alarm-clock-another-clean-white-background-image30746529

      Yazımı 2 il əvvəl eyni mövzuda yazdığım bloq yazısının başlığı ilə başlamaq istəyirəm. “Hər hansı bir sahədə professionallığın yüksəlməsinin ən önəmli yollarından biri də həmin sahəyə aid dünyada baş verən yenilikləri, trendi izləmək, müqayisəli analiz etmək və mümkün olduğunca maksimum səviyyədə bunlardan öyrənərək, istifadə edərək, tətbiq etməyə çalışmaqdır.” Menecment sahəsində baş verən yenilikləri araşdıran McKinsey&Company, The Boston Consulting Group, Booz&Company, Bain&Company, Deloitte Consulting, KPMG, E&Y consulting kimi konsaltinq firmaları mövcuddur. Adları çəkilən firmalar 2014-cü ildə menecment konsaltinq sahəsində qlobal səviyyədə top 10-a daxil olan konsaltinq firmalarıdır. Bu firmalardan biri Bain&Company menecment sahəsində şirkətlərə sorğu ilə ən çox istifadə etdikləri menecment texnikaları haqqında araşdırma aparmaqda və yayınlamaqdadır. Son dəfə təxminən 2 il əvvəl bu 2013-cü il üçün aparılan araşdırma nəticələri haqqında məlumat vermişdim.”2013 üçün TOP 10 İdarəetmə texnikaları və trendləri…” adlı yazıda 2011-ci il araşdırma nəticələri ilə müqayisəli təhlil çərçivəsində yazı ilə tanış ola bilərsiniz. Artıq Bain&Company 2015-ci il üçün də yeni araşdırma nəticələrini açıqlamışdır. Davamını oxu »

Əlavə dəyər yaratma yolları…

Şirkətlərin həyatlarının hər mərhələsində əsas məqsədləri qazanc əldə etməkdir. Bu istiqamətdə inkişaf tempində olan şirkətlərdə çətinliklər az olsa da və ya daha az hiss edilsə də demək olar ki, bütün şirkətlərdə müxtəlif zamanlarda qeyd edilən əsas məqsədi əldə etmədə bir tıxanıqlıq yaranır  və  ya azalma meyli göstərir. Bu tıxanıqlıq və azalmanın həlli pərakəndə fəaliyyətlərlə deyil, konseptual yanaşma və böyük çərçivəni görməkdən asılıdır.  Xüsusilə böhran dönəmlərində və kəskin rəqabət şəraitində şirkətlər problemlərə daha stratejik və konseptual baxmalıdırlar. Bu yazıda qazanc əldə etmə istiqamətində əlavə dəyər yaratma yollarından bəhs etmək istəyirəm. Və bunu aşağıdakı şəkil vasitəsilə göstərərək aydınlaşdırmaq fikrindəyəm:
Şəkildən göründüyü kimi üç dəyər yaratma qaynağı mövcuddur:
 1) Tədarükçü qaynaqlı dəyər yaratma yolu
 2) Şirkət daxili dəyər yaratma yolu
 3) Müştəri qaynaqlı dəyər yaratma yolu…
Şirkətlər bu üç dəyər yaratma yolundan effektiv istifadə etməlidir. Hər üç istiqamətdə fəaliyyətlər konseptual şəkildə araşdırılmalı, problemlər ortaya çıxarılmalı və konseptual həll yolları tapılmalıdır.
-Tədarükçü portfelinin strukturu, alternativ tədarükçü dəyərləndirməsindən tutmuş mövcud tədarükçülərlə bazarlıq gücünə qədər və nəticədə onlarda daha aşağı qiymətdən satmaq istəyinin yaradılması ilə əldə ediləcək dəyər tədarükçü qaynaqlı dəyər yaratma yolunu əhatə edir.
-Şirkət daxilində maliyyətin formalaşmasında rol oynayan faktorların ələ alınması, incələnməsi və effektivlik və səmərəliliyin artırılması ilə düzgün optimizasiyanın həyata keçirilməsi şirkət daxili dəyər yaratma yolu kimi ifadə oluna bilər.
-Üçüncü isə şirkət xitab etdiyi müştəri qisminin almaq istəyini gücləndirmək istiqamətində gördüyü tədbirlər toplusu və qiymətin qorunması və mümkün olduğu təqdirdə isə müəyyən qiymət artımıyla yaradılacaq əlavə dəyər mexanizmidir. Ancaq bunun qaynağı müştəriyönlü əlavə dəyər yaratmaqdan keçir. Xidmətdə və keyfiyyətdə təkmilləşdirmə yolları bunların qaynağıdır. Yaradılacaq əlavə dəyərin geri dönmə dəyəri daha yüksək olacaq əlavə dəyərlər yaradılmalıdır.
Nəticədə bu üç istiqamətdə konseptual fəaliyyət maliyyətlə-qiymət aralığını genişləndirəcək və şirkətə əlavə dəyər qazandıracaqdır…
Dəyər yaratma yolunda uğurlar diləyi ilə…
Bu mövzuda digər yazılar: 
 
 

"Sınaq müddəti"- kimin üçün?

Şirkətlərin yeni işçilərin qəbul edilməsi zamanı çox zaman tanıdıqları “3 aylıq (və ya hər hansı bir müddət)  sınaq müddəti” haqqında qısaca fikirlərimi paylaşmaq istədim. Yazının başlığında da gördüyünüz kimi  “kimin üçün?”  sualını verərək bu olaya fərqli tərəfdən yanaşmaq istədim. Bəli, əlbəttə ki işə götürənlə işə götürülən arasındakı razılaşmalarda sınaq müddəti daha çox işə ehtiyacı olan tərəfə məsuliyyət yükləməkdədir.
 Ancaq mən qısaca burada ikinci tərəf olan şirkətlərin də eyni zamanda bir sınaqdan keçdiyini artıq qəbul etmələrini istəyirəm. İşçiyə tanınan o sınaq müddəti eyni zamanda ümumilikdə şirkətin, onun hansısa bölümünün və ya daha irəli getsək ona rəhbərlik edəcəklərin “sınaq müddəti” kimi də yanaşılmasının faydalı olacağı bilinməlidir.

 “Customer engagement” və “Employer engagement” deyilən məvhumlarda da bu amilin önəmi böyükdür… Şirkətlər  təklif etdikləri sınaq müddəti ərzində  “özünü”- satmaqdadır… İstər sınaq müddətini keçib işə qəbul olunanlar olsun, istərsə də sınaq müddətini bu vəya digər səbəbdən keçməyənlər olsun bu hər iki qism üçün önəmlidir…

 Sınaq müddəti ərzində şirkət və əməkdaşları haqqında yaranan təəssüratın işə götürülənlər və götürülməyənlərdə təsirli bir iz buraxacağı danılmazdır… Bu iz işə götürülənlərdə bir müddət davam etsə də, digərlərində demək olar ki uzunmüddətli qalacaqdır və yaranan bu təəssürat başqalarına ötürüləcəkdir… müsbət və ya mənfi PR-ı yaratmış olacaqdır…
 Buna görə də şirkətlər rəhbər və əməkdaşları ilə birlikdə bu anlayışın tək tərəfli deyil, ikitərəfli olduğunu qəbul edib bu istiqamətdə işləsələr yuxarıda qeyd edilən xoş bağlılıq yarada biləcəklər… Bu da bir növ bir fürsət kimi dəyərləndirilməlidir… Sınaq müddətinə bir növ qarşılıqlı “feedback periodu” kimi baxılmalıdır…