İqtisadi kriz növləri və ya əlamətləri……

economic-crisis-istockBilənlər əlbət bilir, bilməyənlər üçün içində bulunduğumuz gedişatların fərqində olmamız üçün bu bloq yazımda çox qısa olaraq iqtisadi kriz növləri və ya əlamətlərindən qısaca bəhs etmək istəyirəm:

İnflyasiya (Inflation): Bu hamının bildiyi kimi, qiymətlər səviyyəsinin daim yüksəlməsi deməkdir… Bir dəfəlik artımlar inflyasiyaya aid edilmir, davamlı olarsa artıq inflyasiyaya aid edilir. Eyni zamanda bir və ya bir neçə malın da qiymət artımı inflyasiya deyil… Ümumi istehlak mallarının qiymət artımı inflyasiya sayılır…  İki cür meydana çıxır: Tələb və Maliyyət inflyasiyası. Tələb inflyasiyası yüksək tələbin mövcudluğu və daim artması halında təklifin bu tələbi qarşılya bilməməsi durumunda ortaya çıxır. Maliyyət inflyasiyası isə, istehsal olunacaq malların xammal və istehsal üçün lazımi digər mal və materialların qiymətlərindəki davamlı yüksəlmə ilə yaranır. İnflyasiya ilə mübarizə haqqında yazmıram çünki məncə aşağıda olandan daha çox bilinən bir mövzudur…

Deflasiya (Deflation) : Deflasiya qiymətlər ümumi səviyyəsinin geriləməsi, düşməsidir. İnflyasiyada olduğu kimi burada da bir və ya bir neçə məhsulun qiymətindəki düşmə deyil, ümumi olaraq qiymətlərdəki düşmə önəmlidir. Eyni zamanda bu düşmə sadəcə 1 dəfə deyil, davamlı düşmə göstərməsidir. Əslində ilk baxışdan müsbət təsəvvür yaratsa da bu əlamət inflyasiyadan daha təhlükəlidir. Belə ki, qiymətlərin daimi düşməsi istahsal vahidlərinin fəaliyyətlərinə mənfi təsir edir, istahsaldan çəkindirir, istahsal azaldığı zaman isə ölkədə ÜDM azalma göstərir, şirkətlər qazanmadığı təqdirdə ixtisarlar da başlayır…  Eyni zamanda qiymətlərdəki davamlı düşmə pulun-milli valyutanın satınalma dəyərini artırır. Effektiv istehsal politikaları olmadığı təqdirdə ekonomini canlandırmaq üçün sadəcə istehlakçı kreditləri ilə tələbin artırılması isə daha çox istehlak cəmiyyətinin ortaya çıxmasına səbəb olur.  İstehlakın isə yerli istehsalın yetərli olmadığını nəzərə alsaq daha çox idxal ilə qarşılanması durumlarını ortaya çıxarır. Real ekonomik dəyərlər yaradılmır… Yəqin ki bu durum hər kəsə tanış gəlir…

Resessiya (Recession): Resessiya ekonominin kiçilməsi əlamətidir. Ekonominin artımı və azalması ÜDM ilə ölçüldüyü üçün real vəziyyət ÜDM-nin azalması ilə izah olunur. 2013-cü ildə ÜDM-də artım 5.8%, 2014-cü ildə 2.8% olduğu, 2015-ci il isə ÜDM-dəki artımın art1q 1% olduğu yəni gerilədiyi söylənir.  Resessiya əlaməti bir maliyyə ilində iki rübün nəticələrində geriləmə olması ilə təyin edilir.  Bu qısa dönəmi əhatə edir, və ədatən “V” ilə göstərilir… Qısa dönəmli azalış və artımlar sirkulyasiyası isə “W” ilə nişanələnir…  Ancaq artıq gördüyünüz kimi 2013-dən indiyəcən ÜDM artımındakı azalışlar uzunmüddətli resessiya içində olduğumuzun göstərgəsidir. Bu cür resessiya “U” ilə göstərilir…“U” nun isə nə qədər enli və ensiz olduğu yani resessiyanın uzunluğu-daimiliyi ilə əlaqədardır…

Stagflasiya (Stagflation): Gəlirik indi daha çətin iqtisadi kriz növlərinə… Stagflasiya iqtisadiyyatda inflyasiya ilə bərabər iqtisadi durğunluğun yaşanması əlamətidir… Yəni qiymətlər ümumi olaraq artır, ÜDM-də isə artımın olmadığı haldır… Buna durğunluq halında inflyasiya adı da verilir… Zənnimcə artıq bunun əlamətlərini hiss edirik… Bu iqtisadi krizlərin ən çətin növlərindən biridir. Əgər heç olmasa ekonomidə ciddi artım olsaydı inflyasiyanın azaldılması tədbirləri işə yarayardı və beləcə krizdən daha asan çıxılardı… Stagflasiya zamanı ya iqtisadi canlanma əsas tədbir kimi ələ alınmalı ki bu yanında inflyasiya gətirir… ya da inflyasiya ilə mücadələ aparıldığı zaman isə iqtisadi canlanma arxa plana çəkilir,  durğunluq davam edir…

Depressiya (Depression): Bu əlamət də ekonominin -iqtisadi fəaliyyətlərin resessiyadan daha uzun müddətdə geriləməsini ifadə edir… Resessiya yuxarıda dediyimiz kimi bir neçə rübü və ya 1-2 illik nəticə ilə xarakterize olunursa, depressiya bir neçə illik, vəya 5-10 illik  uzun müddətliliyi ilə resessiyadan fərqləndirilir...(Allah qorusun)

Slumpflasiya (Slumpflation): Bunu da Allah göstərməsin…  Slumpflasiya əslində resessiyanı və stagflasiyanı özündə birləşdirən və ekonomik krizlərin ən qorxulusu olanıdır… Slumplasiyada eyni zamanda həm iqtisadi geriləmə yaşanır getdikçə ÜDM-nin artımının deyil ha özünün davamlı azalması- artımın olmaması, işsizlik  və eyni zamanda inflyasiyanın meydan oxuduğu durumdur… İnflyasiya içində ekonominin kiçilməsini, geriləməsini durdurmaq sonra isə artıma keçirmək çox çətin məsələ olduğu üçün slumpflasiyaya getmədən heç olmasa stagflasyondan bu geriləməni durdurmaq lazımdır…  Hazırda resessiya və inflyasiya yaşandığı üçün mən ancaq stagflasiya (1%lik artım yaşansa da) kimi xarakterizə edə bilərəm durumumuzu…

Slumpflasiyaya keçmədən ekonomik tədbirlər görülməli… struktural dəyişikliklər edilərək, məqsədli istehsal və ixracyönümlü iqtisadi fəaliyyətlərə yönləndirmələr və  canlandırma fəaliyyətləri aparılmalıdır… (Tədbirlər haqqında daha geniş başqa yazıda…) və bu da ancaq BEYİNLƏRİN DƏYİŞMƏSİ ilə olar…!!!

Dəyişimin dörd otağı modeli ilə mövcud vəziyyətimiz…

yenilemeBalaca bir mövcud vəziyyət analizi eləmək istədim… Amma model olaraq bilinən mövcud vəziyyət analizi modellərindən birini yox, çox da səs salmayan amma fikrimcə faydalı olan bir modeli istifadə edərək əslində bilinən bir vəziyyəti göstərmək istəyirəm. Bu modeli cəmiyyətin bütün vahidlərində, dövlət, ekonomi idarəetməsində, biznes sahəsində, şirkət idarə etməsində və şəxsi inkişafda dərs kimi götürmək olar…

Deməli belə,  gəlin əvvəlcə niyə “dəyişim” kəliməsini istifadə etdiyimi açıqlayım… doğrusu, nədənsə dilimizdəki “dəyişiklik” sözünü uyğun görmürəm, səbəbi “dəyişiklik”-in daha çox xarici (external) faktorlara aid olduğunu, “dəyişimin” isə bu xarici faktorların təsiri ilə başlasada özündə baş verən iç yeniləməni ifadə etdiyidir… Nə isə məncə bu o qədər də önəmli deyil… 🙂

Gələk əsas məsələyə “Dəyişimin dörd otağı” modelinə görə baş verən dəyişim prosesi dörd mərhələdən ibarətdir…

yenileme

1-ci otağımız halımızdan məmnuniyyət otağıdır… Bəli, bəli düz tapdınız “AZTV” otağımız… Hər şey gözəl, bizdən xoşbəxti yoxdur… Qazandığımız pulun 4-5 qatını kredit almaqla xərcləyirik, qara qızılımız zağ olsun… “bəy yeyər, qırağından nökərə də düşər” misali hamı kefdədir… sürətlə inkişaf edirdik… (Razı deyilsiniz? – görüntü eləydi…)

Bir də gördük ki, kontrol edə bilmədiyimiz, kontrol etmək üçün gücümüz çatmadığı xarici mühitdə dəyişiklikər baş verməyə başladı… Bizi də qıdıqlamağa başlayır… amma biz sanki qəflət yuxusundayıq ya da heç vecimizə də deyil… biz varlı ölkəyik… fomdumuz var… hə keçmişik 2-ci otağımıza… Baş verən dəyişiklikləri inkar etməyə çalışırıq, onda bunda olan xarab yerləri görsədirik özümüzün isə “uğurlarımızı”… Özünüsansür başlayr… və s…

Amma dedim axı baş verən dəyişikliklər özümüzün kontrol edə bilmədiyimiz mühit faktorları olduğu üçün dəyişim sürətləndikçə və artdıqca qınımıza, 3-cü otağımıza çəkilirik… Şaşqın şaşqın baxırıq bir-birimizə… “nələr oluyor böylə… bizə nələr oluyooo” deyirmişcəsinə özümüzdə fikir ayrılıqları yaranır… Bəs belə etsəydik belə olardı, ay bunu niyə belə etmədik, ay vaxtında tədbir zad… Keçmişlə oynamağa, keçmişə fokuslanmağa başlayırıq… Halbuki day keçib eeey onu da dəyişdirəmmərik… Və beləcə güvənsizlik, etibarsızlıq, inamsızlıq, hər tərəfdə hal-i pərişanlarımız… Amma belə nə vaxtacan?

Qaldı 4-cü otağmız buna da ad verək “bəy hamamımız”… İndi bu bəy hamamına girməyə də cəsarət lazım… Girsək yenilənib, təmizlənib, yeni nəfəslə çıxacağıq… amma girəndə bəy hamamına toplu girmək lazım…yoxsa xeyri olmaz… Beləcə yeni işıqlar, yeni sıçrayışlar, yeni ümidlər doğar… Yeni imkanlar yaradıb, yeni qaynaqlar aşikar edib, yeni yollarla pərçimli halda getməliyik… Və bu bir müddət sonra birinci otağa keçməmiz üçün fürsətdir… Amma buna  “tavada biş, ağzıma düş” deməklə nail ola bilmərik, “səndən hərəkət, məndən bərəkətlə” nail olarıq…

Yenilənmə diləyi ilə…

 

Dəyişim üçün beyinlərdə dəyişim vacib… və ya bir zavodun açılmama səbəbi…

BeyniniKullananAdam Yeni ildir doğrudur, mən də keçmişə çox qayıtmağı istəməsəm də, yeni ilin ilk yazısını müsbət əhval ruhiyyədə başlatmaq istəyində olsam da…  bugünümüzün səbəblərindən biri haqqında yadıma düşmüşkən yazmaq istədim… Amma düşünürəm elə gələcəyimiz üçün də keçmişdən dərs almağın vacib  olduğunu nəzərə alsaq yerində yazıdır…

İl 1998… Türkiyədə, İstanbulda MBA oxuduğum vaxtlar pazarlama hocamın dəstəyi ilə özünün də consultant olduğu bir şirkətdə part-time işləyirdim. Şirkət qaynaq elektrodları istehsal edən və öz məhsullarını əsasən eksport edən şirkətdir. Şirkət o zamankı neft kəmərlərinin çəkiləcəyini də nəzərə alaraq Azərbaycanda qaynaq elektrodları və telləri istehsal etmək niyyətində idi… və bunun üçün real finans və müstakbel ortaqlar axtarışı və seçimi mərhələsini də keçməkdə idi… Bəhs etdiyim şirkət, Türk Eximbank və EBRD-nin də bu investisiyada bu vəya digər şəkildə iştirakı razılığını əldə etmişdi…

Bu məqsədlə o vaxt şirkət rəhbərliyi və sayın hocamla birlikdə Bakıya səfər etdik. O zaman üzdə olan bir neçə yerli şirkətlə də görüşlər keçirdikdən sonra  istehsal yeri olaraq B.Sərdarov adına maşınqayırma zavodunda olduq və bu investisya üçün yararlı olduğu qənaətinə varıldı. Sonrakı mərhələ layihəyə dəstək verən finans qurumların bu investisiya üçün politik risk olaraq dövlət zəmanəti və dəstəyinin vacibliyinin şərt olduğunu istəmişdilər… Bu istiqamətdə də görüşlər keçirildi ancaq görüşlərdən sonra heç də az olmayan müəyyən məbləğ tələb olundu!!! bu zəmanət üçün… Bax beləcə ölkədə bir istehsal sahəsi, 250-300 nəfər işlədəcək bir zavodun açılması gerçəkləşmədi…  Həmin zavodda istehsal olunacaq məhsullar illərlə idxal olundu və olunur… Zavod olsaydı bu idxal əvəz olunardı və hətta ixracı da olardı… O dövrdən vəzifədə olanlar indi də vəzifədədirlər çoxları…

Yəni dəyişim üçün ilköncə insanların və beyinlərin, məqsədlərin dəyişməsi lazım…

Öncə insan, hər zaman insan…!!!

what-is-hr-featureXoş gördük… Bu yazını oxumamışdan əvvəl çox xahiş edərdim ki, 3 il əvvəl -2012-ci ilin məhz bu günlərinə təsadüf edən günlərdə yazmış olduğum “Azərbaycan şirkətlərində HR-İnsan Resursları probleminə subyektiv?! baxış” başlıqlı yazımı oxuyasınız. Bəli əgər oxudunuzsa bu sahədə 3 il əvvələ qədər müşahidə etdiklərimi və bu sahənin inkişafı və “inkişafsızlığı” haqqında “subyektiv?!” fikirlərimi bilmiş oldunuz. İndi isə o günlərdən 3 il keçibdir. Nə dəyişib? və ya düşüncələrimdə hansı dəyişikliklər baş vermişdir istərdim bu haqqında yazım. Qeyd etdiyim yazı sosial şəbəkələrdə geniş müzakirə olunmuşdur. Və təbii ki mənimlə razılaşanlar və razılaşmayanlar, fikir müxtəlifliyi olmuşdur. Ancaq ümumilikdə qeyd etdiyim problemlərin məhz “subyektiv” deyil, real problemlər olduğunu dilə gətirənlər daha çox idi. Həmişə çalışmışam pozitivliyi itirməyim və yazılarım insanları əl-qollarını yana sallayıb “heç nə mümkün deyildir”, “heç nə düzəlməz” kimi fikirlərindən bir balaca da olsa uzaqlaşdırsın. Məhz o yazıda da bu sahədə müəyyən işartıların olduğunu qeyd etmişdim. Bu yazını da yazmaqda səbəb məhz həmin işartıların reallaşması istiqamətində bu sahənin inkişafına imza atan və atmaq istəyən dostlarımızın çalışmalarıdır.

Bəli çox sevindirici haldır ki, içində yer aldığım Marketinq sahəsində arxa-arxaya keçirilən Milli Marketinq Forumundan sonra artıq bu il İnsan Resursları istiqamətində də belə forumların keçirilməsi təşəbbüsü ilə çıxış edən və reallaşmasına çalışan insanlar, qruplar meydana çıxmışdır. Öncə insan, hər zaman insan…!!! Hər hansı bir sahənin inkişafında onu əhatə edən insanların məsləki solidarizmi böyük rol oynayır. Bu barədə daha geniş olaraq “Məslək-i solidarizm… ” adlı yazımda oxuya bilərsiniz. Həmin yazıda da Durkheim ve Ziya Gökalpın da qeyd etdikləri kimi cəmiyyətin inkişafı sinfi təbəqələşmə ilə deyil, məsləki təbəqələşmə, məsləki solidarizmlə, məsləki birliklə mümkündür. İnsan resursları sahəsində məsləki birlik, məsləki solidarizm qığılcımlarını görmək sevindirir. Çünki ən dəyərli varlıq olan “İnsan” və biznes dünyasında ona verilən dəyər  və ya dəyərin formalaşması buradan keçir… Çox maraqlıdır ki, bu il bu sahədə bir deyil iki forumun keçirilməsi planlaşdırılır. Bu forumları keçirmək istəyən hər iki qrupdan bu sahənin ağrı və acılarını yaşayan və  həqiqətən illərdir bu sahə ilə iç içə olan tanıdıqlarım vardır. Adların hamısını qeyd edə bilməyəcəm. Noyabrda keçiriləcək İnsan Resursları Forumu Bakı 2015 təşəbbüskarları və təşkilatçılarından dostlarım Tural Məmmədov , Zaur Məmmədov, Elgül xanım Hacıyevanı və eləcə də Nilufər xanım Məsimovanı və Fidan xanım Abdullayevanı təqdir edir və Forumun keçirilməsində uğurlar arzulayıram! Dekabrda keçiriləcək Milli İnsan Resursları Forumu 2015 təşəbbüskarları və təşkilatçılarından olan dostlarım Cabir Süleymanlı və Murad Maliki də bu təşəbbüskarlığa görə təqdir edir onalara da faydalı Forum keçirmələrində uğurlar diləyirəm! Bəli artıq işartılar müəyyən dərəcədə işığını artırmaya başlayıb və bu sahədə kəmiyyətcə çox sayda təlimlərin keçirilməsini də qeyd etmək mümkündür… Keyfiyyətin də  kəmiyyətlə bərabər getdikcə artacağı sözsüzdür və bunu arzulayıram.

Beləliklə şirkətlərimizdə “Öncə insan, hər zaman insan…” məfkurəsinin yayılması istiqamətində atılan bütün fəaliyyətləri yüksək qiymətləndirir və dəstəkləyirəm!

Hər iki Foruma – təşkilatçı və iştirakçılarına uğurlar diləyirəm!

“Sayılan yerdə olmalısan…”

positive_thougthsBu yazının səbəbkarı Fidan İlham xanımdır… Elə isə səbəbkarın istəyi ilə hansı yazısına cavab yazdığımı bilmək üçün buyuraq oxuyaq:  “20-li yaşlarda edilməli 14 şey “

Salam Fidan xanım. Gec də olsa yəqin ki cavab yazmamaqdan daha yaxşıdır… “Sayılan yerdə olmalısan”!

1. Qismən razıyam… Belə ki erkən yaşlardan (bu 18-dən etibarən) işləmək öz ayağı üstündə durmağın “dadını çıxarmaq”dır… Daha kiçik yaşların öz tələbləri var… O yaşdakılar himayədələr və sadəcə bunun 18 yaşına qədər davam edə biləcəyini qəbul etməlidirlər… Bunu izah etmək olar… Keçmişi yaşamısınız, geri gəlməyəcəyi kimi qəbul edib bunu başqasına yaşatmamaq da lazım. bu sizin həyatınız olub… öz istədiyiniz həyatı uşaqlarınıza yaşatmağa çalışmayın… Hər insan özəldir…

2. Bəli! Amma səyahət etdiyin yerlərin, gördüklərinin, rastladıqlarının fərqində olmaqla, yaşamaqla! bu bəndin şiddət dərəcəsi çox yüksəkdir, mənim üçün də…

3.Şərtlər və şanslar insan həyatına hakimdirsə burda riskdən və azadlıqdan söz etmək əbəsdir… İnsanların şərtlər üzərində hakim olması, şərtləri yaratması və buna görə riskə getməsi onu o edən addımdır. Şərtlərin içində boğulmayıb ona yuxarıdan baxarsaq, edilən risklərin səhv nəticəsindən tez qurtulub başqa bir yola addım qoya bilərik… Çünki bir başqa addımda başqa şərtlər ola bilər…

4. Cəsur olmaq, qəhramanlıq etmək gözəldir… ancaq davamlılığı olarsa… “Qəhrəmanlar” bir anda parlayıb yerində sayanlardır… Parlayıb və bu parlaqlığı artırmaq, bunu daimi qılmaq isə onları liderə çevirər…

5. Burada da yenə insanın özünün və etdiklərinin fərqində olmağı məsləhət görərdim… Bunun fərqinə vararsa yaxşı vərdişlərə doğru yol alacaqdır… Eşitmisiz “tüməvarım” və “tümdən varım”… Vərdişlər sizi əks etdirir və “tüməvarım”a çıxaran yollardır…Kamilləşmə sürəcində diqqətə alınacaq şeylərdir…

6. Bununla da qismən razıyam… Böyük şirkət atmosferinin qazandıracağı şeylər var təbii ki, müəyyən fürsətləri dəyərləndirilə bilər… Amma öyrədən daha çox “kiçiyi böyütməkdir…”

7. ÖYRƏNMƏK – davamlı və məqsədli… Yolu bilmədiyini bilməməkdən başlayıb, bildiyini bilməməyin və bilmədiyini bilməyin fərqində olmaq və bildiyini bilməklə və təkmilləşdirməklə davam edər!

8. “Give and Take”… “Sevgi və Bilgi” paylaşdıqca artan iki dəyər…

9. Sahiblik duyğusu məsuliyyət və bağlılıq yaradır… Bu baxımdan bəli… Amma sahib olduqlarına bağlı qalmaq bizi və onları müsbət yöndə dəyişməyə mane olmamalı…

10. Hobbin olsun amma səni anlatsın…

11. Etiraf: əksiyim və istəyim! Təəssüfki sadəcə istəkdə qalır! Amma dərd eləməyə də dəyməz… Əvəzedicilərini yarada bilərik…

12. Rəqslərə münasibətim müsbətdir… Görənlər təsdiq edər!:)

13. Pul qazanmaq müəyyən dövr üçün məqsəd…ondan sonra isə vasitədir… Əvvəl insan vaxtını, sağlamlığını pul qazanmaq üçün xərcləyir… daha sonra pulunu bunlar üçün… Zəngin olduqdan sonra biznes klasda uçmaq insana vaxtdan səmərəli istifadə təmin edirsə… pulu bunun üçün xərcləməyə dəyər… İşlərin deleqasiya edilməsi… və s. Ona görə daimi məqsəddən çıxır…

14. Özün olmaq üçün öz potansialını görmək, fərqində olmaq və istifadə etmək…lazım… Potansial enerjini kinetik enerjiyə çevirmək lazım… Potansial sabitlikdir…əlavə dəyər hərəkətlə qazanılar… Vicdan prinsipi ilə öz yolunu tutmaq, özün olmaq lazımdır… 8-ci maddəyi untmamaqla…

Uğurlar diləyi ilə..

Hunaltayın “Bəlkə biz düz eləmirik…?” yazısına cavab…

Bir neçə gün əvvəl Rafiq Hunaltay dostumuz “özünüsorğulama” metoduyla bir yazı yazıb bizi də özümüzü sorğulamağa dəvət edibdir… Hörmətli dostumuzun arenamızda imzası “Marketinq Məhərrəm” olsa da “Hunaltay” imzası mənim üçün daha yaxındır…:), ona görə də Hunaltayı seçirəm…! Hunaltay deyir ki “bəlkə biz düz eləmirik?” Bilmirəm indi meyxanaya və meyxanaçı o zata çox qulaq asır deyə bu mahnı onu bunu yazmağa eşqə salıb… Amma məncə yox… deyəsən dediyim kimi güzgüyə baxıb “bəlkə biz düz eləmirik” sualını verib özünə ki bunu qələmə alıb… Mənə də pas atdığı üçün mən də “biz nəyi düz eləmirik?” sualına cavab verməliyəm… amam mən düşünürəm ki nə edilirsə “düz” edilir… Çünki edilir… Edilən hər bir şeydə səhvlər də mümkündür və hətta lazımlıdır… Ancaq nəticədə ətalət deyil, hərəkət var və hər bir hərəkət yenilik, dəyişiklikdir…

Əziz Hunaltay, bu özünüsorğulama belə az bəni-ademdə olan keyfiyyətdir ki elə bunu eləmək belə müsbət keyfiyyətlərdən xəbər verir… Qaldı ki saydığnız aktivliklər ki, hamısının arxasında təbii ki  daha güclü məqsədlər dayanmaqdadır ki bu məqsədlər də ancaq və ancaq müsbət və inkişafyönümlü məqsədlərdir… Böyuk Hun Atilla deyir ki… “Yüzeysel amaçlar, yüzeysel sonuçlar doğurur.” Məqsədlər “yezeysəl” deyirsə nəticələr də “yüzeysəl” olmayacaqdır…  Bir sözü də “Amaçsız bir Hun amacına ne zaman ulaştığını esla bilemez” -dir. Məqsədlər və onun istiqamətində fəaliyyətlər, hərəkətlər varsa, bəhrəsi də olacaqdır… Odur ki yola davam…!!!

Çox hörmətlə…

2014 ili hesabatım və 2015-ci ilə addım…

Bəli beləcə bir ili daha başa vururuq… Fikrimcə hər şəxs heç olmasa ildə bir dəfə də olsa özü üçün bir hesabat olmasa belə, elədiklərinin və eləmədiklərini qələmə almalıdır… Mən də bu minvalla bu ildə elədiklərimi yazıb, eləmədiklərimə isə 2015-ci ildə özümdə reallaşdırmaq istəyinin oyanması və Allahın köməkliyini diləyirəm… Təbii ki mən burada hər kiçik nüansı deyil, elədiklərimin aid olduğum cəmiyyət və onun alt sistemləri üçün faydalılığını əsas alaraq yazıram.
Bu il nələr elədik…
– Müxtəlif qurum, təşkilat və şəxslərin istəyi ilə10-dan çox ödənişsiz seminar və təlimlər verərək, gənclərimizlə bilgi paylaşımında bulunduq…
– Keçən illərə nisbətən bloq yazılarımın sayı azalsa da bu il də bloq yazılarıma davam etdim və çalışdım ki maraqlı və işlənməmiş mövzulara toxunaraq oxucularımla fikir paylaşımı edim. Və nəticəsində çoxlu maraqlı “feedback”lər aldım ki bu da bir daha daxili motivasiyamızı gücləndirərək düzgün istiqamətdə olduğumuzu təsdiqləməkdədir.
– Bu ildə “Ecolife” dərgisinin bəzi sayılarında yazılarla çıxış etdim.
– Ölkənin qabaqcıl təhsil qurumlarının ikisindən birində bakalavrda, digərində isə MBA pilləsində dərslərim oldu… Bütün tələbələrimə fürsətdən istifadə edərək 2015-ci ildə uğurlar arzulayıram.
– Çalışdığım şirkətdə funksiyalarımdan əlavə olaraq mərkəzdə və bölgələrdə 20 grupdan çox – bu da 300 nəfərə yaxın Satış və Satışdan sonra xidmət heyətinə satış və müştəri xidməti mövzularında təlim verdim.
– Çalışdığım şirkətdə Stokholm Economy School uzunmüddətli təlim layihəsi çərçivəsində komandalardan birinə mentorluq etdim və bu komanda nəticədə layihələr müsabiqəsində birinci yeri qazanmışdır.
– Bu il Almanyaya Business tour çərçivəsində xüsusilə Pərakəndə sektorunun xüsusiyyətləri, pərakəndəcilikdə yeniliklər, EUROSHOP sərgisində iştirak, Europe Retail Academy və Food Acadmy ilə tanışlıq-də seminar və müzakirəldə bulunmaq fürsəti əldə etdim. Europe Retail Academy qurucusu ilə dostluğumuz yarandı və əlaqələrimiz davam edir.
– Müxtəlif şirkətlərdən gələn təlim və konsultasiya tələblərini də vaxt darlığı olsa da qarşılamağa çalışdım. Tələblərini vaxt məhdudiyyəti ilə əlaqədar geri çevirdiyim şirkət və şəxslərin bunu anlayışla qarşılayacaqlarını ümid edir və gələcək ildə əməkdaşlıq fürsətini dəyərləndirəcəyimi bildirirəm.
– Təbii ki sayını deyə bilməyəcəm, amma sosial şəbəkələr vasitəsilə və birbaşa müraciət edən çox sayda gənclərimizin  təhsilləri, iş həyatı, seçimləri istiqamətində məsləhət ehtiyaclarını can-i könüldən və səmimiyyətlə qarşılamağa da çalışmışam. Hər birinə növbəti ildə uğurlar!
-Bir layihə çərçivəsində bölgələrimizin birində “Kiçik biznes fəaliyyətləri və biznes planın hazırlanması” ilə əlaqədar 4 gün 40-a yaxın vətəndaşımıza təlim verdim…Bu layihə çərçivəsində təlimçilər üçün vəsait olaraq eyni adlı kitabçam bu layihəni maliyyələşdirənlər tərəfindən elə bu ay çap edilmişdir…
– Çox hörmətli jurnalist aparıcı dostumuzun dəvəti ilə bir neçə verilişdə iqtisadi və marketinq mövzularında İTV-də çıxışlarım oldu…
– Çoxdandır üzərində işlədiyim bir kitabımı yekunlaşdırma mərhələsinə çatdırdım və inşallah 2015-ci ildə işıq üzü görməsi üçün çalışacağam.
– Təbii ki dostları da unutmayaq… Müxtəlif zamanlarda dostlarla maraqlı görüşlərimizdən də həzz aldım.
Beləliklə mən 2014-cü ili məhsuldar və maraqlı il olaraq dəyərləndirsəm, ilin haqqını vermiş olaram düşüncəsindəyəm…
Etdiklərimiz edəcəklərimizin qarantiyasıdır…!!!
2015-ci ildə özümə və hər kəsə potansiallarımızın reallaşdırılmasını diləməklə, Yeni ilin uğurlu keçməsini arzulayıram!

Vətəndaş elmi nədir və biznesdə yeri…

İnformasiya cəmiyyətinin yaratdığı çox sayda anlayışlar mövcuddur. Bunlardan biri də yeni anlayış kimi qəbul edilən “Vətəndaş elmi”-“Citizen Science”dir. Bu anlayış 2014-cü ildə lüğətlərə girmiş, ancaq praktik olaraq həmişə mövcud bir anlayışdır. Bəzən bu anlayış “civic science”, “crowd science”, “networked science”  olaraq, “mülki elm”, “kütlə (camaat, grup, topluluq) elmi”, “şəbəkə elmi” və s. kimi də işlədilir.
Bu anlayış, ənənəvi elm-in müəyyən bir teorik çərçivələndirmə tələbindən çıxaraq, hər hansı bir sahənin elm adamlarının, professionallarının araşdırma və yanaşmasından ziyadə, kütlənin içindən peşəkar olmayan, həvəskar və könüllü araşdırmaçıların  bu istiqamətdəki fəaliyyətlərini əhatə edir.

Əslində normal araşdırma mərhələlərini əhatə edən bir fəaliyyətin həvəskar, könüllü və ya fərdi qaydada aparılmasıdır. Bəzən isə müəyyən mərhələdə aid olduğu sahənin peşəkar və ya elm mənsubları tərəfindən nəzarət və istiqamətləndirməsi şəklində də həyata keçirilir.

 Başda da qeyd etdiyim kimi, bu anlayışın da digər bir çox anlayış kimi meydana çıxmasına və ya qəbul görməsinə səbəb əslində informasiya dövrü, informasiyya cəmiyyəti olmuşdur. İnformasiya paylaşımı, informasiya əldə etmə asanlığı və azadlığı, internet resursları kimi araşdırma mənbələrinin çoxalması buna meydan açan səbəblərdir. Bu anlayışın müxtəlif ictimai layihələrdə uğurla istifadəsi artıq özünü göstərmişdir. Əsasən ictimai fəallıq nöqteyi-nəzərindən önəmli faydaları mövcuddur. Mən bu yazımda bu anlayışın biznes sahəsindəki yerinə bir balaca toxunmaq istəyirəm…
Müşahidə etdiyimiz kimi, əvvəlki dövrlərdən daha çox indi istənilən sahənin professionalları, elm mənsubları ilə yanaşı və hətta onlardan dəfələrlə çox hər bir sahədə amator-həvəskar, könüllü fərdi və ya qrup fəaliyyətlərinə rast gəlirik. Bu təbii proses olaraq belə də davam edəcəkdir… Və bu hər bir sahədə olduğu kimi bunun biznes mühitinə də təsiri mövcuddur…
Məsələn hər hansı bir sahədə, HR, Satış, Marketinq, İdarəetmənin müxtəlif sahələrində olan treyninq və seminarların, konsultasiyaların heç də akademik “background”u olmayanlar və hətta bəzən bu sahədə praktik təcrübəyə də malik olmadan, sadəcə öz fərdi təşəbbüskarlığı ilə araşdırmalar edən,  informasiyalar əldə edən, sistemləşdirən və bunu daha sonra paylaşma istək və həvəsində bulunan “həvəskar alim”lər vəya “vətəndaş alim”lər var və olacaqdır… Buna informasiya dövrünün yaratdığı imkanlar da geniş vüsət verməkdədir. Təbii ki bunun fayda və zərərləri də bununla birgə həmişə müzakirə obyekti kimi var olacaqdır… Hər bir istiqamətdə olduğu kimi hər hansı bir yeniliyin mənimsənməsi üçün onun müsbət və mənfi yönləri ilə birlikdə ələ alınması lazımdır… Yeniliyə qapalılıq mənfi təsirlərdən qorunmaqla yanaşı, fayda və fürsətlərdən istifadəyə də mane olmaqdadır… və ya əksinə yenilikdən kor-təbii istifadə faydaları ilə bərabər mənfi nəticələr də doğurmaqdadır…

Yenə iş dünyası-akademik dünya əməkdaşlığı haqqında…

Bu gün Azərbaycan Dövlət İqtisad Universitetinin Marketinq Kafedrasının və Marketing klibunun dəvəti ilə  “Araşdırma və Analiz mövzusunda” seminarımız oldu… Əvvəlcə buradan seminara dəvət edən və seminarın təşkilində əməyi keçən hörmətli müəllim və gələcəyin marketoloqları olan gənclərə öz təşəkkürümü bildirirəm.  
 
Həm seminara qatılım, maraq, həm də seminar sonrası hörmətli kafedra müdiri Telman müəllim və digər müəllimlə görüş və söhbətimizdən həqiqi mənada həzz aldım! Sevinirəm ki ən köklü akademik ocaqlarımızın birində mütərəqqi düşüncəli və gənclər üçün faydalı işlər görən müəllim-insanlarımız var!
 Hər birinə işlərində və təhsillərində uğurlar…!!! Seminar gedişatında və sonrasında çox aydın şəkildə görünürdü ki, akademik həyatla-iş həyatı arasında bizdə uçurumlar var! Marketinq diliylə desək hər iki sahə bu “GAP”-larını artıq görməli və aradan qaldırmağa çalışmalıdırlar. Bu istiqamətdə ASEU Marketinq kafedrasının gələcəkyönlü fikirlərini və fəaliyyətlərini alqışlayıram. 

 
Şirkətlər akademik çevrəyə, akademik çevrə də iş həyatına öz qapıların açıb birgə tədbirlər həyata keçirməlidirlər… Buna görə 2012 fevral ayında bloqda yazdığım bu məqaləni təkrar yayınlamaqda gərək duyuram…  İnşallah səsimizin eşidilməsi və faydalı olması diləyi ilə…
 
Bundan əvvəlki iş dünyasında professionallıqla əlaqədar yazımda idarəetmə mədəniyyətinin formalaşması üçün idarəetmə məktəbinin olması bunun üçün isə iş dünyası(sənaye) universitet əməkdaşlığının yaradılması və gücləndirilməsinin vacib olduğu haqqında yazmışdım.
İş dünyası və akademi dünyası (universitetlər) arasında əməkdaşlıq nə üçün lazımdır və bu istiqamətdə nələr etməliyik?  Hər iki sahənin inkişafı iş dünyasının elmi və akademi dünyasının isə praktiki imkanları necə istifadə etdiyindən, necə dəyərləndirdiyindən birbaşa asılıdır. Akademik bilgiləri istehsal edilə biləcək mal və xidmətə çevirmək, praktik təcrübələrin isə yeni elmi yeniliklər üçün istifadə etmək iş dünyası-akademik dünyası əməkdaşlığının ən əsas vəzifəsi olmalıdır.

 Təəssüf ki başqa ölkələrdə bu ən önəmli və daim təkmilləşdirilən sahə olmasına baxmayaraq bizdə bu əməkdaşlıq demək olar ki heç qurulmayıb və ya ümumiyyətlə hər iki düşərgənin bundan ya xəbərsiz olduğu ya da xəbəri varsa da bu işə yanaşmadığını görmək mümkündür. Burada son illərdə Qafqaz universiteti ilə şirkətlər arasındakı müxtəlif əməkdaşlıq proektlərini qeyd etmək istərdim və bu ümidvericidir. Bu əməkdaşlığı digər şirkət və universitetlər nümunə alaraq gələcəkdə bu istiqamətdə ciddi addımlar atmalıdırlar.

Dünyada inkişaf göstərgələri arasında artıq makroekonomik rəqəmlərlə yanaşı ölkələrin(ölkə vətəndaşlarının, universitet və şirkətlərin) almış olduqları patent sayı, ildən ilə bunun artış və ya azalma göstərməsi, alınmış patentlərin istehsalda istifadə dərəcəsi, akademik sahədə isə beynəlxalq yayınlarda yayınlanmış elmi məqalə sayı və s. nəzərə alınmaqdadır.
Bu istiqamətdə irəliləmək üçün iş dünyası-universitet əməkdaşlığını inkişaf etdirmək vacibdir. Bu göstərgələrin yüksək olduğu və ümumiyyətlə belə əməkdaşlığın olduğu ölkələrdə universitetlər iş dünyasının  həm kadr ehtiyacını, həm də istehsal proseslərində yeniliklər ehtiyacını qarşılamaqdadır. İş dünyası isə universitetlərin praktika (idarəetmə və istehsal təcrübəsi) ehtiyacını qarşılamaqdadır. Hər iki sahənin ehtiyac və istəkləri üst-üstə gəldiyi vaxt bu iş çox asanlıqla və məhsuldar olaraq həyata keçirilə bilər.

Bu istiqamətdə görüləcək işlər akademik heyətə nə verəcəkdir?

– Universitet akademik heyəti daha çox praktik təcrübə qazanaraq teorik bilgilərini praktik nümunələrlə gücləndirəcəklər. Bundan da təbii ki tələbələr faydalanacaqlar.
– Universitet müəllimləri öz sahələrində daha çox aktivləşib yuxarıda bəhs elədiyim istiqamətdə elmi məqalələrinin sayını artıracaqlar bu onlar üçün bir növ stimul olacaqdır.
– Universitet müəllimləri iş dünyasındakı yenilikləri öz dərs vəsaitlərində istifadə edərək köhnəlmiş materialları yeniləyəcəklər.
– Universitet akademik heyəti ən önəmlisi özlərini tanıdacaq, öz üzərlərində daha çox işləyəcək, daim təkmilləşmə istiqamətində olacaqlar və bu da hal hazırda itirilmiş etibarlarını yenidən qazanmalarına kömək göstərəcəkdir.
– Universitet müəllimləri şirkətlərdə məsləhətçi işi əldə edərək təhsillə bərabər bu işi də apara iləcəklər. Bu Türkiyədə çox aktualdır və istər tanıdığım müəllimlər olsun, istərsə də şirkətlər nəzdində bunun şahidi olmuşam. Və əlbəttə bu hər iki tərəfə çox faydalıdır.
 
Şirkətlər bu əməkdaşlıqdan nə əldə edəcəklər?
– Şirkətlər akademik mühitdə daha çox tanınacaq və bu məzun tələbələrin iş seçimi zamanı bu şirkətləri tərcih etmələrində köməklik göstərəcək. Şirkətin insan resurslarının əsas işlərindən biri məhz bu olmalıdır ki, məzun olacaqlar arasında keçiriləcək sorğularda “hansı şirkətdə işləmək istəyirsiniz?” suala cavabda təmsil etdikləri şirkətlər ön sıralarda olsun. Ancaq bu cür sorğunun bizim şirkətlər tərəfindən aparıldığını görməmişəm. Belə bir sorğu aparılırsa sevindirici bir hal olar.
– Əməkdaşlıq şirkətlərin insan resursları planlamasına bir növ işıq tutacaqdır. Şirkət nəticədə bir neçə il sonra mövcud tələbələrdən seçəcəkdir öz kadrlarını. Və indiki tələbələrin gələcəkdə onun işgücü qaynağına çevrilib çevrilməyəcəyini öyrənib analiz edə biləcəkdir. Əlbəttə ki analizlə qalmayıb öz gələcək işgücünü təmin etmək məqsədilə bir növ aid olduğu sahələrdə universitetləri yönləndirmək qabiliyyətində olmalıdırlar.
– Bu istiqamətdə şirkətlər öz sahələrinə uyğun tələbələrə stimullaşdırıcı və dəstəkverici amillərdən istifadə etməlidirlər. Bunlar təqaüd, yay aylarında şirkətdə praktika imkanı, şirkətlə (idarəetmə və istehsalla) tanışlıq günləri, təhsilyönümlü layihələrdə sponsorluq, tədbiqə uyğun ideya və fikirlərin şirkətlərdə tədbiq etmələrinə razılıq kimi amillərdir. 
Bu mövzu ilə əlaqədar yazılarım gələcəkdə də davam edəcəkdir. Ümumiyyətlə sonda əlavə edəcəyim budur ki, iş dünyası ilə universitetlər bir-birlərinin müştərilərinə çevrilməli və sıx əməkdaşlıqla müştəri məmnuniyyəti yaratmalı və yüksəltməlidirlər.

"Bura Azərbaycandır…"- özünümüdafiə instinkti

Bəli, bura Azərbaycandır… Burada baş verənlərin də çoxu müsbət və ya mənfi məhz bura aid cəmiyyətin xüsusiyyətlərini əks etdirir…

 Hər şeyin ifratının mənfi nəticələrə səbəb olduğu məlumdur.  Çox zaman müqayisə baxımından söylənən “Bura Azərbaycandır” fikri də öz ifrat dərəcəsinə çataraq müqayisəli yanaşma çərçivəsindən çıxıb özünümüdafiə instinktinə çevrilibdir…
Müxtəlif sahələrdən müxtəlif mövqeli insanlardan eşitdiyim bu mənfi hal bu yazını yazmağa səbəbiyyət verdi.
Öz edə biləcəklərini etməyib “Bura Azərbaycandır” fikrinin altında kölgələnənlər yuxunuz şirin olmasın!
Ali məktəb tələbəsinə yol göstərilir, istiqamət verilir… informasiya əldə etməyin ən sürətli və asan olan bu dövründə bundan istifadə edərək öz inkişafına səy göstərməyən tələbə zamanla qarşılaşdığı çətinlik və problemləri “Bura Azərbaycandır” düşüncəsiylə özünümüdafiə edir…
İş həyatında öz funksiyalarını, edə biləcəklərini etməyib, hər şeyin ucunu dolaylı və birbaşa olaraq “Bura Azərbaycandır”a bağlayan işçilər də olduqca çoxdur….
Təlimlərdə iştirak edənlər, təlimdə deyilənləri “bir istifadə edim” düşüncəsiylə deyil, bəri başdan bu bura aid deyil, burda olmaz, bura Azərbaycandır düşüncəsiylə heç öyrənmək belə istəmir…
Bu və ya digər cəhətdən müəyyən ölçülərdə özünü isbatlayan hər hansı bir sistem dəyişikliyinə qəti etiraz edən və bunu “Bura Azərbaycandır”la əsaslandırmağa çalışan idarəedicilər…
Öz haqq və hüquqlarını hələ müdafiə etməyi demirəm,ən əvvəl heç öyrənmək belə istəməyənlərin özünümüdafiə insinkti də eyni…
Siyahını uzatmaq əlbəttə ki mümkündür… Amma mən əsas qarşılaşdığım sahələrdən misal çəkdim…
Təbii ki bura Azərbaycandır… Amma bunu hər şeyə qulp eləmək elə “Bura Azərbaycandır…”ı müsbət deyil, mənfilərlə doldurmaq deməkdir…