Cəmiyyətin bəlası: Zaminlik və yaratdığı problemlər…

F
ZAMİNLİK PROSESİ LƏĞV OLUNMALIDIR!!!

İlkin yaranan problemlər:

Kredit götürmək istəyən Banka müraciət etdiyi zaman, bank zəmanət prinsipinə görə digər şəxslərin zamin olması məsələsini qaldırır.  Kredit götürmək istəyən şəxs başlayır zamin axtarmağa…

Qohumlar, iş yoldaşları, qonşular, dostlar, qeyd olunanlar vasitəsilə tapılan digər şəxslər, bankların krediti götürmək istəyəni istiqamətləndirdiyi ortaq tanışlar və digər şəxslər.

Kredit götürən, bəzən isə bankların özləri  bu zaminlik prosesinin ilkin etapında insanlar arasında mövcud olan münasibətləri başqa məcralara çəkir… Bir anda yaxşı insan pis insana dönür, neçə ilin qeyri-maddi sütünlara dayanan dostluqlar, qonşuluqlar, qohumlar arasındakı səmimi münasibət maddi sütünlara, maddiyyat öndə olan ab-havaya çevrilir.

Xətir-hörmət məsələləri qabardılır, insanların incə duyğuları ilə oynanılaraq “kömək göstərmək” adıyla sonu naməlum cəngəlliklərə salınır…

Yuxarıda sıraladıqlarım arasında sonda qeyd etdiklərimi boşuna qeyd etməmişəm… Yəni uzun müddət heç əlaqədə olmadıqların və ya səmimi münasibətdə belə olmayanların birdən birə kredit üçün zamin axtaranda bəzən bankın da dəstəyi ilə buna uyğun insanlar aranır, hal-əhval, “bə qardaş” söhbətləri  və sonra təbii ki zaminlik istəyi… yaxşı insan, pis insan söhbəti və s.  və Salamaleykum…

Kredit ödənişi sürəsi zamanı yaranan problemlər:

Burada kredit götürəcək şəxsin xoş niyyəti ilk başlarda normal olsa da daha sonra qeyri-müəyyən iqtisadi vəziyyətə görə, şərtlərin dəyişməsinə görə kredit ödənişində problemlər ortaya çıxır… Bu vaxt xoş niyyətli borç alanın xoş niyyəti qalsa da, krediti verən qurum hüquqi öhdəlik əsaslarına görə borçlu ilə ilk başda uğraşsa da zaminin öhdəliyini əsas alaraq zaminlərə yönəlirlər… Zamin və yaxınları, işlədikləri iş yerləri narahat edilir… Zaminlər özləri kreditə müraciət edərlərsə onlara kredit xətti ayrılmır və s. Özünə gün ağlaya bilməyən başqasına gün ağlamış olur(mu?)…

Borc alan-kredit götürən borcunu ödəmədiyi zaman yaranan problemlər:

Krediti alan, istifadə edən əsas borçlu unudulur, nə malvarlığı ödənişə cəlb olunur, nə borçlunun imkanları araşdırılıb borcu qaytarmaq üçün istifadə olunur…  Əvəzində zaminlər məhkəməyə  cəlb olunur, rəsmi maaşları olanlar burada ən çox yükü çəkməyə başlayırlar, maaşlarından, maaş kartlarından filankəsin borcuna görə tutulmalar olur və s.  Yəqin ki bu barədə çıxan informasiyalarda cəmiyyətdə yaranan təhlükə meyllərinin artdığını, ailə-məişət problemlərinin yarandığından xəbərdarıq.

Nəticədə cəmiyyət cılızlaşır, cəmiyyətdə nə insanların bir-birinə, nə də qurumlara etibarı qalır. İnsanlar bu ab-havada yaşamaqla xəstəliklərə düçar edilir və cəmiyyət beləcə iflas edir…

Buna görə də Şəxsi Zaminlik prinsipləri, qaydaları ya tamamilə ləğv olunmalıdır və ya bu məsələdə zaminlərdən çox BORC ALANın öhdəliyi artırılmalıdır… Zaminlərin isə borc alanı borcunu ödəməyə sövq etmək kimi ancaq və ancaq mənəvi-əxlaqi prinsiplərə dayanan qeyri-hüquqi öhdəliyi ola bilər. Qohumluq-yaxınlıq dərəcəsi və s. nəzərə alınaraq BORCLUnun –KREDİT ALAN şəxsin və ailəsinin ümumi malvarlığı (rəsmi və qeyri rəsmi) üzərinə gedilməlidir, nəinki yaxınlıq dərəcəsi olmayan yuxarıda qeyd olunan şəxslərdən hesab soruşmaq…. Borc alan, kredit götürən birinci dərəcədə məsul və öhdəlikli olmalıdır… İndiki halda isə demək olar ki zaminlərlə kredit götürən eyni öhdəliyə malikdir, hətta son mərhələdə zaminlərin öhdəliyi daha ağır olur… və zərbə altında qalan zaminlər olur, borçlu isə borcundan boyun qaçırır… Rəsmi maaşı, rəsmi gəliri olmayan BORC ALAN –KREDİT GÖTÜRƏNlərdən banklar qeyri rəsmi fəaliyyətlərindən və ya əmlakından istifadə etmir, özünün və ailəsinin bütün yaşamı rəsmi maaşın ümidində olan zaminlərin maaşından tutulmalar və s. baş verir… Bu hüquqi öhdəliklər zaminin üzərinə qoyulması MƏNƏVİ-ƏXLAQİ baxımdan doğru deyildir…   Deyilə bilər ki, zaminlərin borclunu məhkəməyə verib onun əvəzinə ödədiyi kredit borcunu geri istəyə bilər… bəli hüquqən belədir, amma real olaraq banka, hüquqi şəxsə, quruma, “dövlətə”  borcunu ödəməyən, zaminə borcmu ödəyəcək??? Elə zaminlə olan o hüquqi qaydaları, çəkişmələri məhkəmədə ƏSL BORCLU ilə, KREDİT götürənlə aparmalıdır kredit verən banklar və ya qurumlar…

Bütün bunlara görə cəmiyyətdə mənəvi dəyərlərin aşınmaması və cəmiyyətin çökməməsi üçün fikrimcə zaminlik prinsipi ləğv edilməlidir… Ləğv edilməsə belə, hüquqi öhdəliklər ƏSL BORC ALAN- KREDİT GÖTÜRƏNLƏ çərçivələnməli və nəticələndirilməlidir…!!!

Qeyd: Bir iqtisadçı bu cür yazı yazmaz deyəcəklərə isə cavabım: mənim üçün hər şeyin vicdani-əxlaqi yönü əsasdır!