2014 ili hesabatım və 2015-ci ilə addım…

Bəli beləcə bir ili daha başa vururuq… Fikrimcə hər şəxs heç olmasa ildə bir dəfə də olsa özü üçün bir hesabat olmasa belə, elədiklərinin və eləmədiklərini qələmə almalıdır… Mən də bu minvalla bu ildə elədiklərimi yazıb, eləmədiklərimə isə 2015-ci ildə özümdə reallaşdırmaq istəyinin oyanması və Allahın köməkliyini diləyirəm… Təbii ki mən burada hər kiçik nüansı deyil, elədiklərimin aid olduğum cəmiyyət və onun alt sistemləri üçün faydalılığını əsas alaraq yazıram.
Bu il nələr elədik…
– Müxtəlif qurum, təşkilat və şəxslərin istəyi ilə10-dan çox ödənişsiz seminar və təlimlər verərək, gənclərimizlə bilgi paylaşımında bulunduq…
– Keçən illərə nisbətən bloq yazılarımın sayı azalsa da bu il də bloq yazılarıma davam etdim və çalışdım ki maraqlı və işlənməmiş mövzulara toxunaraq oxucularımla fikir paylaşımı edim. Və nəticəsində çoxlu maraqlı “feedback”lər aldım ki bu da bir daha daxili motivasiyamızı gücləndirərək düzgün istiqamətdə olduğumuzu təsdiqləməkdədir.
– Bu ildə “Ecolife” dərgisinin bəzi sayılarında yazılarla çıxış etdim.
– Ölkənin qabaqcıl təhsil qurumlarının ikisindən birində bakalavrda, digərində isə MBA pilləsində dərslərim oldu… Bütün tələbələrimə fürsətdən istifadə edərək 2015-ci ildə uğurlar arzulayıram.
– Çalışdığım şirkətdə funksiyalarımdan əlavə olaraq mərkəzdə və bölgələrdə 20 grupdan çox – bu da 300 nəfərə yaxın Satış və Satışdan sonra xidmət heyətinə satış və müştəri xidməti mövzularında təlim verdim.
– Çalışdığım şirkətdə Stokholm Economy School uzunmüddətli təlim layihəsi çərçivəsində komandalardan birinə mentorluq etdim və bu komanda nəticədə layihələr müsabiqəsində birinci yeri qazanmışdır.
– Bu il Almanyaya Business tour çərçivəsində xüsusilə Pərakəndə sektorunun xüsusiyyətləri, pərakəndəcilikdə yeniliklər, EUROSHOP sərgisində iştirak, Europe Retail Academy və Food Acadmy ilə tanışlıq-də seminar və müzakirəldə bulunmaq fürsəti əldə etdim. Europe Retail Academy qurucusu ilə dostluğumuz yarandı və əlaqələrimiz davam edir.
– Müxtəlif şirkətlərdən gələn təlim və konsultasiya tələblərini də vaxt darlığı olsa da qarşılamağa çalışdım. Tələblərini vaxt məhdudiyyəti ilə əlaqədar geri çevirdiyim şirkət və şəxslərin bunu anlayışla qarşılayacaqlarını ümid edir və gələcək ildə əməkdaşlıq fürsətini dəyərləndirəcəyimi bildirirəm.
– Təbii ki sayını deyə bilməyəcəm, amma sosial şəbəkələr vasitəsilə və birbaşa müraciət edən çox sayda gənclərimizin  təhsilləri, iş həyatı, seçimləri istiqamətində məsləhət ehtiyaclarını can-i könüldən və səmimiyyətlə qarşılamağa da çalışmışam. Hər birinə növbəti ildə uğurlar!
-Bir layihə çərçivəsində bölgələrimizin birində “Kiçik biznes fəaliyyətləri və biznes planın hazırlanması” ilə əlaqədar 4 gün 40-a yaxın vətəndaşımıza təlim verdim…Bu layihə çərçivəsində təlimçilər üçün vəsait olaraq eyni adlı kitabçam bu layihəni maliyyələşdirənlər tərəfindən elə bu ay çap edilmişdir…
– Çox hörmətli jurnalist aparıcı dostumuzun dəvəti ilə bir neçə verilişdə iqtisadi və marketinq mövzularında İTV-də çıxışlarım oldu…
– Çoxdandır üzərində işlədiyim bir kitabımı yekunlaşdırma mərhələsinə çatdırdım və inşallah 2015-ci ildə işıq üzü görməsi üçün çalışacağam.
– Təbii ki dostları da unutmayaq… Müxtəlif zamanlarda dostlarla maraqlı görüşlərimizdən də həzz aldım.
Beləliklə mən 2014-cü ili məhsuldar və maraqlı il olaraq dəyərləndirsəm, ilin haqqını vermiş olaram düşüncəsindəyəm…
Etdiklərimiz edəcəklərimizin qarantiyasıdır…!!!
2015-ci ildə özümə və hər kəsə potansiallarımızın reallaşdırılmasını diləməklə, Yeni ilin uğurlu keçməsini arzulayıram!

Vətəndaş elmi nədir və biznesdə yeri…

İnformasiya cəmiyyətinin yaratdığı çox sayda anlayışlar mövcuddur. Bunlardan biri də yeni anlayış kimi qəbul edilən “Vətəndaş elmi”-“Citizen Science”dir. Bu anlayış 2014-cü ildə lüğətlərə girmiş, ancaq praktik olaraq həmişə mövcud bir anlayışdır. Bəzən bu anlayış “civic science”, “crowd science”, “networked science”  olaraq, “mülki elm”, “kütlə (camaat, grup, topluluq) elmi”, “şəbəkə elmi” və s. kimi də işlədilir.
Bu anlayış, ənənəvi elm-in müəyyən bir teorik çərçivələndirmə tələbindən çıxaraq, hər hansı bir sahənin elm adamlarının, professionallarının araşdırma və yanaşmasından ziyadə, kütlənin içindən peşəkar olmayan, həvəskar və könüllü araşdırmaçıların  bu istiqamətdəki fəaliyyətlərini əhatə edir.

Əslində normal araşdırma mərhələlərini əhatə edən bir fəaliyyətin həvəskar, könüllü və ya fərdi qaydada aparılmasıdır. Bəzən isə müəyyən mərhələdə aid olduğu sahənin peşəkar və ya elm mənsubları tərəfindən nəzarət və istiqamətləndirməsi şəklində də həyata keçirilir.

 Başda da qeyd etdiyim kimi, bu anlayışın da digər bir çox anlayış kimi meydana çıxmasına və ya qəbul görməsinə səbəb əslində informasiya dövrü, informasiyya cəmiyyəti olmuşdur. İnformasiya paylaşımı, informasiya əldə etmə asanlığı və azadlığı, internet resursları kimi araşdırma mənbələrinin çoxalması buna meydan açan səbəblərdir. Bu anlayışın müxtəlif ictimai layihələrdə uğurla istifadəsi artıq özünü göstərmişdir. Əsasən ictimai fəallıq nöqteyi-nəzərindən önəmli faydaları mövcuddur. Mən bu yazımda bu anlayışın biznes sahəsindəki yerinə bir balaca toxunmaq istəyirəm…
Müşahidə etdiyimiz kimi, əvvəlki dövrlərdən daha çox indi istənilən sahənin professionalları, elm mənsubları ilə yanaşı və hətta onlardan dəfələrlə çox hər bir sahədə amator-həvəskar, könüllü fərdi və ya qrup fəaliyyətlərinə rast gəlirik. Bu təbii proses olaraq belə də davam edəcəkdir… Və bu hər bir sahədə olduğu kimi bunun biznes mühitinə də təsiri mövcuddur…
Məsələn hər hansı bir sahədə, HR, Satış, Marketinq, İdarəetmənin müxtəlif sahələrində olan treyninq və seminarların, konsultasiyaların heç də akademik “background”u olmayanlar və hətta bəzən bu sahədə praktik təcrübəyə də malik olmadan, sadəcə öz fərdi təşəbbüskarlığı ilə araşdırmalar edən,  informasiyalar əldə edən, sistemləşdirən və bunu daha sonra paylaşma istək və həvəsində bulunan “həvəskar alim”lər vəya “vətəndaş alim”lər var və olacaqdır… Buna informasiya dövrünün yaratdığı imkanlar da geniş vüsət verməkdədir. Təbii ki bunun fayda və zərərləri də bununla birgə həmişə müzakirə obyekti kimi var olacaqdır… Hər bir istiqamətdə olduğu kimi hər hansı bir yeniliyin mənimsənməsi üçün onun müsbət və mənfi yönləri ilə birlikdə ələ alınması lazımdır… Yeniliyə qapalılıq mənfi təsirlərdən qorunmaqla yanaşı, fayda və fürsətlərdən istifadəyə də mane olmaqdadır… və ya əksinə yenilikdən kor-təbii istifadə faydaları ilə bərabər mənfi nəticələr də doğurmaqdadır…

Yenə iş dünyası-akademik dünya əməkdaşlığı haqqında…

Bu gün Azərbaycan Dövlət İqtisad Universitetinin Marketinq Kafedrasının və Marketing klibunun dəvəti ilə  “Araşdırma və Analiz mövzusunda” seminarımız oldu… Əvvəlcə buradan seminara dəvət edən və seminarın təşkilində əməyi keçən hörmətli müəllim və gələcəyin marketoloqları olan gənclərə öz təşəkkürümü bildirirəm.  
 
Həm seminara qatılım, maraq, həm də seminar sonrası hörmətli kafedra müdiri Telman müəllim və digər müəllimlə görüş və söhbətimizdən həqiqi mənada həzz aldım! Sevinirəm ki ən köklü akademik ocaqlarımızın birində mütərəqqi düşüncəli və gənclər üçün faydalı işlər görən müəllim-insanlarımız var!
 Hər birinə işlərində və təhsillərində uğurlar…!!! Seminar gedişatında və sonrasında çox aydın şəkildə görünürdü ki, akademik həyatla-iş həyatı arasında bizdə uçurumlar var! Marketinq diliylə desək hər iki sahə bu “GAP”-larını artıq görməli və aradan qaldırmağa çalışmalıdırlar. Bu istiqamətdə ASEU Marketinq kafedrasının gələcəkyönlü fikirlərini və fəaliyyətlərini alqışlayıram. 

 
Şirkətlər akademik çevrəyə, akademik çevrə də iş həyatına öz qapıların açıb birgə tədbirlər həyata keçirməlidirlər… Buna görə 2012 fevral ayında bloqda yazdığım bu məqaləni təkrar yayınlamaqda gərək duyuram…  İnşallah səsimizin eşidilməsi və faydalı olması diləyi ilə…
 
Bundan əvvəlki iş dünyasında professionallıqla əlaqədar yazımda idarəetmə mədəniyyətinin formalaşması üçün idarəetmə məktəbinin olması bunun üçün isə iş dünyası(sənaye) universitet əməkdaşlığının yaradılması və gücləndirilməsinin vacib olduğu haqqında yazmışdım.
İş dünyası və akademi dünyası (universitetlər) arasında əməkdaşlıq nə üçün lazımdır və bu istiqamətdə nələr etməliyik?  Hər iki sahənin inkişafı iş dünyasının elmi və akademi dünyasının isə praktiki imkanları necə istifadə etdiyindən, necə dəyərləndirdiyindən birbaşa asılıdır. Akademik bilgiləri istehsal edilə biləcək mal və xidmətə çevirmək, praktik təcrübələrin isə yeni elmi yeniliklər üçün istifadə etmək iş dünyası-akademik dünyası əməkdaşlığının ən əsas vəzifəsi olmalıdır.

 Təəssüf ki başqa ölkələrdə bu ən önəmli və daim təkmilləşdirilən sahə olmasına baxmayaraq bizdə bu əməkdaşlıq demək olar ki heç qurulmayıb və ya ümumiyyətlə hər iki düşərgənin bundan ya xəbərsiz olduğu ya da xəbəri varsa da bu işə yanaşmadığını görmək mümkündür. Burada son illərdə Qafqaz universiteti ilə şirkətlər arasındakı müxtəlif əməkdaşlıq proektlərini qeyd etmək istərdim və bu ümidvericidir. Bu əməkdaşlığı digər şirkət və universitetlər nümunə alaraq gələcəkdə bu istiqamətdə ciddi addımlar atmalıdırlar.

Dünyada inkişaf göstərgələri arasında artıq makroekonomik rəqəmlərlə yanaşı ölkələrin(ölkə vətəndaşlarının, universitet və şirkətlərin) almış olduqları patent sayı, ildən ilə bunun artış və ya azalma göstərməsi, alınmış patentlərin istehsalda istifadə dərəcəsi, akademik sahədə isə beynəlxalq yayınlarda yayınlanmış elmi məqalə sayı və s. nəzərə alınmaqdadır.
Bu istiqamətdə irəliləmək üçün iş dünyası-universitet əməkdaşlığını inkişaf etdirmək vacibdir. Bu göstərgələrin yüksək olduğu və ümumiyyətlə belə əməkdaşlığın olduğu ölkələrdə universitetlər iş dünyasının  həm kadr ehtiyacını, həm də istehsal proseslərində yeniliklər ehtiyacını qarşılamaqdadır. İş dünyası isə universitetlərin praktika (idarəetmə və istehsal təcrübəsi) ehtiyacını qarşılamaqdadır. Hər iki sahənin ehtiyac və istəkləri üst-üstə gəldiyi vaxt bu iş çox asanlıqla və məhsuldar olaraq həyata keçirilə bilər.

Bu istiqamətdə görüləcək işlər akademik heyətə nə verəcəkdir?

– Universitet akademik heyəti daha çox praktik təcrübə qazanaraq teorik bilgilərini praktik nümunələrlə gücləndirəcəklər. Bundan da təbii ki tələbələr faydalanacaqlar.
– Universitet müəllimləri öz sahələrində daha çox aktivləşib yuxarıda bəhs elədiyim istiqamətdə elmi məqalələrinin sayını artıracaqlar bu onlar üçün bir növ stimul olacaqdır.
– Universitet müəllimləri iş dünyasındakı yenilikləri öz dərs vəsaitlərində istifadə edərək köhnəlmiş materialları yeniləyəcəklər.
– Universitet akademik heyəti ən önəmlisi özlərini tanıdacaq, öz üzərlərində daha çox işləyəcək, daim təkmilləşmə istiqamətində olacaqlar və bu da hal hazırda itirilmiş etibarlarını yenidən qazanmalarına kömək göstərəcəkdir.
– Universitet müəllimləri şirkətlərdə məsləhətçi işi əldə edərək təhsillə bərabər bu işi də apara iləcəklər. Bu Türkiyədə çox aktualdır və istər tanıdığım müəllimlər olsun, istərsə də şirkətlər nəzdində bunun şahidi olmuşam. Və əlbəttə bu hər iki tərəfə çox faydalıdır.
 
Şirkətlər bu əməkdaşlıqdan nə əldə edəcəklər?
– Şirkətlər akademik mühitdə daha çox tanınacaq və bu məzun tələbələrin iş seçimi zamanı bu şirkətləri tərcih etmələrində köməklik göstərəcək. Şirkətin insan resurslarının əsas işlərindən biri məhz bu olmalıdır ki, məzun olacaqlar arasında keçiriləcək sorğularda “hansı şirkətdə işləmək istəyirsiniz?” suala cavabda təmsil etdikləri şirkətlər ön sıralarda olsun. Ancaq bu cür sorğunun bizim şirkətlər tərəfindən aparıldığını görməmişəm. Belə bir sorğu aparılırsa sevindirici bir hal olar.
– Əməkdaşlıq şirkətlərin insan resursları planlamasına bir növ işıq tutacaqdır. Şirkət nəticədə bir neçə il sonra mövcud tələbələrdən seçəcəkdir öz kadrlarını. Və indiki tələbələrin gələcəkdə onun işgücü qaynağına çevrilib çevrilməyəcəyini öyrənib analiz edə biləcəkdir. Əlbəttə ki analizlə qalmayıb öz gələcək işgücünü təmin etmək məqsədilə bir növ aid olduğu sahələrdə universitetləri yönləndirmək qabiliyyətində olmalıdırlar.
– Bu istiqamətdə şirkətlər öz sahələrinə uyğun tələbələrə stimullaşdırıcı və dəstəkverici amillərdən istifadə etməlidirlər. Bunlar təqaüd, yay aylarında şirkətdə praktika imkanı, şirkətlə (idarəetmə və istehsalla) tanışlıq günləri, təhsilyönümlü layihələrdə sponsorluq, tədbiqə uyğun ideya və fikirlərin şirkətlərdə tədbiq etmələrinə razılıq kimi amillərdir. 
Bu mövzu ilə əlaqədar yazılarım gələcəkdə də davam edəcəkdir. Ümumiyyətlə sonda əlavə edəcəyim budur ki, iş dünyası ilə universitetlər bir-birlərinin müştərilərinə çevrilməli və sıx əməkdaşlıqla müştəri məmnuniyyəti yaratmalı və yüksəltməlidirlər.

Dəyişikliklərin idarə edilməsi…

Bloqumuzu izləyən oxucularımız yəqin xatırlayarlar ki, həm 2012, həm də 2013 üçün Bain&Company tərəfindən araşdırılıb hazırlanan TOP 10 idarəetmə texnikalarının hansılar olduğu haqqında yazılarımız vardı… Bu yazımda həmin siyahıda yer alan və bununla da hələ də öz aktuallığını və önəmini qoruyan “Change Management”-“Dəyişikliklərin İdarə edilməsi” idarəetmə texnikası haqqında qısa da olsa sadə bilgi paylaşımı etmək istədim.

– Change Management- ən sadə dillə desək, bir şəxs, qrup və ya qurumun mövcud vəziyyətindən başqa bir vəziyyətə keçməsini təmin edən sistemli yanaşma tərzidir. Change management davamlı bir prosesdir və ya olmalıdır. Digər sahələrdə olduğu kimi bu sahədə də müxtəlif tezislər, fikirlər irəli sürülmüşdür. Bununla əlaqədar çox sayda ədəbiyyat, kitablar, məlumatlar vardır. Mən bu yazımda uzun-uzun bu barədə söhbət açmaq istəmirəm. Bu idarəetmə texnikasının qəbul görməsi üçün işləməsi və nəticəyönlü olması vacib faktordur. Dəyişikliklərin idarə edilməsi də əslində bu məntiqə dayanmaqadadır. Yəni hər hansı bir dəyişikliyə getmənin bu və ya digər şəkildə əsaslı bir məntiqi, məqsədi olmalıdır. Dəyişiklik olsun deyə dəyişiklik etmək gözlənilməz mənfi nəticələrə çıxara bilər. Bu idarəetmə texnikasının uğurlu istifadəsi üçün bu yazımda Beckhard formulundan bəhs etmək istəyirəm. Növbəti yazılarda isə bu sahədə digər model və fikirlər haqqında davam edəcəyəm. Beckhard formulu (bəzən Gleicher, Beckhard, Harris modeli adlanır) belədir:                                            D x V x F > R və ya C=D x V x F > R Burada,  C- (Change) Dəyişiklik, D-(Dissatification) Mövcud vəziyyətdən narazılıq dərəcəsi, V-(Vision) Reallaşdırılacaq vizyon (məqsəd), F (First steps)-Dəyişiklik üçün atılacaq ilk addımlar və ya izlənəcək yol, R-(Resistance to change) isə Dəyişikliyə qarşı ortaya qoyulan müqaviməti ifadə edir. Bəzən isə bunu maliyyət yanaşmasından yola çıxaraq dəyişikliyin maliyyəti olaraq qəbul edirlər… Göründüyü kimi hər hansı bir dəyişikliyə nail olmaq üçün yuxarıdakı  əsas faktorlara diqqət etmək lazımdır. Hər hansı bir qurumda, şirkətdə dəyişikliyə nail olunması üçün: 1) Mövcud vəziyyətdən narazılıq dərəcəsi yüksək olmalı (və ya bu məqsədyönlü şəkildə artırılmalı), 2) Dəyişiklik hansı məqsədlə istənir (vizyon nədir?) və nəticədə nəyə nail olunacaq əsaslandırılmalı və maksimum  sadə və aydın olması ilə bərabər, bu məqsədə duyulun ehtiyac və arzu da maksimum olmalıdır. 3) Dəyişiklikdə atılacaq xüsusilə ilk addımlar cəlbedici, effektiv və qəbuledici olmalıdır. Bunlardan hər hansı bir faktorun “0” və ya buna yaxın olduğu təqdirdə dəyişikliyə qarşı olan müqavimət vəya dirəniş daha təsirli olacaq və bu da dəyişikliyin həyata keçməsinə mane olacaqdır… Maliyyət yanaşması ilə dəyişikliyin maliyyəti yüksək olacaq və ya yüksək görünəcəkdir… Fikrimcə həyatın və idarəetmənin bütün sahəsində istifadə edilə biləcək bir məntiqli formuldur… Necə ki bütün müxtəlif sahələrdə uğurlu və uğursuz dəyişikliklərə baxsaq bu 3 faktorun önəmli rol oynadığını görərik… Dəyişiklik yaxşıdır, ancaq məntiqi və əsaslandırılmış olmalıdır! Növbəti yazılarda bu mövzu haqqında yazmağa davam edəcəyəm… Uğurlar diləyi ilə…

Araşdırma etikası…

İdarəetmənin hər sahəsində etikanın, etik dəyərlərin yeri və önəmi danılmazdır. Biznes etika bu gün ayrıca dərs kimi tədris olunmaqdadır. Şirkətlər öz korporativ kodekslərinə etik qaydalar əlavə edirlər. Şirkətlərdə,  mikro və makro mühit faktorlarına, o cümlədən çalışanlarına, müştərilərinə və cəmiyyətə qarşı məsuliyyətlər toplusu çox zaman əməl olunmasa da hazırlanmaqdadır. Mən bu yazımda uzun illər marketinq araşdırmaları sahəsində lokal və beynəlxalq araşdırma şirkətləri ilə daim əməkdaşlıqda olmuşam.  İşə yanaşma və etika sahəsində müxtəlif bənzərliklər və fərqliliklərin şahidi olmuşam.

Ancaq yaxın zamanlarda qarşılaşdığım bir naxoş təsadüfə görə bu mövzunu qabartmaq qərarına gəldim.  Ancaq yazımda bu naxoş təsadüfü qeyd etmək deyil məqsədim, bunu nəzərə alaraq araşdırma sahəsində etik dəyərlərin nələr olduğuna aid ümumi anlayışlardan bəhs etmək istədim.

 
Etika, İnsanlar arasındakımünasibətlərinəsasını təşkil edən dəyərlərin əxlaq baxımından yaxşı və ya pis, doğru və ya səhv olduğunu və bunun səbəblərini araşdıran fəlsəfi xarakteristikadır.  Biznes etika da məhz bu  biznes sahəsində olan qarşılıqlı münasibətlərin əxlaqi dəyərlər çərçivəsində tənzimlənməsidir. Bu minvalla araşdırma sahəsində də bu etik dəyərlər çərçivəsi qorunmalıdır. Ancaq araşdırmanın bir də elmi tərəfi vardır ki bunu da nəzərə almaq vacibdir. Ona görə də “elmi yanıltma”nın da etik dəyərlər çərçivəsinə salınması lazımdır. 
 
Bir elmi araşdırmanın dəyərinə və etibarına zərər vuran bütün fəaliyyətlər elmi yanıltma (scientific misconduct) olaraq bilinməkdədir. Biznes araşdırmaların da elmi yönü daha çox üstünlük təşkil etdiyi üçün bu biznes araşdırmalarında nəzərə alınmalıdır. Bu yerdə biznes araşdırmaları, biznes fəaliyyətlərini(Əməliyyat araşdırmaları, investisiya, maliyyə araşdırmaları, HR araşdırmaları və s.) əhatə edir… Marketinq araşdırmaları da biznes araşdırmalarının sadəcə bir qoludur…
 
Elmi yanıltma daha çox iki şəkildə meydana çıxar: Elmi ehmal-disiplinsiz araşdırma və Elmi kənarlaşma, başqa yönə çəkmə-qəsdən saxtalaşdırma…
 
– Elmi ehmal (dissiplinsiz araşdırma), elmi araşdırmanın tələb etdiyi fəaliyyətləri tam olaraq yerinə     yetirmədən həyata keçirilən araşdırmalar nəticəsində ortaya çıxan elmi yanıltmalardır. Məsələn hər hansı riyazi və statistik xətadan qaynaqlanan və ya bilgisizlikdən yaranan xətalar…
 
– Elmi yanıltma/kənarlaşma isə, həyata keçirilən elmi araşdırma prosesini qəsdən başqa istiqamətə çəkmək və araşdırma nəticələrinin etibarını zədələməkdir. 
 
Araşdırma prosesi və nəticəsi üçün hər iki halın olması istənilməzdir. Ancaq daha çox ikinci prinsip əxalaqi olaraq daha qorxuncdur. Bu da əslində insanların əxlaqi dəyərləri ilə bilavasitə bağlı prinsipdir… Araşdırma sahəsində də biznes etikasına xas əxlaqi prinsiplər qorunmalıdır… Bu araşdırma başlamadan əvvəl, araşdırma sürəsincə və araşdırma nəticələrinin doğru göstərilməsi baxımından önəmlidir. Belə olduğu təqdirdə uzun sürəli əməkdaşlıqlar mövcud ola bilər. Əks təqdirdə hər hansı bir mərhələdə edilən qeyri əxlaqi yanaşma bu əməkdaşlığı kəsəcəkdir.Təbii ki burada qarşılıqlı olaraq eyni müsbət dəyərlərə malik olmaq biznes əməkdaşlığında önəmli prinsipdir. 
 
Amerika Marketinq Assoasiyasının marketerlər üçün uzun etik kodeksi mövcuddur. Mən bu yazımda sadəcə bir neçəsini misal çəkmək istəyirəm. Marketerlər olaraq bunu etməliyik deyə:
Zərər vurmama…
           Etika qayda və standartlarına( varsa) yüksək səviyyədə həssas yanaşaraq zərər vurmamaq və bu çərçivədə fəaliyyət göstərmək
  Marketinq sistemə olan güvəni yüksəltmək, möhkəmləndirmək
          Bütün marketinq fəaliyyətlərində marketinqə olan etibarı zədələmədən yüksəltməyə çalışmaq və marketinq sistemə olan güvəni artırmaq.
  Etik dəyərlərə sahib olmaq
          Bütün marketinq fəaliyyətləri zamanı qarşı tərəflə etik münasibətlər qurmaq və bunu qorumaq.
İndi isə araşdırma etikasında etik dəyərlər nələrdir bunlardan qısaca yazaq:
 
HONESTY- Düzgünlük prinsipi, biznesdə, marketinqdə və təbii ki biznes araşdırmalarında ilk növbədə düzgünlük prinsipinə əməl olunmalı və bütün fəaliyyətlə bu prinsip ilk növbədə nəzərə alınmalıdır.
DÜZGÜNLÜK PRİNSİPİ İKİ YÖNƏ- MÜŞTƏRİLƏRƏ VƏ STAKEHOLDERLƏRƏ YÖNƏLİK OLMALIDIR!!!
   Biznes araşdırmalarında…
  – Sahə işinin düzgün aparılması
  – Anketlərin düzgün doldurulması
  – Hesabatların düzgün hazırlanması
  – Analiz və təkliflərin düzgünlüyü və s.
 
RESPONSIBILITY-MƏSULİYYƏTLİLİK 
  – Verilən marketin qərarlarının və qəbul edilən strategiyaların məsuliyyətini  dərk və qəbul etmək
  – Sahə işi məsuliyyəti
  – Analizlərin doğruluğu məsuliyyəti
  – Nə eşitmək istədiklərini deyil, real vəziyyəti  doğru nəticələri göstərmək
  Məsuliyyətlilik…
  1) Müştərilərə qarşı
  2) Stakeholderlərə qarşı
  3) Cəmiyyətə qarşı olmalıdır. 
  
Confidentiality– Gizlilik prinsipi:
– Araştırma tərəfdaşları barədə məlumatların gizliliyi, anonimliyin qorunması
– Araşdırma nəticələrinin gizliliyi
– Araşdırma nəticələrinin başqa bir araşdırma üçün istifadə edilməsi zamanı gizlilik prinsipi və razılığın alınması
 
PLAGIARIZM-Plagiatçılıqdan çəkinmək:
– Həm sahə, həm də masabaşı araşdırmalarında plagiatcılıqdan çəkinmək.
 
Səs və görüntü yazma və müşahidə texniklərinin istifadəsində etik prinsip:
– Bu texnikalardan istifadə etməmişdən əvvəl araşdırma obbyektlərinin məlumatlılığı təmin edilməlidir.
-Etik olmayan bəzi qeydlər araşdırmanın nəticələrinə xələl gətirməyəcəksə silinməli və istifadə edilməməlidir. 
 
Təbii ki bu etik dəyərlərin qorunması insan amilindən asılıdır… Ona görə də hər sahədə olduğu kimi ümumi əxlaqi dəyərlər məhz hansı sahədə olursa olsun mütləq qorunmalıdır…
 

Məhsuldarlıqda rol oynayan amillər…

İqtisadi artım və inkişaf mövzusunda öz sözünü demiş ekonomistlərdən biri Nobel ödüllü Robert Solow-dur ki, mən də irəli sürdüyü tezislərlə daha çox razılaşıram. Neo-klasik iqtisadi artım modelini irəli sürən ekonomist uzun illər 1950-ci ildən bu sahədə müxtəlif çalışmalarıyla meydandadır. 1987-ci ildə də elə iqtisadi artım mövzusundakı çalışmalarına görə Nobel mükafatı almışdır. Solow artım modelində, ən sadə dillə desək texnolojik inkişaf diqqətə alınır və iqtisadi artım sürətinin texnolojik inkişaf sürəti və əhali artım sürətinin birlikdə toplamına bərabər olması tezisi müdafiə olunur.

Hazırda yaşayan və MTI-də çalışan 90 yaşlı iqtisadçının iqtisadi artımın bugünü və gələcəyi, habelə biznes və iqtisadiyyatın buna bağlı olaraq hansı faktorları daha çox diqqətə alması haqqında McKinsey Global İnstitutu tərəfindən açıqlanan və özü ilə aparılan müsahibədə çox maraqlı və faydalı məsələlərə toxunulmuşdur. Aşağıda qısaca bu məsələlər barədə söz açacağam.
Məhsuldarlıqda rol oynayan amillər:
1) İqtisadçının fikriylə məhsuldarlıqda rol oynayan amillərdən biri və özünün də tezisində müdafiə etdiyi kimi ölkələrin, şirkətlərin texnolojini əldə etmə istək və bacarığı, texnolojidən (texnolojik dəyişiklikdən) nə ölçüdə yararlanması amili olsa da, müxtəlif ölkələrdə eyni sektoru incələdikləri zaman məhsuldarlığın sadəcə texnoloji amildən asılı olması deyil, məhsuldarlığa və buna bağlı faktorlara idarəetmənin baxış mövqeyi, idarəetmə qərarlarının verilməsindəki peşəkarlıq səviyyəsindən daha çox asılı olduğu izlənmişdir.
2) Digər araşdırılan amil investisiya həcmi və ağırlığı olmuşdur. Burada da yüksək investisiya imkanlarının olmasına baxmayaraq eyni sektorda məhsuldarlıq artımı sadəcə investisiyaya bağlı olmadığı görülmüşdür. Məsələn Fransa avtomobil sektoru, Amerika avtomobil sektoruna müqayisəli olaraq daha çox investisiya ağırlığına sahib olsa da, iki sektordakı məhsuldarlıq investisiya ağırlığına paralel inkişaf göstərmir. Burada isə ortaya çıxan əsas amil yenə organizasiya əksikliyi ilə bərabər idarəetmə qəararlarının effektsizliyi və səhvlərdir.

3) McKinseylə birlikdə aparılan araşdırmada incələnən digər bir sahə isə xidmət sahəsində məhsuldarlıq subyekti olmuşdur. Araşdırma nəticəsində bu sektorda işgücünün 70%-nin  (Avropa və Amerika) cəmləşdiyinə baxmayaraq məhsuldarlıq digər sektorlara nisbətən gözlənilənin əksinə aşağı səviyyədə olmasıdır. Xüsusilə distribusiya və pərakəndə sektorunda məhsuldarlıq dərəcələri çox aşağı səviyyədə olduğu müşahidə edilmişdir.

Xidmət sektorunda məhsuldarlıq təyinedicilərinin və təsir göstərən faktorların nələr olduğu üzərində daha əhatəli çalışmalara ehtiyac yaranmışdır. Məsələn əvvəllər xidmət sahəsi, istehsal sahəsinə nisbətən daha az kapital tələb etdiyi fikri hakim idisə, indi bu fikir öz aktuallığını itirmək üzrədir.  Bu sektorda məhsuldarlıq amili kimi, yenə idarəetmə və qərarvermə çevikliyi ilə birlikdə texnolojinin səmərəli istifadəsi irəli sürülür. Xüsusilə pərakəndə sektorunda texnolojik yeniliklərin istifadəsi məhsuldarlıq göstəricilərinə müsbət təsir edəcəyi fikri hakimdir.

Robert Solow-un iqtisadi artım, məhsuldarlıq təyinediciləri və məhsuldarlıqda artım sürəti haqqındakı yuxarıdakı fikirlərə əsaslanaraq deyə bilərik ki, sırf ekonomik və texnolojik faktorlarla yanaşı idarəetmədə peşəkarlıq, qərarvermə bacarığı  və s kimi bəşəri idarəetmə faktorları da məhsuldarlıqda önəmli təsir subyektləridir və bu xüsusilə önümüzdəki dövrdə əsas fərqyaradıcı amil kimi davam edəcəkdir…

İdarəetmə şəffaflığı…

Hansı sahədə olur olsun, baş verən proseslərin, fəaliyyətlərin izlənməsi üçün şəffaflıq vacib şərtlərdən biridir.  Maddi və maddi olmayan resursların daha effektiv idarə olunmasında da               şəffaflıq önəmli bir faktordur. Sistemli idarəetmə yanaşması da yenə şəffaflıq tələb edir.

Əvvəlki yazılarımızda  birində  idarəetmədə sistem anlayışı  haqqında yazmışdım. Sistem, input, process, output, daxil olanlar, proses və nəticə-əldə olunanlardan ibarət olan və daim onlara təsir edə biləcək xarici faktorlarla birlikdə incələnən bir yanaşma tərzidir.
İdarəetməyə sistem yanaşması ilə baxsaq daxil olan maddi və maddi olmayan resurslar, bu resursların istifadəsi ilə həyata keçirilən proseslər və proseslərdə bu və ya digər şəkildə  əldə olunan nəticələrin idarə olunması fəaliyyətlərini əhatə edir. Və bundan sonra əldə olunan nəticələriin ya düzəltmə, təkmilləşmə ya da gələcək fəaliyyətlərə işıq tutacaq şəkildə istifadəsini asanlaşdıran feedback, geribəsləmə fəaliyyətindən ibarətdir.Bəli idarəetmə şəfafflığı məhz idarəetmə üçün vacib olan maddi və maddi olmayan resursların, onların əldə edilməsi şəffaflığı, daha sonra bu resurslarla həyata keçirilən proseslərin şəffaflığı və nəticədə əldə olunanların aydın olması, şəffaf olması deməkdir.

Həmişə idarəetmədə proseslərin yoxsa nəticənin əhəmiyyətli olduğu mübahisələri ilə qarşılaşırıq. Hətta hər iki istiqamət elmi ve metodik yanaşmalarla birgə idarəetmə ədəbiyyatına Proses idarəetməsi, Hədəflərlə idarəetmə, Nəticəyönümlü idarəetəmə başlığı altında alt mövzularıyla birlikdə çox sayda yanaşmalar yerini almışdır. Ancaq istər proses, istərsə də hədəflərlə və ya nəticəyönümlü idarəetmə olsun, hər biri ilk növbədə şəfafflıq tələb edir.Məsələn, satışların idarə olunmasında nəticə -satış həcminin artırılması olsa belə, buna necə nail olunduğu qaranlıq qalarsa bu satış bölümünün zamanla effektsiz fəaliyyətinə səbəb olacaq.

Çünki hər bir uğursuzluq analiz olunub səhvlərdən dərs çıxarıldığı kimi, uğurlu nəticələr də analiz olunmalı, uğura səbəb olan fəaliyyətlər, proseslər müəyyənləşdirilməli və gələcəkdə təkmilləşdirilərək və ya dəyişdirilməsi vacib olanda dəyişdirilərək istifadə olunmalıdır. Bunun üçün isə ilk növbədə şəffaflıq tələb olunur… Uğurun və uğursuzluğun səbəbləri şəffaf olmalı və təhlilə açıq olmalıdır.  Əks təqdirdə edilən analizlər və düzəltmə tədbirləri öz nəticəsini göstərməyəcək və ya effekti az olacaqdır!

Professional idarəetmənin tələblərindən biri də məhz şəffaf idarəetmənin mənimsənilməsi olmalıdır:

– Şirkətdə sağlam (fomal və informal) kommunikasiya şəffaflıq tələb edir…
– Sağlam üst-alt əlaqələri şəffaflıq tələb edir…
-Sağlam komanda işi şəffaflıq tələb edir…
-Effektiv personal dəyərləndirməsi şəffaflıq tələb edir…
– Düzgün performans dəyərləndirmə şəffaflıq tələb edir…
-Düzgün karyera planlaması şəffaflıq tələb edir…
-Düzgün müştəri münasibətləri şəffaflıq tələb edir…
-Effektiv marketinq kommunikasiyası şəffaflıq tələb edir…
-Hədəf-nəticə yönümlülük şəffaflıq tələb edir…
-Proseslərin effektiv idarə olunması şəffaflıq tələb edir…
-Strategiya,Taktika, Proje idarəetməsi şəffaflıq tələb edir…