Qlobal İnnovasiya İndeksi və ölkəmiz…

Hər hansı bir sahədə inkişaf və uğurun göstəriciləri həmin sahə ilə əlaqədar fərdi və/ və ya qurumsal ekspert rəy və hesabatlarında öz təsdiqini tapmaqdadır. Doğrudur, müəyyən sahələrdə hazırlanan hesabatlarda araşdırma ehmalları və bilərəkdən edilən yanıltmaların olması mümkündür. Ehmallar bilgi faktorundan qaynaqlansa da, yanıltmalardan məqsədli  olaraq istifadə edilir. Ancaq bəhs etdiyim bu əksikliklər çox vaxt siyasi və sosial araşdırmalarda öz əksini tapır. Elmi və bənzər araşdırma və hesabatlarda məqsədli yanıltmaların dərəcəsi nisbətən azdır…

Yazılarımızı izləyən oxucularım yəqin ki bilirlər ki, yazılarımın bəziləri xüsusilə inkişaf göstəriciləri olaraq qəbul edilən müxtəlif sahələrə aid hesabatlar, analizlər, sıralamalara aid olur. Elə bu səfərki yazımda da günümüzün ən önəmli mövzularından biri olan İNNOVASİYA haqqında ən mötəbər hesabatlardan biri olan Global Innovation İndex-dən bəhs etmək istəyirəm. Və təbii ki əsas məqsədim də bu indexdə öz ölkəmizin göstəricisini müqayisəli surətdə təhlil etmək və bu barədə oxucularıma informasiya verməkdir. Və yeri gəlmişkən bildirmək istəyirəm ki, çox önəmli mövzu hesab etdiyim üçün bundan sonra İnnovasiya haqqında davamlı olaraq yazmaq niyyətindəyəm. 

İlk öncə məlumat vermək istəyirəm ki, Global Innovation Index,  INSEAD Business School, Jhonson University of Cornell və WIPO (World Intellectual Property Organization) tərəfindən aparılan bir çalışmadır. Hesabat çox genişdir.
Mən bu yazımda əsas olaraq bu hesabatda ölkəmizin göstəricisi və bu göstəriciyə sabəb olan faktorlar haqqında məlumat vermək istəyirəm. GII-2013 hesabatında ölkəmiz müxtəlif faktorların təsiri nəticəsində 142 ölkə arasında 105-ci yerdə mövqelənmişdir. Məlumat üçün bildirim ki  İsveçrə, İsveç, Böyük Britaniya,  Hollandiya, ABŞ, Finlandiya, Hong Kong(Çin), Sinqapur, Danimarka, İrlandiya bu sıralamada ilk 10-luğu paylaşırlar. Bir əlavə məlumat üçün də bu ölkələrin score-ları 100 üzərindən təqribən 58-68 arasinda dəyişir.
Təbii ki ölkəmizin müqayisəsini apardığımız zaman əsasən qonşu və tarixi və mövcud bənzər sosial-iqtisadi faktorlara sahib ölkələrlə aparmağı real yanaşma baxımından düzgün hesab edirəm. Bu tip ölkələrin sıralamada yerinə baxaq:
Ölkələr        Sıra
Estoniya –      25
Latvia   –        33
Litva –            40
Moldaviya-    45
Ermənistan– 59
Rusiya –          62
Türkiye –        68
Ukrayna-         71
Gürcüstan-     73
Qazaxstan-     84
Tacikistan  –   101
Azərbaycan -105
Qırğızıstan –   117
Özbəkistan-   133
Ölkəmiz təqribən 29 score-la 142 ölkə arasında 105-ci yerdə mövqelənmişdir. Yuxarıda da dediyim kimi bu tip hesabatlarda ehmal olması mümkündür, ancaq məqsədli yanıltmanın fikrimcə olmamasını diqqətə alaraq bu göstəricinin təəssüf ki qənaətbəxş olmadığını söyləyə bilərik. Eyni tarixi və sosial-iqtisadi faktorlara sahib ölkələrdən sadəcə 2-sindən geri qalmaqla ümumiyyətlə bu sahədə ən zəif ölkələrdən hesab olunuruq.
Qlobal İnnovasiya İndeksinin necə hesablandığı və hansı faktorların diqqətə alındığına nəzər salsaq problemli sahələrimizi görmüş olarıq.
Ümumiyyətlə bu indeks hesablanarkən iki əsas subindeksdən istifadə edilir: 1) Innovation input sub-index – İnnovasiya girişi alt indeksi və 2) Innovation output sub-index – İnnovasiya məhsulu (nəticə) alt-indeksi.
İnnovation input sub-index ümumi olaraq aşağıdakı 5 sahədə innovasiyalardan istifadə edilməsini əhatə edir:
 1. Qurumlar (Siyasi, Tənzimləyici , Biznes mühiti qurumları),
 2. İnsan kapitalı və Araşdırmalar (Ümumi (ilk və orta) təhsil, Ali təhsil, Tədqiqat və təkmilləşdirmə)
3. İnfrastruktura (ICT, Ümumi infrastruktura, Ekolojik davamlılıq)
4. Bazar mühitinin yaxşılaşdırılması (Kreditlər, İnvestisiya, Ticarət və rəqabət)
5. Biznes mühitinin yaxşılaşdırılması (Bilik-informasiya sahəsində çalışanlar, İnnovasiya inteqrasiyası, İnnovasiya mənimsəmə, istifadə etmə)
İnnovasiya output sub-index isə iki əsas sahədəki alt faktorlardan əldə edilən nəticələrlə hesablanır:
1)      Bilik  və texnologiya (Biliklərin formalaşdırılması, Biliyin təsiri, Biliyin diffuziyası)
2)       Kreativ nəticələr (Qeyri-maddi aktivlər, Kreativ məhsul və xidmətlər, Online kreativlik)
Təbii ki yuxarıda qeyd edilən sub-indeksləri əhatə edən faktorların da alt faktorları mövcuddur ki, bu faktorların hər biri qiymətləndirilərək nəticədə indeksin formalaşmasına gətirib çıxarır.  Ölkəmiz innovasiya istifadə (girişi) sub-indeksdə 92-ci sırada olmasına baxmayaraq İnnovasiya Məhsulu(Nəticəsi) sub-indeksində 114-cü sıradadır. 2012-yə görə (89) isə 16 pillə geriləməməmiz mövcuddur. 
                                                                          Score (0–100)         Rank
Global Innovation Index (out of 142)………………….. 29.0                  105
Innovation Output Sub-Index………………………………22.9                   114
Innovation Input Sub-Index………………………………….35.1                   92
Innovation Efficiency Ratio…………………………………..0.7                   117
Global Innovation Index 2012 (based on GII 2012)…..30                     89
Göründüyü kimi əsas problem İnnovasiya məhsulu-nəticəsi göstəricilərindədir. Ancaq bunun da əsas səbəbi yetərsiz innovasiya giriş faktorlarının olmasıdır.
Yuxarıda qeyd etdiyim kimi alt faktorlar çox sayıda olduğu üçün bu yazıda bütün faktorlara yer vermək əvəzinə əsas sub-index faktorları və onlarda nəzərə çarpan problemli göstəricilər haqqında da məlumat vermək istəyirəm.
1. Qurumlar-99 (Siyasi-123, Tənzimləyici-111 , Biznes mühiti-63),
 2. İnsan kapitalı və Araşdırmalar -94(Ümumi (ilk və orta) təhsil-99, Ali təhsil-83, Tədqiqat və təkmilləşdirmə-63)
3. İnfrastruktura-99 (ICT-84, Ümumi infrastruktura-118, Ekolojik davamlılıq-91)
4. Bazar mühitinin yaxşılaşdırılması-55 (Kreditlər-77, İnvestisiya-36, Ticarət və rəqabət-77)
5. Biznes mühitinin yaxşılaşdırılması-118(Bilik sahəsində çalışanlar-115, İnnovasiya integrasiyası-121, İnnovasiya (Bilgi) mənimsəmə,itifadə-77)
6.Bilik  və texnologiya-126 (Biliklərin formalaşdırılması-118, Biliyin təsiri-118, Biliyin diffuziyası-127)
7. Kreativ nəticələr-94 (Qeyri-maddi aktivlər-79, Kreativ məhsul və xidmətlər-114, Online kreativlik-79)
Qeyd: faktorların qarşısındakı rəqəmlər ölkənin həmin faktora görə sıralamadakı yerini göstərir.

İnnovasiya istiqamətində- onun mənimsənməsi, istifadəsi və kreaitiv ideya, məhsul və xidmətlərlə nəticələndirilməsi üçün hesabatdakı hər bir alt faktoru diqqətə alaraq istər özəl, istər dövlət sektorunda, təhsil ocaqlarımızda fərdi və qurumsal olaraq tədbirlər kompleksinin hazırlanması inteqrasiyalı şəkildə həyata keçirilməsi vacibdir… Dövrümüz innovasiya dövrüdür… İnnovasiya indeksində yer alan faktorlar da elə inkişaf göstərici faktorlarıdır… Əgər hər sahədə xarici faktorların təsirinin azalmasını istəyiriksə, daxili inkişaf faktorlarını yaxşılaşdırmağa çalışmalıyıq…

Qeyd: Bu sahədə “knowledge” anlayışı “Bilik” və ya “informasiya” kimi qəbul edilir. Mən yazımda “bilik” kəliməsini tərcih elədim… Bilik sahəsində çalışanlar eyni zamanda İnformasiya sahəsində (ICT) çalışanlar kimi qəbul edilə bilər…

Mövzu ilə əlaqədar digər yazılar:

İnnovativ şirkət, sektor və ölkə…
İnsan kapitalı və iqtisadi inkişaf

İnformasiya iqtisadiyyatı və “big data” haqqında…

ECOLIFE jurnalında yayınlanmış məqaləm…

Bilgi texnologiyalarının inkişafı ilə birlikdə iqtisadiyyat elminə və tarixinə yeni anlayışlar girməyə başladı ki bunlar: informasiya cəmiyyəti, bilgi(bilik) iqtisadiyyatı, yeni iqtisadiyyat, şəbəkə iqtisadiyyatı (information society, knowledge economy, new economy, network economy) kimi anlayışlardır.

Doktorantura təhsilim zamanı bu mövzular bizim dərslərdə çox müzakirə olunan mövzulardı… Və o zaman yeni iqtisadiyyatın klassik iqtisadiyyatla fərqlərini araşdırarkən Kevin Kelly və Nordhaus-un bu barədə irəli sürdükləri çox maraqlı bir tezisin olduğunu görmüşdük. Bu tezis yeni iqtisadiyyat deyə adlandırılan informasiya iqtisadiyyatında tələb və təklif əyrilərinin yerdəyişməsi idi. Bu dəyişmə nəyi açıqlayır?

Klassik iqtisadiyyatda qiymət aşağı olarkən təklifin az olması və ya düşdüyü, qiymət qalxdıqca isə təklifin artması baş verirdi. Ancaq yeni iqtisadiyyatda əksinə qiymət düşsə belə təklif artır. Yeni bir texnoloji alət, məsələn, cib telefonu bazara yüksək qiymətlə girir, təklif az olur, amma qiymətin düşdüyünə baxmayaraq təklif artır. Bunun səbəbi isə klassik iqtisadiyyatda qıt qaynaqlar və insanların arzu və istəkləri idisə, yeni iqtisadiyyatda bu əyrilər bir faktora-texnologiyaya bağlı olmaqdadır. Texnologiyanın qaynağı isə insan beyninin məhsulu bilikdir. Bilik və onun məhsulu texnologiya qıt qaynaq deyil, daim yenilənən və tükənməyən qaynaqdır. İnformasiya iqtisadiyyatında tələb və təklif əyrilərinin bu cür yer dəyişməsinin əsasını müəyyən ölçüdə network texnologiyalarının əsasını təşkil edən INTEL qurucusu Gordon Moore-un 1965-ci ildə “Moore qanunu” deyə adlandırılan tezisi olmuşdur.

Moore qanunu (özü bunu ifadə etməsə də) çiplərin-tranzistorların gücü artdıqca daha çox işləm görəcəyi, daha çox funksiya yerinə yetirəcəyi, ancaq istehsal maliyyətlərinin-qiymətlərin buna görə eyni qalacağını və hətta düşəcəyini göstərməkdəydi. Moore əvvəlcə bir dövrəyə sığan çip sayının 18 aydan bir iki dəfə artacağını daha sonra isə bu zamanı iki ilə uzadaraq iki ildən bir tranzistor sayının 2 dəfə artacağını irəli sürmüşdür. Bu çiplərin kiçilməsi ilə baş verir. Çiplərin kiçilməsi isə bunu istifadə edən mobil telefon və kompyuterlərin kiçilməsini təmin edir. Necə ki bu indiyəcən davam edir. 45 ilə yaxın bu tezis öz keçərliyini qorumuşdur. Mooreun özü bu prosesin sona qədər belə davam etməyəcəyini, bu qanunun bir müddət sonra keçərsiz olacağını ifadə etmişdir. Necə ki, 2010-cu illərdə artıq bəzi akademik dairələrdə bu qanunun keçərsiz olduğu irəli sürülməyə başladı. Qanunun davam etməsi üçün çiplərin kiçilməsi davam etməlidir ki, bunun sonsuza qədər davam edə bilməyəcəyi tezisi artıq qəbul görməkdədir. Çiplerin yerini yeni texnologiyaların alacağı, hibrid çip və dövrələrin ola biləcəyi fikirləri səslənməkdədir.

Məlumatların getdikçə artan sürəti, həcmi, müxtəlifliyi bunu mütləq surətdə tələb edir. İnformasiya iqtisadiyyatının məshulları olan sosial şəbəkələrin də yuxarıda qeyd etdiyimiz təklifin tələblə birgə geniş yayıldığı məlumdur. Ancaq hazırda ən öndə olan sosial şəbəkələrin belə özlərini daimi yeniləməyəcəkləri təqdirdə bir müddət sonra yeniləri ilə əvəzlənə biləcəyi irəli sürülür.

Bilginin, informasiyanın və bunun məhsulu olan texnologiyanın qıt qaynaq deyil, daim yenilənən, artan və dəyişən qaynaq olması bu prosesin başlıca səbəbidir ki bunun da yaratdığı problemlər vardır. Artıq dünya futuroloqları tərəfindən də məhz “big data” adı altındakı mövzuların gələcək həyatımıza təsiri ilə əlaqədar mövzuların ön planda tutulduğunu qeyd etməliyik.

“Big data”- “böyük data” və ya “böyük məlumat” kimi ifadə olunmaqla, sadə şəkildə müəyyən zaman aralığında toplanan faydalı və idtifadə edilə bilən məlumatlar toplusudur. İnternetin və buna paralel olaraq internet məhsulları olan sosial şəbəkələrin geniş şəkildə yayılmasıyla məlumat bazalarının müxtəlifliyi, qarmaşıqlığı dataların məqsədyönlü istifadəsini də çətinləşdirmişdir. Artıq bu dünyada ən önəmli problemlərdən biri kimi qəbul edilir. Yəni əslində məlumatlılıq, informasiya və bilgi güc olsa da bu güc ancaq istifadə edildiyi təqdirdə güc, istifadə edilmədiyi təqdirdə isə problem ola biləcəkdir. Şirkətlərin özündə də toplanan araşdırma nəticələrinin, rəqəmlərin və s. analiz edilməsi, dataların informasiyaya və informasiyanın da bilgiyə, biliyə çevrilməsi önəmini artırmışdır. İstifadə olunmayan məlumat güc deyil problem olmaqdadır ki, bunu da “məlumat zibilliyi” adlandırırlar.

“Big data”-nı daha aydın izah etmək üçün onu əmələ gətirən beş önəmli faktordan da bəhs etmək istərdim ki, bunlar “5V” adlandırılır: Variety-çeşidlilik vəya müxtəliflilik, Velocity-sürət, Volume- məlumat həcmi, Verification-yoxlama və Value-dəyərdir.

Variety-çeşidlilk və ya müxtəliflilik: toplanan məlumatların müxtəlif xüsusiyyətdə, müxtəlif qaynaqlardan əldə edilməsi, müxtəlif məqsədlər üçün toplanması, müxtəlif sistemlərdə toplanmasını əsas alaraq müxtəlifliliyini göstərir. Bu müxtəliflik təbii ki çətinlik yaradan amildir ki, “big data”- böyük məlumatlar bu xüsusiyyətlərə malikdir.

Volume-həcm: Toplanan məlumatların öz növbəsində həcm etibariylə də böyük olması adından da göründüyü kimi “big data”-nın digər bir xüsusiyyətidir.

Velocity- sürət: Sosial şəbəkələr, bloqlar, məlumatların istehsal edildiyi mobil telefon tədbiqatları kimi vasitələrin artmasıyla məlumatların həcmcə çox olmasıyla bərabər sürətini də artırmaqdadır. Bu sürəti idarə etmək də günümüzün və gələcəyin problemlərindən biri olaraq qəbul edilir.

Verification- yoxlama: Toplanan məlumatların dəqiqliyi də önəmli faktorlardan biri olduğu üçün məlumatların yoxlanılması və təhlükəsizliyi də önəm kəsb edir.

Value- dəyər: Ən önəmli faktor məhz “big data”nın dəyər yaratması xüsusiyyətinin olub olmamasıdır. Yuxarıdakı digər dörd faktorun düzgün tədbiqi məhz dəyər yaratmada vacib amillərdən biridir. “Big data” əlavə dəyər yaratmırsa yuxarıda deyildiyi kimi “məlumat zibilliyi” xüsusiyyətinə keçəcəkdir. Məhz “big data”-nın xüsusilə şirkətlər tərəfindən idarə olunmasının vacibliyi əlavə dəyər yaratma xüsusiyyətinə görədir.

Yekun olaraq informasiya iqtisadiyyatının təməli olan data-informasiya-bilik kimi mövzular bizim üçün də maraqlı və əhəmiyyətli olmalı, bir bloq yazımda qeyd etdiyim kimi cansız rəqəmləri və ya məlumatları canlı bilgiyə çevirməyi bacaqrmağımız lazımdır. Buna görə analiz qabiliyyətli mütəxəssislərin sayı və keyfiyyəti şirkətlərimiz tərəfindən ön planda tutulmalıdır.