İntellekt matrisi və Vicdanın səsi…

Yenə uzun (mənə görə) fasilədən sonra Sizlərlə bir arada olmaq istədim. Son zamanlar bloqumuzda yazılar seyrəkləşmişdir. Ancaq onu deyim ki, bu vaxt ərzində müsbət istiqamətdə çox dəyişikliklər olub. Dəyişim, yenilik isə bildiyiniz kimi çox vacibdir. Son zamanlar dünya aləmdə də bir sıra dəyişikliklər baş verməkdədir. Və bunların çoxunda bir faktor, bir dəyərin yoxluğu görsənir ki bu da “VİCDAN”dır. Elə bu yazıda bu dəyərin günümüzdə əhəmiyyəti barədə biraz başqa istiqamətdən yol alaraq Sizlərlə paylaşmaq istədim.

Çoxdan alsam da son vaxtlar təkrar incələdiyim kitablardan biri Stephen Covey-in “The 8th Habit From Effectiveness to Greatness” kitabıdır. Elə bil yerinə düşdü ki, dünyanın bu gərdişində  dünya siyasətçiləri, filosofları, lider və idaretməçilərinin müxtəlif fikirlərini oxuduqca günümüzün problemi olan və kitabın bir bölümündə üzərində çox durulan “Mənəvi İntellekt” anlayışı və bunun bir növ “output”u, səsi olan Vicdandan bəhs edilir… 

 
Bloqumuzu təqib edənlər yəqin ki xatırlayar vaxtilə “Fərdi və ictimai inkişafda IQ kifayət etməz…EQ, MQ, BQ və digər “Q”-lər də lazımdır!”  başlıqlı yazımız vardı ki burada intellekt növlərindən bəhs etmişdim. Bunların hər birinin nələr olduğu haqqında həmin yazıdan oxuya bilərsiniz. Mən sadəcə Moral (Spiritual) Intelligence- Mənəvi zəka(idrak haqqında olan hissəni burda təkrar etmək istəyirəm.
 
MQ-Moral Intelligence-Mənəvi zəka(idrak)… Emosional zəkadan sonra ortaya çıxan anlayışdır. Mənəvi zəkada əsas faktorlar bütünlük (fikirdə və əməldə), məsuliyyətlilik, simpatiya və bağışlama xüsusiyyətləridir. Öhdəliklər götürmək və bunu məsuliyyətlə həyata keçirmək, xoşgörülü olmaq və səhvləri bağışlamaq, pozitiv və inkişaf meyilli düşüncə fəaliyyətlərə üstünlük vermək mənəvi zəkanı gücləndirir. Eyni zamanda başqalarının simpatiyasını və rəğbətini qazanmaq, digər insanların əksik yönlərinə toleranslı olmaq və onları olduğu kimi qəbul etmək də MQ-nü qüvvətləndirir. 
 
Bu yazıda maraqlı bir matrisi Sizlərlə paylaşmaq istədim.
 
   İNSAN
4 EHTİYAC
4 ZƏKA NÖVÜ/ Qabiliyyətlər
4 KEYFİYYƏT
NƏTİCƏSİ-SƏSİ
BƏDƏN
Yaşamaq
Fiziki zəka
(PQ)
Disiplin
Ehtiyacın qarşılanması
İNTELLEKT
Təhsil almaq
İntellektual zəka
(IQ)
Vizyon
Talant
Disiplinli fokuslaşma
ÜRƏK
Sevmək
Emosional zəka
(EQ)
Təşəbbüs
Entuziazm
Entuziazm
(Gördüyü işi sevgiylə görmək)
MƏNƏVİYYAT
İz/irs qoymaq
Mənəvi zəka
(SQ vəya MQ)
VİCDAN
VİCDAN
(Doğru olanı etmək)
Gördüyümüz kimi matrisdə insanoğlunu idarə edən və ya onun idarə etdiyi 4 faktor: bədən, intellekt, ürək, mənəviyyat və bu faktorlara xas ehtiyaclar, zəka /qabiliyyət növləri yer alıb. Hər bir faktorun qarşılıqlı keyfiyyət təcəssümü və nəticələri də matrisdə göstərilmişdir. Emosional zəka -Entuziazmı artırır bu da işi  ürəklə, sevgiylə görməklə nəticələnir. Təhsil yoluyla, öyrənməylə əldə edilən İntellektual zəka Vizyonu artırır və hər hansı bir sahəyə məxsus talantlar yaradır.
İnsanda mənəviyyat irs buraxmaq, iz qoymaq ehtiyacını qarşılamalıdır ki yuxarıda bəhs edilən mənəvi zəkaya aid davranış və münasibət, hadisələrə bu yöndən yaxınlaşmağı məcbur edir. Bunu isə ancaq VİCDAN-la etmək lazımdır… Vicdanın səsi isə doğru olanı etməkdir! Bu həyatın hər sahəsində və işdə də keçərlidir! Dünyada müxtəlif zamanlarda səs salan insanlar, liderlər də bu qruplaşma ilə dəyərləndirilə bilər. Kimisi Gandi, Martin Luther King kimi Vicdanın səsini dinlər, doğru olanı edər (millət, xalq, ölkə, dünya üçün) iz qoyar… belə xatırlanır… Kimisi də sadəcə disiplini, vizyonu ilə xatırlanmaqdadır və xatırlanacaqdır… Əsl lider iz qoyan liderdir.
Həyatda və işlərinizdə uğurlar diləyi ilə…

Gələcək vəd edən ölkə: Qazaxstan…(1)

Bu ölkəyə ilk səyahətim 1998-ci ildə olmuşdur. Daha sonra da müxtəlif vaxtlarda yenidən bu və ona qonşu olan dövlətlərdə olmuşam. Və demək istərdim ki hər dəfəsində bu ölkədə müsbət istiqamətdə hansısa yeniliklərin şahidi olurdum. Təbii ki qonşu ölkələrdən fərqli olaraq real iqtisadi artım və inkişaf trendində olmuşdur. Digər qonşu ölkələrdən fərqli olaraq açıq iqtisadi siyasət yürütdüyünə görə  2008-ci ildə dünyada baş verən maliyyə böhranı bu ölkədən də kənar keçmədi. Ancaq çox qısa bir zamanda ölkə böhranla üzləşən digər dünya ölkələrindən fərqli olaraq yenidən iqtisadi artım tempinə keçməyi başarmışdır. Bəhs etdiyim ölkə Xəzərin şərq sahilindəki Qazaxstandır. Bu qısa girişdən sonra bu yazımın əsas məqsədinin bu ölkəyə olan son səyahətlərim zamanı eşitdiklərim, oxuduqlarım və əlbəttə ki gördüklərim haqqında düşüncələrimi paylaşmaqdır.

Bu ölkəyə səyahətlər zamanı elə aeroportdan başlayaraq hər yerdə özümün şahid olduğum və eləcə də başqalarından eşitdiyim  ilk növbədə qeyd etmək istədiyim bir xüsusiyyətləri var qazaxların… Nədir bu? Öz millətlərini digərlərindən hər bir yerdə üstün və tərəfini tutmaq… Bir neçə dəfə şahidi olmuşam ki pasport sırasında öz millətindən olanları önə çağırmışlar. Hətta bir dəfə belə bir olayda bir neçə avropalının etirazına belə məhəl qoymadılar… Eyni terefkeşlik hər sahədə vardır… Müqayisə etməmiz məqsədilə bunu qeyd etdim.

Ərazisinin ölçüsünə görə dünyanın ən böyük 9-cu ölkəsi Qazaxstanın əhalisi təqribən 18 milyondur. Ərazisinin böyüklüyünə görə bu ölkədə dəmir yolu və hava yolu nəqliyyatı əsas nəqliyyat növləridir. Ölkənin demək olar ki əksər şəhərlərində balaca da olsa aeroport vardır. Bildiyimiz kimi ölkənin paytaxtı Almatadan Akmola vilayətində yeni salınan Astana şəhərinə köçürülmüşdür. Və beləcə demək olar ki əslində iki paytaxtlı bir ölkə olmuşdur. Bu da senaye, elm, mədəniyyət, biznes və digər bütün sahələrin sadəcə paytaxtda cəmləşməməsi, ən azı iki bölgə və şəhərə yayılması deməkdir. Təbii ki Aktau, Atırau kimi bölgə və şəhərlər də neft sənayesinin hesabına inkişaf etmiş bölgələrdir. Bunu nəyə görə deyirəm bölgələrarası bərabərsizlik bizdə olduğu kimi çox hiss edilmir. Demək olar ki bu səbəblə də “iki paytaxt”ın olması müsbət təsir göstərmişdir. Hər hansı bir məsələ üçün Almatadakılar paytaxta üz tutmurlar. Almatada da asanca həll edə bilirlər. Asan dedim yadıma xatırlamışkən deyim ki Almatada oluğumuz vaxt qaldığımız oteldə gənc həmvətənlərimizi gördük və hal əhval tutduqda ASAN xidmətinin əməkdaşları olduğunu öyrəndik. Təcrübə mübadiləsi məqsədilə ezamiyyətdə idilər. Çox yaxşı haldır. Bu barədə bir nümunə deyim ki Qazaxstanda da bu işlər artıq çox sürətlə gedir. Eşitdiklərimdən biri-yaşayış yerindən arayış kimi arayışları vətəndaşlar  və yaşama izni olan xaricilər şəxsiyyəti təsdiq edən sənədi post terminala salaraq anında arayış kağızını ala bilirlər.

Almatadan başlamışkən Almata ilə davam etmək istəyirəm. Şəhərə ilk dəfə gedənlər (xüsusilə bizimkilərdən getsə) əslində bu fikrə gələ bilər ki o şəhərdə inkişaf yoxdur. Çünki şəhərin özündə hər hansı söküntü və inşaata rast gəlmək çətin idi. Ancaq bu o demək deyil ki şəhərdə yeni binalar yoxdur. Var təbii kii amma parklar, yaşıllıqlar, şəhər mərkəzi eynilə qalır, kənarlarda böyük ticarət mərkəzləri, yaşayış bimaları tikilir, qəsəbə salınır. Almata ilin bütün fəsillərində çox gözəl mənzərələrdə olur. Niyə? Şəhərdəki hündür ağacların sayəsində… Hər fəsil öz gözəlliyini bu ağaclar vasitəsilə biruzə verir… Almatada sürücülük mədəniyyəti haqqında çox bəhs etmişəm. Həqiqətən də yüksək səviyyədədir. Bir birinin yoluna girmə yox, piyadalara yol verilir və s. Şəhərin bir xüsusiyyəti də planlamasıdır. Belə ki bütün əsas prospekt və küçələr paralel ve perpendikulyardır. Yəni istənilən nöqtəyə çox asan getmək mümkündür. Qaldığım 4-5 gün içində bu şəhərin yollarında yol polisi gördüyümü desəm yalan söyləmiş olaram.

Yazı çox yorucu olmasın deyə burada saxlayıram. Növbəti yazıda Qazaxstanla əlaqədar müxtəlif inkişaf göstəriciləri haqqında və Astana şəhərindən bəhs edəcəyəm.

Görüşmək ümidiylə uğurlar…