Elmi məqalələrin yazılmasında IMRAD qaydası…

Yeni texnologiyaların yaratdığı fürsətlər müxtəlif istiqamətlərdə dəyərləndirilir. Bunlardan biri də yazdığımız, fikirlərimizi paylaşdığımız bloqlardır. Böyük əksəriyyət (əgər doğrudursa) kimi mən də nə qədər də yazının çap formatını bəyənsəm və istifadə etmək istəsəm də, zamanımızın çoxu kompyuter önündə keçdiyi üçün bunu istədiyimiz ölçüdə təbii olaraq bacarmırıq. Online informasiya mənbələri və bloqlar artıq bu ehtiyacın müəyyən hissəsini qarşılamaqdadır.
Bloqlara gəlincə, təbii ki müxtəlif sahələrə aid, müxtəlif mövzularda bloqlar vardır. Nə qədər bloqda yazılan yazılar kiçik həcmli olmalıdır, sıxıcı olmamalı, oxumağa başlaması ilə bitməsi sürəci qısa və mövzudan uzaqlaşmalar olmamalıdır, birnəfəsə oxunmaldır kimi qeyri-rəsmi qaydalar olsa  da bəzi bloqlar xüsusilə elmi xarakterli yazılar məkanıdır. Buna görə də belə yazıların elmi yazı prinsiplərinə söykənməsi və ya bundan istifadə etməsi daha məqsədəuyğun olar.
Demək istər çap formatı olsun, istərsə də bloq məqaləsi, elmin müxtəlif sahələrinə aid xüsusilə, iqtisadiyyat, idarəetmə, sosyologiya, siyasət və s kimi mövzularda elmi məqalə yazma prinsiplərini əhatə edən IMRAD qaydası diqqətə alınsa, bundan istifadə edilsə yaxşı olardı. Beynəlxalq statuslu və xüsusilə elmi yayınlarda hələ də bu qaydalar önəmli yerə sahibdir, yəni bunlar nəzərə alınır. Bloqda yazılan yazılar elmi yayınlarda istifadə edilə bilər və ya əksinə elmi yayınlarda olan yazılar bloqlar vasitəsilə daha geniş kütləyə çatdırıla bilər. Buna görə də hər iki məkanda bu qaydaların diqqətə alınması məqalənin elmi və ya araşdırma xarakterli bir yazı olaraq keyfiyyətini artıracaqdır.
Nədir IMRAD qaydası? I-introduction, M-methods, R-Results (A-and) və D-Discussion kəlmələrinin baş hərflərini əmələ gətirən, yəni Giriş, Metodlar, Nəticələr və Diskussiya-Müzakirə mərhələlərini əhatə edən məqalə, xüsusilə elmi məqalə yazma qaydasıdır.
Bu qaydaya görə elmi yazılar mövzu ilə əlaqədar ümumi və varsa özəl məlumatlarla başlamalı, maraq oyadan təsirli cümlə, fikir istifadə edilməlidir. Bu  Giriş bölməsinin əsas prinsipidir.
 Metodlar hissəsində  təqdim edilən mövzu və ya araşdırma ilə əlaqədar istifadə edilən metodlar ortaya qoyulmalı və bu metodların effektivliyindən bəhs edilməlidir. Niyə bu metoddan istifadə edildiyi haqda da yazmaq mümkündür. Qısaca varsa digər metodlardan da bəhs etmək mümkündür. Yəni burada hansı metoddan və hipotezdən yola çıxaraq digər bölmədə yer alan Nəticələrə gəlinmişdir açıq göstərilməlidir.
Bəhs edilən kimi digər hissə Nəticələr-dir. Bu hissədə isə müəllif və ya araşdırmacının gəldiyi nəticələr açıqlanır və izah edilir. Məqalə və ya məqalədəki fikirlər, metodlar, nəticələr müzakirə xüsusunu özündə həmişə saxlamalıdır.
Diskussiya-müzakirə ona görə də son bölmə olaraq çox önəmlidir. Xüsusilə bloqlarda yazılan məqalələr müzakirələrə açıq olmalıdır, feedback-lər əldə edilməlidir. Bloqların fəallığının göstəricilərindən biri də məhz budur, yazılan yazılara olan şərhlər. Yazılar buna görə də bilgi verici və müzakirə olunacaq xüsusiyyətlərə malik olmalıdır. Çünki bu sahədə olan yazılar ədəbi yazılardan məhz müzakirə tələb etdiyi üçün fərqlənir. Elmdə sorğulama, müzakirə onun inkişafına töhvə verər.
Xüsusilə yuxarıda bəhs edilən mövzularda yazılan yazılarda bu qaydalardan istifadə etsək, həm özümüz, həm də oxucu auditoriyamız üçün zamanımızda ən dəyərli olan vaxta da qənaət etmiş olarıq. Həm də müəyyən mövzuda araşdırma edən, bilgi, məlumat toplamaq və istifadə etmək istəyənlər üçün daha faydalı ola bilərik. Mən belə düşünürəm, bəs sizlər?
Hamıya uğurlar diləyi ilə…

Biznes Saatı – qonaq: Cəbrayıl Vəliyev (06 iyun 2013)

Şirkətlərimizin təlim və təlimçi seçmə problemi və təlim bazarı…

Ölkəmizdə müxtəlif sahələrdə şirkət sayının artması, 15-20 il fəaliyyət göstərən şirkətlərimizin böyüməsi artıq şirkətlərdə müxtəlif sahələrdə kadr çatışmamazlığının mövcudluğunu daha açıq şəkildə üzə çıxarır. Şirkətlər artıq professional idarəetməyə yönəlirlər və ya yönəlmək istəyindədirlər. Professional idarəetmənin əsas bazası professional kadrların hazırlığı və kadrların inkişaf etdirilməsidir.  Müxtəlif ixtisaslar üzrə ali təhsil nəzəri baxımdan burada təməl rol oynamağına baxmayaraq, iş həyatında nəzəriyyə və praktikanın çox zaman fərqli xüsusiyyətlərə malik olduğu üçün nəzəri bilgilər çox əksik və effektsiz qalır. Burada təhsil ocaqlarımızda tədris edilən proqramlarda biznes sferasının tələb etdiyi və praktikaya dayanan mövzuların olmaması, əksərən köhnə nəzəri və istifadə arenası olmayan mövzuların işlənməsidir.

Şirkətlər kadrlarının bu əksikliyini təbii ki daha sonra müxtəlif sahələr üzrə biznes təlimlərindən yararlanaraq aradan qaldırmağa çalışırlar. Ancaq bu sahədə də problemlər olduqca çoxdur. Şirkətlərdə İnsan Resurslarını əhatə edən işgücü planlaması, personal və performans dəyərləndirilməsi, kariyera planlaması, inkişaf proqramları kimi fəaliyyətlərin professional səviyyədə həyata keçirilməməsi səbəbindən çalışanların təlim ehtiyacının düzgün müəyyənləşdirilməməsi və istiqamətləndirilməməsi əsas problem olaraq qalır. Burada üst idarətmənin təlimlərə baxış mövqeyi də önəmlidir. Vurğuladığım bu problem şirkətlərin təlimlərlə əlaqədar fəaliyyətləri həyata keçirən bölümlərindən qaynaqlanır. Təlim keçirmək xatirinə təlimlər keçirlməməlidir!
Digər bir problem isə təlim və konsaltinq bazarının inkişaf etməməsi problemidir. Təbii ki çox sayda təlim mərkəzləri, müxtəlif sahələır üzrə təlimçilər mövcuddur. Ancaq həm təlim mərkəzləri, həm də təlimçilərdə ixtisaslaşma aşağı səviyyədədir. Təbii ki hər hansı bir təlim mərkəzi müxtəlif sahələrə yönələ bilər. Ancaq rəqabət üstünlüyü əldə etdiyi sahələr olmalıdır. Hər şey edə bilərik düşüncəsiylə hərəkət etmək professionallıqdan uzaqlaşdırır. Bu sahədə təlimçilər xüsusilə çox irəli gediblər… Hansı mənada? Məsələn HR təlimləri verən və ya bu sahədə ixtisaslaşmış kimi görünən təlimçilər ümumi idarəetmə, hətta satış və marketinq təlimləri təklif edirlər və təbii ki şirkətlər də bu təlimləri alırlar. Çünki müəyyən ixtisaslaşmış təlimçilər həqiqətən azdır. Və ya satış və marketinq üzrə müəyyən təcrübəyə malik olmayan şəxslər bu sahədə təlim təklifləri ilə çıxış edirlər. Və bu təlimçilərin bu sahədə təklif etdikləri programlarda əsas psixologiya və davranış, ünsiyyət mövzuları ön plana çıxarılır. Təbii ki satış və marketinqdə bunlar önəmlidir, amma yetərli deyil. Məsələn satışın planlaması, satışların təxmini, satışda istifadə olunan analizlər, müxtəlif satış sisteminin xüsusiyyətləri haqqında bu cür təlimlərdə heç bir şey demək olar ki yoxdur.
Məhz bu səbəblərə görə yerli təlimçi və təlim mərkəzləri etibar qazana bilmir və şirkətlərimiz qonşu ölkə təlimçilərini cəlb edir, təlim ehtiyyaclarını onlar vasitəsilə qarşılamağa çalışırlar. Bunu başa düşmək olar. Ancaq bu problemin həlli deyil, hətta daha da dərinləşməsinə aparan bir istiqamətdir. Bu həm şirkətlərə görə, həm də lokal təlimçi və təlim bazarının inkişafı nöqteyi nəzərindən belədir.
Şirkətlərimizin qonşu ölkələrdən gətirdikləri təlimçilər onların ehtiyyacını nə qədər qarşılayır? Çəkilən xərclər təbii ki müəyyən ölçüdə artır. Ən əsası isə təlimçi ilə şirkət arasında əlaqə bir iki təlimlə yekunlaşır daimi əlaqə qurulmur və təlimin nəticəsi ölçülmür və ya adekvat tədbirlər görülmür. Burada ən böyük problem olan DİL problemini də xüsusilə vurğulamaq istərdim. Təlim təlimçinin dilində keçirilir və təlimə qatılanların müəyyən fazii bəzən də çox hissəsi təlimlərdə söylənənləri dərindən başa düşməkdə çətinlik çəkirlər. Bu da alınan təlimin effektsiz olmasına gətirib çıxarır. Digər bir amil isə yerli bazarın, istehlakçı, satıcı və s. həyat tərzi, baxış mövqeyi  və xüsusiyyətlərinin də önəmli olması ancaq bunların nəzərə alınmamasıdır.
Şirkətlərimiz təlimçi seçərkən bloqda çox əvvəl yazdığım “Biznes təlimləri necə olmalıdır?”  yazını oxumağı tövsiyyə edərdim. Eyni zamanda təlim şirkətləri və təlimçilərimiz də bu addımlara diqqət etsələr yaxşı olardı. Bu bazarda təlimçilər və təlim təklif edən qurumlar müəyyən sahələr üzrə ekspertlər olaraq etibar qazanmalıdırlar. Şirkətlərimiz isə çox yaxşı götür-qoy edib, gözübağlı xarici təlimçi eşqiylə hərəkət etməməlidirlər, peşəkar yerli təlimçilərə də fürsət verməli və dəyərləndirməlidirlər.
Hamıya uğurlar diləyi ilə…
Mövzu ilə əlaqədar digər yazılar:

Hadisələrə "ceteris paribus"la baxaq…

Müəyyən bir hadisə, müşahidə obyekti və sair haqqında fikir söylədiyimiz vaxt yaxşı olardı ki, heç olmasa “ceteris paribus” prinsipiylə hərəkət edək. İqtisadi bir termin olan və latınca mənası “digər faktorların sabit qalması, dəyişməməsi şərti ilə” deməkdir. İqtisadi termin olsa da burda formul yazaraq bunu açıqlamaq istəmirəm. Təməl iqtisadi bilikləri olanlar bundan xəbərdardır.
Mən ceteris paribus prinsipi ilə  məhz ictimai həyatda  bir hadisəni müşahidə edərkən, onun haqqında fikir söylərkən heç olmasa bunu nəzərə almağı məsləhət görərdim. Bir hadisəyə, baş verən bir dəyişikliyə müxtəlif faktorlar səbəb ola bilər.

 Ceteris paribus prinsipində bu faktorların biri daha çox ələ alınsa da digər faktorları nəzərdən qaçırmır, tamamilə atmırlar. Digər faktorların sabit qalmasıyla və ya dəyişməməsiylə bu olanın baş verdiyi müdafiə olunur.
Təbii ki bütün digər faktorları hesaba qatmaq daha anlamlı olsa da düşüncə və şərtlərə görə bu dəyişdiyi üçün hər hansı bir faktora nəzərən incələnməsi də doğru yoldur.
 Bəs digər yol, yanaşma tərzi nədir???

Digər bir yol və ya yanaşma tərzi hadisələri müşahidə edərkən, onlar haqqında fikir söylərkən tək bir faktora bağlamaq digər faktorları gözardı etməkdir ki buna da “isolation” deyirlər. İstər iqtisadi, istər sosial hadisələrdə “isolation”-la hərəkət edib, müşahidə aparıb doğru qərarvermə fikrimcə düzgün deyildir…

Elmdə hər şey sorğulandığı kimi, ictimai hadisələrdə də sorğulanmalı, təktərəflı yanaşma və mühakimədən qaçılmalıdır… Hadisələrə səbəb olan tək bir şey olsa da onun da nələrdənsə təsirləndiyi mütləq mövcuddur. Hadisələrə, elmi və ya qeyri-elmi, siyasi və ya ictimai olsun bu daha geniş baxış bucağıyla baxmaq bizim doğru qərar verməmizə kömək edəcəkdir…
Uğurlar diləyi ilə…