Azadlıq və inkişaf…

İnsan inkişafı, fərdlərin ən ümdə ehtiyaclarını qarşılaya bilmələrini, sağlam bir mühitdə dünyaya gəlmələrini və böyümələrini, təhsil yoluyla özlərinin və mənsub olduqları ictimaiyyətin inkişafına dəyər qatmalarını ifadə edir. Bütün bu faktorlar həyat səviyyəsinin göstərgələri kimi qəbul edilir.
Məhz insan inkişafı həyat səviyyəsinin yaxşı olmasından asılıdır. Bununla əlaqədar olaraq, iqtisadiyyat üzrə Nobel mükafatı sahiblərindən biri olan Amartya Sen, inkişaf anlayışını sadəcə ümumdaxili məhsulda meydana gələn bir artım olaraq qəbul edilmədiyini və bu cür yanaşmanın inkişaf və artım anlayışlarının qarışdırılmasına gətirib çıxaracağını söyləmişdir. İnkişafın əslində “gözəl bir həyat”la daha çox əlaqəli olduğunu müdafiə etmişdir.
Sen hər hansı bir fərdin yaxşı vəziyyətdə var olması üçün fərdin var olma ya da nə isə hərəkətə keçirmə, ifa etmə funksiyasının inkişafının vacib olduğunu qeyd edir. Bu funksiyaların inkişafı isə fərdə fərqli faktorlar arasından istədiyini azad şəkildə seçməsini təmin edir.
Azadlıq eyni zamanda fərdin bacarıqlarının inkişaf etməsi və etdirilməsi ilə sıx əlaqəlidir.
 A.Sen inkişaf anlayışını şərtlərin və fürsətin fərdlər üzərində hökm etməsi ilə deyil, fərdlərin şərtlər və fürsət üzərində hökm etməsi ilə meydana çıxacağını müdafiə edir.
Bəli, bir cəmiyyətdə əgər daha çox şərtlər, fürsətlər, şanslar insanların hərəkət etməsinin əsas dayaq nöqtələri olarsa, sistemsizlik, qeyri müəyyənlik, gələcəyə pessimist baxış daha üstün olacaqdır! 

Özünüinkişafın əsasını təşkil edən təhsilə baxış mövqeyi zəifləyəcəkdir. Pessimist düşüncə tərzinin nəticəsi olaraq hərəkətsizlik, fəaliyyətsizlik artacaqdır. Asılılıq, nəyəsə və ya kimlərəsə bağlı olmaq, kimlərdəndə asılı olmaq artacaqdır. Azad, özgür fikir yürütmə azalacaqdır. Cəmiyyətdə ətalət öz sözünü deyəcək və müsbət dəyişikliyə can atmaq istəyi zəifləyəcəkdir!
İnsanların  fikri arxa plana atılacaq, pərakəndə şəklə salınacaq və müəyyən həmrəy düşüncələrin formalaşması zəifləyəcəkdir! İnsanlar öz gələcəkyönlü fəaliyyətlərində əldə etdikləri bilgi, təcrübə habelə mövcud qanun və qaydalar artıq istifadə edilmədiyi üçün lüzumsuz sayılacaq və bu da cəmiyyətdə inamsızlığa və şərtlərlə yaşamağa səbəb olacaqdır. Halbuki şərtlər və fürsətlər  insanlar tərəfindən onların fəaliyyəti ilə (cəmiyyətin bütünü ilə) yaradılmalıdır! Bu mənzərə mənə çox tanışdır…
Dəyişməsi ümidi ilə…

Təcrübə önəmlidir, ancaq…

“Bir defa ben tecrübeye inanmam. Neden? Son 10 yılda olan deyişiklikler, son 2 bin yılda olan deyişikliklərdən daha fazla. Şayet 30 yıllık bir mühendis “Benim tecrübelerim var” derse ve eskide kalmışsa o aradaki tecrübe bir işe yaramaz. Amerikada öyle bir konuşma yaptım, sonunda bin kişi ayağa kalktı ve beni alkışladı. Ancak öncesinde eşim beni uyardı, “yapma, rezil olacaksın” dedi ve toplantıya gelmedi. Ama izleyenler ayakta alkışlayınca baktım ki eşim de dışarıda tebrikleri kabul ediyor.” –
 İşadamı Şarık Tara. (“Capital” dərgisi-Fevral, 2013 sayından)

Təcrübənin, praktikanın iş həyatında önəmli olduğu haqqında təbii olaraq hər zaman fikirlər irəli sürülür. Bu fikirlər əlbəttə müəyyən bir işi yerinə yetirmək üçün, o işlə əlaqədar daha öncələri rastlanan problem və həll yollarından qazanılan təcrübənin və istifadəsinin önəmliliyini ifadə edir.
 Ancaq xüsusilə elm və texnologiyanın sürətlə inkişafı və yenilənməsi həyatın hər sahəsində olduğu kimi biznes mühitində də sürətli yenilənmələri tələb edir. Və artıq statik təcrübə öz gücünü və önəmini itirməkdədir. Statik təcrübə öz yerini daim yenilənən təcrübəyə, bilgiyə buraxmaqdadır. Bu artıq dövrün tələbidir.  Yuxarıda Türk işadamı Şarık Tara da məhz bunu ifadə edir. Artıq daim yenilənən bilgi-təcrübə statik təcrübədən daha güclüdür.

İş həyatında hər bir sahədə yenilənmə, inkişaf təbiidir. Bu inkişafın önündə getmək, yeniliyə ayaq uydurmaq çox vacibdir. İstehlakçıların əvvəlki illərə nəzərən daha bilgili və tələbkar olması, bilgi-yeniliyi əldə etmənin asanlaşması, əldə-etmə müddətinin azalması  rəqabəti daha da şiddətləndirməkdədir. Bu şiddətli rəqabət mühitində yeniliyi təqib etmək, əgər potensial imkan verirsə yeniliyi yaratmaq daha vacibdir.
Bilgi və yeniliyi təqib etmək üçün hər bir sahəyə aid lokal (əgər varsa) və qlobal yayınları təqib etmək, bu sahəyə aid quruluşlara, təşkilatlara üzv olaraq onların yayınladıqları hesabatları incələmək, sahə ilə əlaqədar keçirilən konfrans və panellərdə iştirak etmək, sahə trendinin hansı istiqamətə getdiyi haqqında informasiyaları toplamaq, analiz edib faydalanmaq lazımdır. Ancaq daimi olaraq bu sadalananları həyata keçirmək, təqib etmək yenilənən bilgi qazandıracaqdır. Yenilənən bilgi ilə köhnə statik təcrübələriniz də yenilənmiş olacaqdır. Bütün bunları pərakəndə şəkildə təqib etmək əlbəttə çətindir. Bilgi və yenilikləri qlobal səviyyədən lokal səviyyəyə çatdırmaq üçün əvvəlki yazılarda da qeyd etdiyim müxtəlif məsləki qrupların, dərnəklərin yaranması çox vacibdir. Hər bir sahədə istər fərdi, istərsə də qrup ekspertlərinin olması çox vacibdir. Məhz bu cür qrup və dərnəklər qeyd edilən ekspertlərin formalaşmasına, əgər varsa və fəaliyyətləri qapalı isə üzə çıxmasına, tanınmasına kömək edəcəkdir və nəticədə bundan hamı faydalana biləcəkdir. Ekspertlər isə müxtəlif istiqamətlərdəki boşluq və statikliyi görüb bu istiqamətlərdə ciddi dəyişiklik və inkişafa nail olmaq üçün  öz performanslarnı bu istiqamətlərə yönəldəcəklər. Bu isə onların daha da ixtisaslaşmasına  səbəb olacaqdır.