Bəzən müxtəlif mənbələrdə iqtisadi artım (economic growth) və iqtisadi inkişafı (economic development) birbirlərinin əvəzinə istifadə edildiyini görürəm. Bu yazını yazmaqda məqsədim, bu iki anlayışın nə qədər bir birinə yaxın və bir biriylə iç-içə olsa da aralarında kəskin fərqlərin olduğu haqqında təbii ki iqtisadi elmə əsaslanaraq bilgi və fikirlərimi paylaşmaqdır. Öncə “artım” və “inkişaf” anlayışlarının iqtisadi tərəfini sonraya saxlayıb sırf bu anlayışların ümumi izahını vermək istərdim.
Birinci görüşə görə iqtisadi artım bir ölkənin ölçüləbilən iqtisadi faktorlarının müəyyən müqayisə edilən dövr içində kəmiyyət baxımından dəyişməsidir. Ölkənin ümumdaxili məhsul həcminin artması həm iqtisadi böyümə və həm də iqtisadi inkişaf kimi ələ alınır. Burada iqtisadi artımla birgə əhalinin də artımı nəzərə alınır. Artım ölçülə bilən xüsusiyyətdə olduğu üçün mənfi (azalma, daralma) və ya müsbət (artım) kimi nəticəsi ola bilər. Məsələn, iqtisadiyyatda müxtəlif ölçüləbilən xarakterlər: ÜDM, işlə təminat, ixracda, idxalda artım, əhali artımı və s. Bu ölçülər müəyyən dövrə aid hesablanır və müəyyən bir dövrlə də müqayisə edilir. Buna görə də burda həm riyazi olaraq artım, həm də azalma baş verə bilər. Ancaq həm ÜDM-nin həm də əhali sayının artması eyni zamanda baş verməyə bilər. Və ya əhali artımı daha çox ÜDM isə nisbətən az arta bilər. Bu zaman adambaşına düşən milli gəlir azalış göstərəcəkdir.
Bu görüşün əksikliyini təngid edən ikinci görüşə görə iqtisadi inkişaf isə daha çox fərdi bazda kalitatif-keyfiyyət baxımından müqayisəsi aparılan bir anlayışdır. Yuxarıda misal çəkdiyimiz ÜDM -iqtisadi artım, ÜDM/əhali sayı (Adam başına düşən ümumi daxili məhsul) isə iqtisadi inkişaf göstərgəsi bu görüş tərəfindən qəbul edilir. Ancaq eyni zamanda bu görüşdə həm ÜDM-də, həm də əhalidəki dəyişmələr də nəzərə alınır və buna görə mütləq və nisbi dəyişmələrlə də bu nisbət hesablanır. Təbii ki bu iki faktorun birində olan dəyişmə adambaşına gəlirdə də dəyişməyə səbəb olacaqdır. Əgər adambaşına düşən gəlirdə dəyişmə olmazsa yəni “0” olarsa bu durum iqtisadiyyatda stagnation-durğunluq, dəyişmə mənfi -azalma yönündə olarsa, reqression-geriləmə, müsbət-artım yönündə olarsa, pozitiv dəyər alarsa development-inkişaf kimi qəbul edilir. Burada bir önəmli məsələni də qeyd etməyi lazım bilirəm. Bu da ÜDM-nin Satınalma Gücü Paritesinə (GDP on a purchasing power parity) görə hesablanmasıdır ki bunu beynəlxalq qurumların ölkələr üzrə inkişaf göstərgələrində daha çox nəzərə alırlar və bu daha real bir göstərgədir.
Üçüncü bir görüş isə bu haqqında ümumiyyətlə ilk ikisindən fərqli olaraq sadəcə kantitativ-kəmiyyət göstərgələrindən yola çıxmaqla deyil, ümumiyyətlə iqtisadiyyatın strukturunda və müxtəlif sahələrdə baş verən irəliləyişin iqtisadi inkişafın göstəriciləri olaraq qəbul edir. Bu görüşün əsasını fransız iqtisadçısı Franchois Perroux qoymuşdur. Ona görə, iqtisadi artım real milli gəlirin müəyyən bir dövr içində düzənli dəyişməsidir. Bu adambaşına düşən ÜDM ilə də ölçüləbilər. İqtisadi inkişaf isə daha çox iqtisadiyyatın müxtəlif sahələrində və bütünündə struktural bazda olan dəyişikliklər, inkişafdır. İqtisadi inkişaf artım ilə birlikdə bu struktural dəyişiklikləri də özündə cəmləşdirir və buna görə də daha geniş bir anlayışdır.
Yuxarıdakı izahat nəticəsində qeyd edə bilərik ki, iqtisadi inkişaf iqtisadi artımdan daha geniş anlayışdır. Özündə həm kəmiyyət, həm də keyfiyyət baxımından dəyişiklikləri, inkişafı birləşdirir. İqtisadi inkişaf sadəcə müəyyən dövr içində əldə edilən ümumdaxili məhsulun artması demək deyil bu artımın iqtisadiyyatda və əhalinin rəfah səviyyəsindəki müsbət dəyişikliklərə təsirindən də ibarətdir. Ümumiyyətlə iqtisadi inkişaf davamlılıq xarakterdə olub, ən yaxşı iqtisadi strukturun əldə edilməsidir. İqtisadi inkişaf məqsədli iqtisadi siyasət aparılarsa, iqtisadi artım bu struktur dəyişiklərində əhəmiyyətli rol oynayar.
Mövzu ilə əlaqədar digər yazılar:
“Patent, Faydalı model, Sənaye nümunəsi, Əmtəə nişanı və ölkəmizin vəziyyəti”
“Gələcəyimizi düşünürükmü? Qlobal Rəqabətqabiliyyətlilik göstəricilərinə baxış…”