İxracın şirkətlərə faydaları…


“Ecolife” dərgisində yayınlanan məqaləm…

Qapalı cəmiyyətdən və iqtisadi sistemdən  açıq cəmiyyətə və bazar istisadiyyatı mexanizmli qlobal iqtisadi sistemə keçişin şirkətlərə yaratdığı fürsətlərin əsasını şirkətlərin xarici ticarətdə iştirak etməsi və bunun faydalarından istifadə etməsi təşkil edir.  Xüsusilə lokal şirkət statusundan çıxıb böyümək istəyən şirkətlər üçün beynəlxalq bazarlarda iştirak etmək vacib amillərdən biridir. Beynəlxalq bazarlarda iştirak formalarından biri və ən sadəsi ixracdır. İxrac məhz kiçik və orta şirkətlərin beynəlxalq və qlobal şirkət olmaq istiqamətində istifadə edəcəkləri ən ilkin  variantdır. Burada ixracın da eyni zamanda birbaşa ixrac və dolayı ixrac olaraq iki əsas şəklinin olduğunu qeyd etmək istəyirəm. Daha sonra yazı içində bununla əlaqədar müəyyən düşüncələrimi paylaşacağam.

Ölkəmizdə son illərdə ixrac potensiallı şirkətlərin sayı artmaqdadır. Ancaq  bu say kantitatif və kalitatif baxımından yetərli deyildir. Bu istiqamətdə yerli şirkətlərə istiqamət verəcək fəaliyyətlərə dəstək məqsədilə ölkədə müxtəlif qurumların yaradıldığını da qeyd etmək lazımdır.  Dəstək məqsədilə belə qurumların yaradılması təbii ki vacib və faydalıdır. Sadəcə həm bu qurumların, həm də şirkətlərin özlərinin bu istiqamətdə məqsədyönlü və sistemli fəaliyyəti olmalıdır.
Məqsədyönlü və sistemli hər bir fəaliyyət üçün isə;
– ilk növbədə bu fəaliyyətin fayda və risklərinin bilincində olmaq və bunu qəbul etmək,
– bu istiqamətdə daimi və təkmilləşdirici fəaliyyətlər aparmaq lazımdır. 
Bu yazıda məhz ixracın ümumi olaraq şirkətlərə yaratdığı faydaların nələr olduğu haqqında fikirlərimi paylaşmaq istəyirəm.  Ancaq daha əvvəlcə ixrac formalarından qısaca bəhs etməyin faydalı olacağı qənaətindəyəm. Belə ki yuxarda da qeyd etdiyim kimi ixracın iki əsas forması vardır: birbaşa ixrac və dolayı (vasitəli) ixrac. Birbaşa ixrac forması, heç bir vasitəsiz  şirkətlərin öz məhsullarını birbaşa hər hansı bir ölkədəki alıcıya göndərməsi və bu ixrac fəaliyyəti ilə əlaqədar lazımi sənədlərin hazırlanması və prosedurları həyata keçirməsidir. Dolayı (vasitəli ixrac) isə şirkətin öz məhsullarını birbaşa ixrac etməyərək yerli hər hansı bir vasitəçi (agenda) üzərindən həyata keçirməsidir. Yəni vasitəçi bir şirkət şirkətin məhsullarını alır və daha sonra öz adına ixrac edir. Qeyd etmək istəyirəm ki, məhz inkişaf etməkdə olan ölkələrdə dolayı ixrac vasitəsi geniş şəkildə istifadə olunmaqdadır. Bunun da səbəbləri kiçik və orta şirkətlərin bu istiqamətdə tələblərə cavab verən, xarici dil bilgisi, ixrac prosedurlarını həyata keçirə bilən, xarici ölkələrdə şirkət məshulları üçün bazar araşdırmasını həyata keçirə bilən, müştəri axtarma, danışıqları aparma və nəticələndirəcək peşəkar kadrların azlığı və heç olmamasıdır.  Bəzi ölkələrdə xüsusilə  Çin, Türkiyədə bu işləri həyata keçirən çox sayıda vasitəçi qurum və şirkətlər fəaliyyət göstərməkdədir. Bu tipli şirkətlər yuxarıda sadaladığım əksik yönləri olan və buna görə də öz məhsullarını ixrac etməkdə çətinlik çəkən şirkətlərin məhsullarını müəyyən bir komissiya qarşılığında alıb ixrac etməkdədirlər və yaxud özləri məhsulları şirkətlərdən alaraq daha sonra öz qiymətlərini də məhsulun alış qiymətlərinə əlavə edərək ixrac edirlər. Ölkəmizdə də, xüsusilə bölgələrdə bu cür şirkətlərimiz vardır ki, xarici bazara çıxacaq şəkildə məhsulları mövcuddur ancaq bu fəaliyyətləri həyata keçirəcək lazımi bilgilərə malik kadrları yoxdur. Ancaq təəssüf ki, bunu həyata keçirəcək vasitəçilər də ölkəmizdə demək olar ki yox səviyyəsindədir və bu fəaliyyət sahəsi inkişaf etməmişdir. Bu istiqamətdə təşəbbüskarlar və “startup”çılar düşünə bilərlər. 
İndi isə ixracın ümumi baxımdan şirkətlər üçün faydaları haqqında:
İxrac satış həcmini və gəlirləri  artıracaqdır: Əgər şirkət daxili bazarda güclü mövqeyə sahibsə və performansı güclüdürsə bu gücü qorumaqla bərabər ixrac vasitəsiylə xarici bazarlara girərsə bu həm satışlarında, həm də gəlirlərdə artıma səbəb olacaqdır. Təbii ki burada uyğun məhsulun, uyğun qiymətlə, uyğun bazara ixracı prinsipi və ixrac üçün əməliyyatların vaxtında, əksiksiz aparılması, məhsulların düzgün şəkildə çatdırılması və ixrac edilən şirkətlə işbirliyinin yüksək səviyyədə olması əhəmiyyətli faktorlardır.
Digər ölkə bazarlarından pay əldə etmək: Fəaliyyət göstərdiyi ölkə ilə bərabər ixrac etdiyi ölkənin də müvafiq məhsul bazarından pay əldə etməsi və bunu daim artırması şirkətin böyüməsini sürətləndirəcəksir.
Daxili bazara olan bağlılığı azaltmaq Şirkət xarici bazarlara çıxaraq daxili bazardakı müştərilərdən asılılığını azaldacaqdır. Daxili bazarda rəqabət güclüysə xarici bazara yönəlməklə şirkəti bu rəqabətin təsirindən müəyyən ölçüdə qorumaq faydalı olacaqdır.
Bazardakı dəyişikliklər və dalğalanmaları tarazlaşdırmaq: Şirkətlər xarici bazarlarda iştirak etməklə yerli bazarlarda yaranan müxtəlif dalğalanmalar və geriləmələr zamanı dəyən zərərləri ixrac vasitəsilə qarşılaya bilərlər.
İstehsal imkanlarından maksimum istifadə etmək və istehsal gücünü artırmağa kömək: İxrac edərək şirkətlər öz istehsal imkanlarından maksimum istifadə etməyə çalışacaqlar və əgər dəyərləndirilməyən imkanlar varsa yenidən dəyərləndirib istehsal güclərini artıracaqlar. Eyni zamanda daha çox istehsal həcmiylə və boşda qalan imakanları dəyərləndirməklə məhsulun ədəd maliyyətini azalda bilərlər.
 “Know-how” əldə etmək: Xarici bazarlarda çıxış edən bir şirkət bu bazarların istehlakçılarının fərqli istək və tələbləri ilə qarşılaşır və bu bazarda daha çox pay əldə etmək üçün bu istək və tələbləri qarşılamağa çalışır. Bu amil şirkətdə müxtəlif proseslərin daha da təkmilləşdirilməsini tələb edir. Məhsulda təkmilləşdirmələr aparılır, yeni məhsul yaradılır və ya istehsal, satış prosesində yeniliklər və təkmilləşmələr aparılır. Yəni qısaca şirkətlər yeni “know-how” əldə edirlər.
“Externality” əldə etmək: Şirkətin öz məhsullarını bir və ya bir neçə ölkəyə ixrac etməsi və məhsullarının bu bazarlarda tanınması, qəbul və tərcih edilməsi şirkətlərə müsbət imic, reputasiya qazandırır və bu reputasiyadan, referanslardan digər xarici ölkələrin bazarına çıxış üçün istifadə edilə bilər. Məsələn, hər hansi bir Avropa ölkəsinə məhsul ixrac etmiş şirkətin digər ölkələrə də bu məhsullarını ixrac etməsi həm rəsmi ixrac prosedurları baxımından, həm də bu ölkələrdə məhsulun qəbul edilməsi baxımından müsbət təsirə malikdir. Bu da “müsbət externality” yaradır və bu şirkətlərin gələcək fəaliyyətlərində müsbət rol oynayır.
Brendinq istiqamətində geniş bilgi qazanmaq və brendləşməni sürətləndirmək: Belə bir düşüncə mövcuddur ki, məhsul ixrac etmək üçün brend olmalıdır. Ancaq bu tam belə deyildir və ya biraz əksik qalır. Təbii ki brend məhsullar daha tez qəbul edilir və rəqbət görür. Ancaq burada xüsusilə qeyd etmək istəyirəm ki, ixrac brendləşmək tələb etdiyi kimi, brendləşmək də ixrac tələb edir. Və yuxarıda adını çəkdiyim ölkələr və habelə Almaniya kimi Avropa ölkəsi ixraca öncəlik tanıyan inkişaf strategiyalarını seçməklə və kiçik və orta böyüklükdəki müəssisələrin öz məhsullarını ixrac etməsini təşviq edən siyasətləri ilə həmişə ön plana çıxmışlar və bu minvalla şirkətlər məhsullarının brendləşməsi prosesində müsbət effektlər əldə etmişlər.
 Təbii ki bu prosesdə xarici bazarlardakı müsbət tendensiyaların əldə edilməsi istiqamətində səmərələşdirici,  təkmilləşdirici və mükəmməlləşdirici bilgi və üsulların tədbiq edilməsi ilə bu özünü doğruldacaqdır. Çünki ixrac müəyyən keyfiyyət parametrləri tələb edir və bu keyfiyyət parametrlərinin yaxşılaşdırılması brendləşmə istiqamətində mühüm rola sahibdir.  Məsələn, xüsusilə Avropa ölkələrinə ixrac ediləcək məhsullar üçün məhsulun təyinatına görə müxtəlif keyfiyyət və texniki parametrləri əhatə edən sertfikatlar tələb olunur ki, bunu əldə etmək üçün məhz keyfiyyətdə və digər sahələrdə düzəltmələrin və təkmilləşdirmələrin aparılması labüddür. Bu da nəticədə şirkətlər üçün uzunmüddətli  fayda  yaradır. Eyni zamanda başqa ölkələrdə məhsulların satılması və rəğbət göstərməsi və bunun yerli bazarda işıqlandırılması yerli istehlakçılara da müsbət təsir göstərəcəkdir və şirkət, brend və ya məhsul haqqında müsbət imic formalaşmasında əhəmiyyətli rol oynayacaqdır.
Nəticə olaraq istər ölkə miqyasında əhəmiyyətli dərəcədə böyük olan şirkətlər, istərsə də kiçik və orta  böyüklükdəki müəssisələr həmişə ixracı düşünməli və bu istiqamətdə real hərəkət etməlidirlər. Bunun üçün peşəkar kadrlara tələb olduqca böyükdür. Bu istiqamətdə fəaliyyət göstərən dövlət qurumları və özəl sektor nümayəndələri (təlim, tədris qurumları) qeyd edilən kadr potensialını yaratmaq haqqında real işə keçməlidirlər. Xarici bazar araşdırmaları, ixrac əməliyyatları, logistik əməliyyatlar haqqında kursların, proqram və dərslərin sayı artırılmalı və şirkətlərdən əməkdaşlar bu mövzularda proqramlara cəlb edilməlidirlər.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma